Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Bakıda sanksiyalara riayət olunması və maliyyə risklərinin idarə edilməsi məsələlərinə dair konfransda bildirib.
Onun sözlərinə görə, Avropa ilə Asiyanı birləşdirən regional nəqliyyat qovşağı olaraq, Azərbaycan regional və dünya ticarətində mühüm rol oynayır.
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yeganə əvəzolunmaz iştirakçısı kimi Azərbaycanın strateji mövqeyi onu qlobal kommersiyada və beynəlxalq təchizat zəncirlərinin bütövlüyünün təmin edilməsində artan bir oyunçuya çevirir. Bundan əlavə, TRIPP yalnız Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirməyəcək, həm də Transxəzər marşrutunun böyüməsinə əlavə təkan verəcək.
Regionun əsl habı olmaq üçün Azərbaycan bu və digər iri tranzit yollarında sanksiyalara ciddi riayət olunmasında mərkəzi rol oynamalıdır", - E. Karlon deyib.
Amerikalı diplomat həmçinin vurğulayıb ki, ticarətin həcmini və sürətini nəzərə alaraq, bəzi subyektlər ikili təyinatlı malların və digər həssas məhsulların daşınması üçün bu marşrutlardan istifadə etməyə cəhd göstərə bilərlər.
"Bu ticarət axınlarının şəffaflığını və sanksiya rejimlərinin səmərəliliyini qorumaq üçün həm dövlət, həm də biznes tərəfindən dəstəklənən sayıq nəzarətə və etibarlı komplayens mexanizmlərinə ehtiyacımız var", - o əlavə edib.
Ordu.az