Trampın Pekin gedişi: Vaşinqton Moskva-Pekin oxunu parçalayır?

2026/05/1778912454.jpg
Oxunub: 652     10:18     16 May 2026    
Xarici KİV ABŞ prezidenti Donald Trampın Çinə səfərinin, onların ifadəsi ilə desək, “əsas nəticəsinə” toxunub. Bildirilir ki, Si Cinpin “bundan sonra İrana silah verməyəcəyinə” söz verib. Rusiyanın dövlət agentliyi TASS isə öz növbəsində Çin liderinin belə bir fikrini sitat gətirib: “Tayvanın müstəqilliyinin tanınması və regionda sülh bir-biri ilə uyğun gəlmir”.

Belə ehtimal etmək olarmı ki, tərəflər Çin tərəfindən İrana hərbi yardım göstərilməməsi, ABŞ tərəfindən isə Tayvanın müstəqilliyinin tanınmaması barədə razılığa gəliblər? Görünür, TASS-ın sitatı ABŞ prezidentinin Çin lideri ilə danışıqlarda “prinsipial geri addım atdığına” işarədir.

Bu kontekstdə ABŞ dövlət katibi Marko Rubio mühüm açıqlama verib. Onun sözlərinə görə, “bu gün Ukrayna Avropanın ən güclü ordusuna malikdir”. Rubio, görünür, ilk dəfə olduqca vacib məlumat açıqlayıb. Onun məlumatına əsasən, Rusiya ay ərzində yalnız ölənlər arasında 20-25 min itki verir, Ukrayna tərəfinin itkiləri isə bundan dörd dəfə azdır.

Bundan əvvəl də Avropa KİV-ləri jurnalist araşdırmalarına əsaslanaraq Rusiya-Ukrayna müharibəsinin itkiləri ilə bağlı oxşar statistika təqdim etmişdilər. ABŞ dövlət katibi, eyni zamanda prezident Trampın milli təhlükəsizlik üzrə baş müşaviri olduğundan, şübhəsiz ki, kəşfiyyat xidmətlərinin hesabatlarına əsaslanıb.

ABŞ dövlət katibinin açıqlamaları, təbii ki, siyasi məna daşıyır. Ukrayna ilə bağlı nizamlanma danışıqlarında Rusiyanın əsas arqumenti ondan ibarətdir ki, nizamlanma prinsipləri “yerdəki vəziyyəti əks etdirməlidir”.

Marko Rubio müharibədə Rusiyanın “dəhşətli itkilərini” açıqlamaqla sanki Moskvaya cavab verir və hərbi əməliyyatların dayandırılmasının Rusiyanın da maraqlarına uyğun olduğunu anlatmağa çalışır.

Vacib məqam odur ki, ABŞ dövlət katibi Rusiya-Ukrayna müharibəsinin “əsl simasını” Tramp-Si Cinpin danışıqlarından sonra ortaya qoyub. Belə ehtimal etmək olar ki, ABŞ və Çin liderləri ən azı Ukrayna məsələsini və Rusiya ilə münasibətləri də müzakirə ediblər.

Rusiya prezidenti Putinin Pekinə səfəri planlaşdırılır. Görünür, Rusiya-Çin hərbi ittifaqı baş tutmayacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Vaşinqton   Moskva   Pekin  


Bizi "telegram"da izləyin