Ordu.az xəbər verir ki, bunu 168 TV-nin “Review” proqramının efirində Ermənistanın keçmiş baş naziri (1992-93-cü illər) Xosrov Harutyunyan Ermənistan ətrafında gedən regional proseslərdən danışarkən bildirib.
“Xarici təhdidləri neytrallaşdırmağın əsas resursu bizim coğrafi mövqeyimizdir. Məsələ həmin mövqeyi geosiyasi potensiala çevirməkdədir. Əgər sən coğrafi mövqeyini geosiyasi potensiala çevirmirsənsə, yəni həmin coğrafi üstünlükdən istifadə edərək beynəlxalq əhəmiyyətli meqalayihələrdə iştirak etməyə çalışmırsansa və nəticədə öz təhlükəsizliyində həmin layihələrin əsas iştirakçılarının maraqlı olmasını təmin etmirsənsə, onda coğrafi mövqeyin sənə heç nə vermir.
Bu baxımdan Azərbaycanı Zəngəzur vasitəsilə Naxçıvanla birləşdirmək, daha sonra isə İğdır üzərindən Qarsa çıxarmaq Ermənistana heç nə vermir. Hətta daha artıq deyim, Zəngəzur bizim üçün eyni “Hörmüz”dür. Hörmüz İran üçün hansı əhəmiyyətə malikdirsə, Zəngəzur da bizim “Hörmüz”ümüzdür və onun kiminsə birbaşa və ya dolayı, qısamüddətli və ya uzunmüddətli nəzarəti altına verilməsi qətiyyən yolverilməzdir”, - deyə Harutyunyan bildirib.
Keçmiş erməni baş nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpinin Pekində başlayan danışıqları bəlkə də yeni ikqütblü dünya düzəninin formalaşmasının başlanğıcıdır.
“Görək bu danışıqlar hansı nəticələri verəcək. Aydındır ki, ABŞ Çin iqtisadiyyatının və Çinin dünya iqtisadi təsirinin genişlənməsindən narahatdır və bu, təbiidir. ABŞ-dən fərqli olaraq Çin dövlətlərarası münasibətlərini açıq güc nümayişi və kobud güc vasitəsilə deyil, tərəflər üçün faydalı təkliflər üzərindən qurur. Bunlar adətən infrastruktur xarakterli investisiyalar olur və həmin ölkələr üçün çox sərfəli sayılır, nəticədə Çin də bundan fayda əldə edir.
Çinlilər tamamilə fərqli siyasət yürüdür və bu siyasət bu gün tamamilə əsaslandırılmış görünür. Üstəlik, Çinin “qlobal cənub”dakı təsiri müqayisəolunmaz dərəcədə böyükdür və həmin ölkələr Çin simasında qarşılıqlı faydalı təşəbbüslər prinsipi ilə hərəkət edən etibarlı tərəfdaş görürlər. Halbuki ABŞ “sövdələşmə prinsipi” ilə fəaliyyət göstərir.
“Sizə təhlükəsizlik lazımdır? Ödəyin, mən sizin təhlükəsizliyinizi təmin edim”. Bunlar tamamilə fərqli ölkələrdir. İranla qarşıdurma nəticəsində Körfəz ölkələrinin vəziyyəti də bu baxımdan kifayət qədər həssas hala gəlib. Buna görə də yəqin ki, qlobal dünya iqtisadi inkişafının bu iki konsepsiyası arasındakı rəqabətin şahidi olacağıq. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, biz gələcək ikqütblü qlobal sistemin təməlinin qoyulmasının şahidi oluruq.
İqtisadi baxımdan çinlilər açıq şəkildə liderdirlər və indi nüvə imkanları baxımından da ABŞ və Rusiyaya çatmağa çalışırlar. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik, çünki qeyri-müəyyənlik çoxdur. Təkcə Yaxın Şərqdəki bu qarşıdurma göstərdi ki, qlobal iqtisadi sistem nə qədər həssasdır”, - deyə Harutyunyan bildirib.
Bu kontekstdə o qeyd edib ki, ABŞ İran əleyhinə müharibə başladaraq istər-istəməz İranı qlobal təsirə malik oyunçuya çevirir.
Harutyunyan vurğulayıb ki, İranın dayanıqlığının əsas sütunları ciddi şəkildə öyrənilməlidir.
