Lukaşenko: “Belarusa humanitar yardımın üçdə ikisi ABŞ-dən gəlib”

2026/04/1776689956.jpg
Oxunub: 383     09:16     16 May 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, sanksiyalara baxmayaraq, 2025-ci ildə Belarusa daxil olan bütün humanitar yardımın üçdə ikisi ABŞ-dən gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşenko mayın 15-də “Billy Graham Evangelist Association”ın prezidenti və baş direktoru Franklin Qrehemlə görüş keçirib.

Belarus Prezidenti Franklin Qrehemə belaruslara göstərilən dəstək və yardıma görə təşəkkür edib.

“Biz bunu çox yüksək qiymətləndiririk. Məsələ həcmdə deyil. Düşünürəm ki, görüşümüzdən sonra siz Belarusa daha çox diqqət ayıracaqsınız. Amma siz əla iş görürsünüz. Bu yardım və dəstəyə görə sizə təşəkkür edirəm”, - deyə Lukaşenko bildirib.

Prezident qeyd edib ki, sanksiyalara baxmayaraq, ötən il Belarusa daxil olan bütün humanitar yardımın üçdə ikisi məhz ABŞ-dən gəlib.

“Amma amerikalılar yaxşı iş görür. ABŞ-nin bu humanitar yardımında sizin də payınız var. Sizə təşəkkür edirəm”, - deyə o vurğulayıb.

Lukaşenko ABŞ-nin xüsusi nümayəndəsi Con Koulun Belarus səfəri zamanı Franklin Qrehemin ona çatdırdığı mesaj üçün də təşəkkür edib.

“Siz başa düşürsünüz ki, ABŞ Prezidenti olmadan münasibətlərimizi qurmaq bəlkə də bizim üçün daha çətin olardı”, - deyə Belarus Prezidenti qeyd edib.

“Bilirəm ki, prezidentlə yaxşı münasibətləriniz var, görüşəndə ona ən xoş arzularımı çatdırın və deyin ki, Belarusda onun etibarlı dostları və tərəfdarları var”, - deyə Lukaşenko əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin