Ordu.az xəbər verir ki, Paşinyan bu barədə çıxışı zamanı danışıb.
“Bu gün elə siyasi qüvvələr var ki, deyirlər mütləq zəmanətçilərimiz olmalıdır və sair. Əslində isə zəmanətçilər mövzusu bizim üçün çox həssas məsələdir.
Çünki biz artıq belə bir rejimdə yaşamışıq. Müqavilə əsasında, hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanətlərimiz olub və həmin zəmanətçilər təhlükəsizliyimizi təmin etməli idilər.
Lakin həmin təhlükəsizlik zəmanətçilərindən biri Bakıya rəsmi səfəri zamanı açıq şəkildə bəyan etdi ki, 44 günlük müharibəyə hazırlıq prosesində iştirak edib. Söhbət Belarus prezidentindən gedir. Halbuki o şəxs bizim təhlükəsizlik zəmanətçilərimizdən biri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü idi.
Hər dəfə eyni səhvi təkrarlamaq yolverilməzdir. Biz deyirik ki, nəhayət, başqalarının bizi başqalarına qarşı istifadə edib sonra kənara atdığı bu dövrü arxada qoymalıyıq”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bu hal Ermənistan tarixində “rüsvayçı bir dövrə” çevrilib.
“Ən mühüm tarixi-siyasi dəyişiklik də budur. Biz artıq bəyan etmişik ki, başqalarının bizi öz maraqları üçün istifadə edib sonra kənara atmasına imkan verməyəcəyik. Burada heç bir ölkəyə və ya şəxsə qarşı hörmətsizlik yoxdur. Çünki bunu hörmətsizlik sayan şəxs bizə deməlidir ki, “xeyr, siz imkan verməlisiniz ki, sizi başqalarına qarşı istifadə edib sonra kənara ataq”.
Belə münasibət forması təklif oluna bilməz və olunmur. Zəmanətçilərlə bağlı müzakirələr mənə birbaşa bunu xatırladır: “Müharibə üçlüyü partiyası” bizə deyir ki, “bilirsiniz nə var, biz 9 aylıq uşağımıza baxa bilmirik, gəlin onu başqasının himayəsinə verək, uşaq evinə təhvil verək”. Biz isə deyirik ki, yox, buna imkan verməyəcəyik. Çünki bu sülh, sözün əsl mənasında, Ermənistan xalqının övladıdır. Bu sülhü xalq yaradıb. Əgər xalq bu yolla getməyə bizə imkan verməsəydi, bu sülh yaranmazdı”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az