Harutyunyanın sözlərinə görə, məhz bu amillər İran İslam Respublikasına dünyanın bir nömrəli supergücünə və onun müttəfiqinə uğurla müqavimət göstərməyə imkan verib.
O, xüsusilə İran cəmiyyətinin dəyərlər sisteminə və dövlətçilik faktoruna diqqət çəkib. Harutyunyan bildirib ki, ali liderin və bir sıra hərbi-siyasi rəhbərlərin öldürülməsinə baxmayaraq, İran xalqı öz birliyini qoruyub və xarici təhlükə qarşısında səfərbər olub.
Sabiq erməni baş nazirin fikrincə, İran fenomeni bu gün erməni kimliyinin dəyərlər sisteminin hakimiyyət tərəfindən sistemli “hibrid” hücumlara məruz qaldığı Ermənistan üçün yaxşı nümunədir.
“40 ildir İran ağır sanksiyalar altındadır, amma tibb sahəsində dünyada 4-cüdür, implant istehsalında isə 2-cidir. PUA istehsalı, reaktiv imkanlar, hipersəs raketlərinin hazırlanması, bütün bunlar göstərir ki, İranın elmi-texnoloji səviyyəsi bu 40 il ərzində azalmayıb, əksinə yüksəlib. Onlar bu vəziyyətdən ruhdan düşməyiblər, əksinə, bütün təzyiqlərə qarşı dayanmağa qadir olduqlarını anlayaraq daha da motivasiya olublar.
Dəyərlər sisteminin mənası budur. Əgər bunu Ermənistan reallığına tətbiq etsək, hansısa “hibrid” təsirlərdən danışırlar. Amma bağışlayın, hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət erməni kimliyinə qarşı ən real hibrid müharibədir. Bu açıq-aşkardır. Çox sadə sual vermək istəyirəm: bizə Ağrı dağının əhəmiyyətini azaltmağı Rusiya məcbur edib? Əlbəttə ki, yox”, - deyə o bildirib.
Harutyunyan hesab edir ki, hətta Türkiyə belə addımları Paşinyana diktə etməyib.
O vurğulayıb ki, əsas silah erməni xalqının mənəvi irsidir və xalq həmişə bu dəyərlər sistemi ətrafında birləşməlidir.
Regional vəziyyətə qayıdan Harutyunyan Rusiya və İranla münasibətlərə, “Avropa ölkələrinin Ermənistana yürüşünə”, Avropa sammitlərinə də toxunub və Fransa prezidenti Emmanuel Makronun İrəvandakı bəyanatlarına cavab verib.
“Bizim ərazimizdən öz geosiyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Makron Rusiyanı 44 günlük müharibədə Ermənistana kömək etməməkdə ittiham edirdi. Cənab Makron, 44 günlük müharibə zamanı siz nə etdiniz? Bir dəfə atəşkəs yaratmağa çalışdınız, amma alınmadı. 44 günlük müharibə məhz Rusiyanın təşəbbüsü və birbaşa səyləri ilə dayandırıldı. Bu, faktdır. Üçtərəfli bəyanatın altında Makronun imzası yoxdur... Makronun etdiyi Qarabağı Azərbaycana vermək idi. Deyir ki, sərhədlərdə 4000 rus əsgəri var. Məgər siz gəlib Ermənistanın sərhədlərini qoruyacaqsınız? Siz 1920-ci ildə bir Kilikiyanı belə qoruya bilmədiniz.
Yeri gəlmişkən, deyim ki, son 30 ildə mənim dərin əminliyimə görə Makron Fransanın ən anti-erməni prezidentidir və Fransa erməniləri də bunu bilməlidir. Demək istəyirəm ki, bu Avropa yürüşü Paşinyana seçkiqabağı piar dəstəyi verməkdən başqa Ermənistan üçün heç bir məsələni həll etməyib. Makron yalan danışır, çünki elə 2018-ci ildə Ermənistanda Frankofoniya sammiti keçirilmişdi...”, - deyə o vurğulayıb.
Harutyunyan əmindir ki, qarşıdakı seçkilər nəticəsində keyfiyyətcə yeni hakimiyyət formalaşacaq.
Alpər Mövludoğlu
Ordu.az