Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Putin açıq şəkildə ultimativ mərhələyə keçir. Niyə məhz indi” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Putin deyib ki, bu mövzu baş nazir Paşinyanla bir neçə dəfə müzakirə olunub və bunda qeyri-adi heç nə görmür.
“Əslində, o da bunu təsdiq edər, mən ona artıq bir neçə dəfə demişəm və indi bunu açıq şəkildə də təkrar edə bilərəm, erməni xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcəyik”, - deyə Putin bildirib və əlavə edib ki, əgər erməni xalqı üçün bu və ya digər qərar faydalıdırsa, Rusiya buna qarşı olmayacaq.
Müəllif bildirib ki, eyni zamanda, Rusiya Prezidenti həm özləri, həm də tərəfdaşları üçün mühüm hesab etdiyi bir sıra məqamlara da diqqət çəkib. “Məsələn, bizim Ermənistanla ticarət dövriyyəmiz hazırda azalıb, ötən il, ondan əvvəlki il daha çox idi, amma yenə də 2025-ci ildə 7 milyard dollar olub. Əgər nəzərə alsaq ki, ölkənin ÜDM-i 29 milyarddır, bu ciddi göstəricidir və Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində mühüm üstünlüklər əldə edir”, - deyə Putin qeyd edib. Onun sözlərinə görə, həm Ermənistan əhalisi və vətəndaşları, həm də Rusiyaya, əsas iqtisadi tərəfdaşa münasibətdə mümkün qədər tez mövqe müəyyənləşdirmək düzgün olardı, məsələn, referendum keçirmək. O hesab edir ki, bu, onların işi deyil. Amma Putin davam edərək bildirib ki, prinsip etibarilə referendum keçirmək və Ermənistan vətəndaşlarından soruşmaq məntiqli olardı, onların seçimi necə olacaq? “Buna uyğun olaraq biz də müvafiq nəticələr çıxarar və yumşaq, intellektual və qarşılıqlı faydalı boşanma yoluna gedərdik”, - deyə Putin bəyan edib.
Müəllifin yazdığına görə, Putin bildirib ki, Avrasiya İqtisadi Birliyinin növbəti sammiti zamanı Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını müzakirə etməyi təklif edib.
“Lakin Paşinyan mayın 28-29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak etməyəcəyini açıqlayıb. Baş nazir bunu seçki kampaniyası ilə izah edib. İclasda onu baş nazir müavini Mher Qriqoryan əvəz edəcək.
Paralel olaraq, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ermənistanın ambisiyalarına dair açıqlaması da yayılıb. Kos bildirib ki, Avropa Ermənistanın Aİ-yə üzv olmaq istəklərini dəstəkləyəcək.
“Yalnız Ermənistan xalqı öz gələcəyini müəyyən edə bilər. Avropa Siyasi Birliyinin son görüşü, eləcə də Aİ-Ermənistan sammiti onların getmək istədiyi yolu göstərdi və Avropa onları dəstəkləyəcək”, - deyə Kos bildirib.
Bu gün keçirilən brifinq zamanı Paşinyan bildirib ki, seçim etməyə ehtiyac yaranana qədər Ermənistan belə bir məsələni gündəliyə çıxarmayacaq. “Mən “boşanma” ifadəsi ilə də razı deyiləm. Mən parlamentdə də demişəm ki, biz bəzən dövlətlərarası münasibətləri evliliklə qarışdırırıq. Ermənistan dövlətlərarası münasibətlərdə dövlətlərarası məntiqlə rəhbərlik edir və biz AİB-nin tamhüquqlu üzvüyük, digər üzvlər kimi, AİB üzvü olduğumuz müddətdə bütün qərarların qəbulunda tam iştirak edirik. Nə qədər ki, belə bir zərurət yaranmayıb, biz bu cür məsələni gündəmə gətirməyə hazırlaşmırıq. Zərurət yarananda referendum keçirərik”, - deyə Paşinyan bildirib.
O bir daha vurğulayıb ki, “bizim Rusiya maraqlarına zərər vurmaq nə məqsədimiz olub, nə var, nə də olacaq”.
“Ermənistan dövlət maraqlarına əsaslanaraq fəaliyyət göstərməyə və Rusiya Federasiyası ilə münasibətlərimizi daha da dərinləşdirməyə davam edəcəyik, bu anlayışla ki, bu münasibətlərdə qaçılmaz transformasiya baş verir”, - deyə Paşinyan bildirib və əlavə edib ki, Avropa İttifaqı ilə gələcək münasibətlərin dərinləşdirilməsi və Aİ-yə üzvlük prosesinə başlamaq barədə qanunun məntiqinə uyğun irəliləmək, yəni demokratik islahatları davam etdirmək yolu ilə gedəcəklər”, - deyə nəşr qeyd edib.
Məqalədə qeyd olunub ki, Vladimir Putinin “yumşaq və intellektual boşanma” ifadəsindən istifadə etməsi təsadüfi deyil. Bu, Moskvanın aydın strategiyasından xəbər verir.
“Əgər əvvəl Rusiya müəyyən rıçaqlarla Ermənistanın Qərbə doğru sürüşməsini dayandırmağa çalışırdısa, indi “açıq kartlarla” oyuna keçir və İrəvanı ultimativ seçim qarşısında qoyur. Referendum keçirilməsi təklifi də diqqətçəkicidir, bununla Rusiya hakimiyyəti başa salır ki, bu məsələdə qərarı təkbaşına hökumət verməməlidir.
Bu açıqlamalarla Moskva mesaj verir ki, “iki stulda oturmaq” dövrü başa çatır və iqtisadi güzəştlər birbaşa siyasi loyallıqla əlaqələndirilir. İqtisadi amil əsas təzyiq aləti kimi Kremlin əlində qalır”, - deyə müəllif yazıb.
Məqalədə vurğulanıb ki, Putin tərəfindən Ermənistanın ÜDM-i və ticarət dövriyyəsi ilə bağlı rəqəmlərin xatırladılması, Ermənistanın Aİ üzvlüyünə namizədlik üçün ödəməli ola biləcəyi mümkün iqtisadi qiymətlə bağlı xəbərdarlıqdır.
“Bu kontekstdə AİB-in növbəti sammitində Ermənistan məsələsini müzakirə etmək niyyəti “kollektiv təzyiq” mexanizminin tətbiqi kimi də dəyərləndirilə bilər. Belə ki, Moskva ittifaqın digər üzvləri vasitəsilə Ermənistanın Avropa vektorunu qoruduğu təqdirdə onun təcrid olunmuş vəziyyətini göstərməyə çalışacaq.
Paşinyan hakimiyyəti “ya bu, ya o” sualının son anını mümkün qədər gecikdirməyə çalışır, ümid edir ki, Avropaya inteqrasiya aydın perspektivə malik olmadığı bir şəraitdə Rusiya ilə iqtisadi əlaqələri saxlaya biləcək. Lakin Paşinyanın Astanadakı sammitə qatılmaması siyasi uçurumun dərinləşdiyini bir daha göstərir və bu, artıq ən elastik diplomatik ifadələrin altında belə gizlətmək çətin olan bir vəziyyətdir.
Gələcək gedişata gəlincə, Ermənistan xarici siyasətdə mürəkkəb mərhələyə daxil olur. Bu mərhələdə Rusiya ən yüksək səviyyədə Ermənistan qarşısında məsələlər qoyur. Aİ isə, Marta Kosun timsalında, dəstək vəd edir, amma həmin dəstəyin vasitələri və sürəti hələlik Rusiya ilə iqtisadi hətta belə adlandırılan “yumşaq boşanma” nəticəsində yarana biləcək çağırışlara uyğun deyil. Mütəxəssislərə görə, Ermənistan qısa müddətdə nə iqtisadiyyatını, nə də təhlükəsizlik sistemini şaxələndirə bilməz. Buna görə də xüsusilə Rusiyanın rıçaqları nəzərə alınarsa, Moskvanın irəli sürdüyü “seçim anı” daxili siyasi və iqtisadi silkələnmələrə səbəb ola bilər”, - deyə müəllif bildirib.
Nəşrə görə, vəziyyət onu göstərir ki, yaxın aylarda Ermənistan üçün seçim ətrafında inkişaflar kəskin olacaq.
“Bu, elə bir dövrə təsadüf edir ki, Ermənistan ümumrespublika seçkilərinə hazırlaşır. Rusiyanın təklif etdiyi “intellektual boşanma” sadəcə ifadə deyil, Rusiya lideri bununla Ermənistanı başa salır ki, avrointeqrasiya onu həm AİB üzvlüyündən əldə etdiyi iqtisadi üstünlüklərdən, həm ucuz qaz qiymətlərindən, həm də bir sıra başqa güzəştlərdən məhrum edəcək.
Moskva açıq şəkildə bildirir: Ermənistan həyati əhəmiyyət daşıyan iqtisadi resurslardan məhrum ola bilər və bu, hesablamalara görə, İrəvanı ya mövcud xarici siyasi xətti qorumağa, böyük çağırışlardan keçməyə, ya da xarici siyasət ambisiyalarını yenidən nəzərdən keçirməyə məcbur etməlidir. Amma diqqətçəkən məqam budur ki, İrəvan yaxşı anlayır ki, Ermənistanın görünən gələcəkdə avrointeqrasiya perspektivi olmayacaq. Buna görə də Paşinyan islahatların aparılması zərurətindən danışır, lakin Ermənistanın Aİ-yə üzvlük istəyini açıq şəkildə formalaşdırmır. Bu isə məqsəd kimi Brüssel üçün maraqlı deyil, buna görə də İrəvan da mövzunu qaldırmır.
Putinin bu sərt ritorikası Ermənistanda 2026-cı il mayın 4-də keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitindən sonra gəlib. Bu, Avropa elitasının və NATO-nun baş katibinin KTMT üzvü olan bir ölkənin paytaxtında ilk dəfə bir araya gəlməsi idi. Sammitdən bir neçə gün sonra Putinin reaksiyası həmin hadisənin yaratdığı siyasi effekti neytrallaşdırmaq və regionda “real” qərar verənin hələ də Rusiya olduğunu göstərmək məqsədi daşıyır.
Digər həlledici amil isə 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləridir. Ermənistan seçkiqabağı gərgin mərhələdədir və Kreml xarici siyasi vektor məsələsini seçki diskursunun bir hissəsinə çevirməyə çalışır. İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti Moskvanı açıq ultimatumlara keçməyə vadar edən nöqtəyə çevrildi və bununla da Avropa perspektivi üçün ödəniləcək qiymətin ciddi olacağını göstərdi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az