Almaniya “Ziesel” insansız quru platformasından SPIKE LR tank əleyhinə raketini uğurla buraxıb

2026/05/1778905648.jpg
Oxunub: 354     08:32     16 May 2026    
“Diehl Defence” şirkəti hazırladığı “Ziesel” insansız quru platformasından SPIKE LR tank əleyhinə raketinin uğurla buraxıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, real döyüş sursatı ilə keçirilən sınaqlar Almaniyanın insansız quru döyüş sistemləri sahəsindəki fəaliyyətində mühüm mərhələ hesab olunur.

Sınaqlar İsrailin “RAFAEL Advanced Defense Systems” və “EuroSpike GmbH” şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

“Diehl Defence”in mayın 15-də yaydığı açıqlamaya görə, sınaqlar zamanı yüngül tırtıllı “Ziesel” platformasının raket atışı zamanı yaranan struktur yük və geri təpmə təsirlərinə qarşı dayanıqlılığı qiymətləndirilib.

Şirkət bildirib ki, platforma atışlar boyunca tam əməliyyat performansını qoruyub və şassi, asqı sistemi ilə elektron sistemlərdə heç bir performans itkisi qeydə alınmayıb.

SPIKE LR NATO ölkələri tərəfindən geniş istifadə olunan və döyüş meydanında özünü sübut etmiş tank əleyhinə raket sistemi kimi tanınır.

Elektro-optik yönləndirmə sisteminə malik raket “atdım-unutdum” və “atdım-yenilədim” rejimlərində fəaliyyət göstərə bilir.

Müxtəlif konfiqurasiyalardan asılı olaraq 5,5 kilometrə qədər mənzilə çata bilən sistem əsas döyüş tanklarına, möhkəmləndirilmiş hədəflərə və hərəkətli nəqliyyat vasitələrinə qarşı istifadə oluna bilir.

“Ziesel” platforması “Diehl Defence” tərəfindən hazırlanan PLATON avtonomluq paketi sayəsində avtonom naviqasiya, marşrut planlaşdırılması və tapşırıq icra imkanlarına malikdir.

Bu arxitektura operator yükünü azaldır və insanlı ilə insansız platformaların birgə fəaliyyətinə imkan yaradır.

“Diehl Defence” bildirib ki, “Ziesel” platforması logistika, kəşfiyyat və yaralıların təxliyəsi missiyaları ilə yanaşı silahlı variantı ilə də müxtəlif istifadəçilər tərəfindən qiymətləndirilir.

Şirkət sistemin Almaniya və Ukrayna daxil olmaqla bir çox ölkənin silahlı qüvvələri tərəfindən sınaqdan keçirildiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ziesel   SPIKE-LR  


Bizi "telegram"da izləyin