Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Malayziya müdafiə naziri mayın 14-də cümə axşamı etdiyi açıqlamada bildirib ki, Norveçin Malayziya hərbi gəmilərində istifadə olunması planlaşdırılan “Naval Strike Missile” (NSM) sisteminə ixrac təsdiqlərini ləğv etməsi qərarından sonra ölkəsi təzminat tələb etməyi və hüquqi yollara müraciət etməyi düşünür.
“Reuters”in məlumatına görə, gərginləşən diplomatik böhranda müdafiə naziri Məhəmməd Xalid Nordin bildirib ki, Norveç mart ayında, raket sistemlərinin təhvil verilməsinə cəmi bir neçə gün qalmış təsdiqləri geri çəkərkən hökumət müqavilə məbləğinin təxminən 95 faizini artıq ödəmişdi.
Norveç istehsalçısı “Kongsberg” 2018-ci ildə 6 sahil döyüş gəmisi üçün NSM raketləri tədarük etmək məqsədilə Malayziya Kral Donanması ilə 124 milyon avroluq (145,23 milyon dollarlıq) müqavilə imzaladığını açıqlamışdı. Bu kontekstdə nazir Məhəmməd Xalid ötən gün etdiyi açıqlamada sistemi daha iki donanma gəmisinə də tədarük etmək üçün ikinci razılaşmanın mövcud olduğunu bildirib.
Nazirliyin “Reuters”ə təqdim etdiyi məlumata görə, jurnalistlərə verilən açıqlamada belə deyilib: “Hazırda hesablamalar aparırıq; təkcə ödəmiş olduğumuz məbləği deyil, həm də müqavilənin pozulmasından doğan zərərləri tələb edəcəyik”.
“Kongsberg” ötən həftə bildirib ki, lisenziyalaşdırma qərarları tamamilə Norveç rəsmiləri tərəfindən verilir və qüvvədə olan bütün qaydalara əməl edilib.
Məsələ ilə bağlı Norveç Xarici İşlər Nazirliyi də Oslonun ixrac nəzarəti qaydalarına görə Malayziyaya müəyyən müdafiə texnologiyalarının ixracı ilə bağlı bəzi lisenziyaların ləğv edildiyini təkrarlayıb. Nazirlik bunun Malayziyaya təsir etməsinin üzücü olduğunu deyərək, son illərdə hökumətin müdafiə texnologiyaları üzərində nəzarəti sərtləşdirməsi ilə Avropada və qlobal miqyasda təhlükəsizlik siyasəti mənzərəsinin ciddi şəkildə dəyişdiyini əlavə edib.
Açıqlamada həmçinin deyilib: “Norveç tərəfindən hazırlanan ən həssas müdafiə texnologiyalarından bəzilərinin ixracı yalnız müttəfiqlərimiz və ən yaxın tərəfdaşlarımızla məhdudlaşacaq”. Oslo Malayziya ilə münasibətlərə dəyər verdiyini və konstruktiv dialoq qurmağı səbirsizliklə gözlədiyini də vurğulayıb.
Norveçin təsdiqləri ləğv etməsi qərarından sonra Baş nazir Ənvar İbrahim bunu “tərəfli və qəbuledilməz” adlandırıb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığında bu qərara etiraz edib. İbrahim bildirib ki, bu qərar Malayziyanın müdafiə əməliyyat hazırlığı üçün ağır nəticələr doğuracaq və “şübhəsiz ki, regional balans üçün daha geniş təsirlərə malik olacaq”.
Baş nazir Ənvar İbrahim həmçinin deyib: “İmzalanmış müqavilələr ciddi sənədlərdir. Onlar istənilən şəkildə səpələnəcək konfetlər deyil. Əgər Avropalı müdafiə təchizatçıları cəzasız şəkildə sözlərindən dönmək hüququnu özlərində görürlərsə, strateji tərəfdaş kimi dəyərləri itib gedər”.
Malayziyanın 2011-ci ildə başladılan gəmi layihəsinin ilkin planına görə, 2022-ci ilə qədər nəzərdə tutulan 6 gəmidən 5-ni donanmaya təhvil verməsi gözlənilirdi. Lakin gəmilərin inşasına məsul yerli gəmiqayırma zavodu təhvili həyata keçirə bilməyib. Bu kontekstdə 2026-cı ilin avqustunda təhvil verilməsi planlaşdırılan ilk gəmi istehsalçıların göndərdiyi avadanlıqların gecikməsi və davam edən yenidən işləmə problemləri səbəbindən dekabr ayına təxirə salınıb.
“Reuters”ə görə, nazir Məhəmməd Xalid proqramın planlaşdırıldığı kimi davam edəcəyini, lakin raket sistemi quraşdırılmayacağını bildirib. Malayziyanın müxtəlif alternativləri də nəzərdən keçirdiyini deyən nazir əlavə edib ki, əvəzləyici hər hansı raket sistemi gəmilərin mövcud avadanlığı ilə uyğun olmalıdır və bu da prosesi mürəkkəbləşdirir.
Sevinc Əliyeva
Ordu.az