Ermənistanın sabiq XİN rəhbəri: “Ermənistan-Rusiya münasibətləri gərginləşib. Paşinyan diplomatiyadan uzaq adamdır”

2026/03/1774718342.jpg
Oxunub: 363     12:22     14 May 2026    
“Bir neçə həftə əvvəl Moskvada keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin Paşinyanı Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı ikililiyi məsələsində fakt qarşısında qoyub və Paşinyan orada çox ciddi diplomatik səhv buraxıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.

“Paşinyan dedi ki, hələlik ziddiyyət yoxdur, bu cür davam edək, sonra baxarıq. Açığı, 7-ci sinif şagirdi də, yəqin ki, belə cavab verməzdi. Məişətdən bir nümunə ilə daha aydın deyim. Tutaq ki, evlənmisən, həyat yoldaşın sənin məşuqən olduğunu aşkar edir və səni fakt qarşısında qoyur, deyir ki, seçim et. Sən isə deyirsən ki, bilmirəm, məşuqə mənimlə evlənəcək, ya yox. Hələ ziddiyyət yoxdur, birlikdə yaşamağa davam edək, sonra o qərar verəndə mən də istiqamətimi müəyyən edərəm. Bu, dəhşətli səhv cavabdır və diplomatik deyil.

O vaxt bir anlıq düşündüm ki, bəlkə də həmin mühitdə Paşinyan gözlənilmədən belə cavab verib. Amma iki gün əvvəl jurnalistlərin sualına o, yenə eyni cavabı verdi. Paşinyan heç vaxt diplomatiya bilməyib, ondan uzaq olub və başımıza gətirdiyi bütün bu fəlakətlər əsasən ondan qaynaqlanır ki, Paşinyan diplomatiyadan kilometr uzaq adamdır. O, diplomatiyanın nə olduğunu nə vaxtsa da bilməyib, bu gün də bilmir və bu səkkiz il ərzində ümumiyyətlə heç nə öyrənməyib. Qarşısında seçim məsələsi yarananda həmişə səhv seçim edib”, - deyə Oskanyan bildirib.

Onun sözlərinə görə, İrəvanda Avropa Siyasi Birliyi və Ermənistan-Aİ sammitlərinin nümayiş xarakterli təşkili də səhv seçimin, səhv diplomatik fəaliyyətin nəticəsi olub. “Bu sammitlər nəticəsində Ermənistan-Rusiya münasibətləri daha da gərginləşib və Ermənistanın qarşısında dayanan ikili seçim daha da dərinləşib”, - deyə o vurğulayıb.

Oskanyan bildirib ki, Paşinyan səhv yolun üzərindədir və Ermənistanın özünü belə bir seçim qarşısında qoymağa heç vaxt ehtiyacı olmayıb.

O qeyd edib ki, hazırda Ermənistan-Aİ münasibətləri müstəqilliyin 30 illik dövründə ən aşağı səviyyədədir, əvəzində isə şou elementi artıb. “Mənim 10 illik fəaliyyətim dövründə həmin münasibətlər daha məzmunlu və dərin olub, Ermənistan bundan nəticə əldə edib. Həm Aİ, həm də BMT ilə paralel olaraq Rusiya, ABŞ və digərləri ilə çox yaxşı münasibətlər saxlanılıb.

Aİ ilə sammitlər olub, NATO ilə də eyni. O 10 il ərzində NATO-nun bütün fəaliyyətdə olan baş katibləri Ermənistana gəliblər. Aİ ilə çoxsaylı sammitlər, görüşlər olub, praktik nəticələr əldə olunub, maddi yardım verilib, investisiya qoyulub. Ermənistan ticarət üstünlükləri əldə edib, hətta vizaların liberallaşdırılması məsələsində də irəliləyiş olub. Paşinyan özü biometrik pasportlarla bağlı bütün prosesi dayandırıb, bu da bizi illərlə viza liberallaşdırılması məsələsində geri salıb. Bu 6-8 il ərzində heç bir ciddi Avropa şirkətinin investisiyası olmayıb”, - deyə keçmiş erməni xarici işlər naziri bildirib.

Onun təqdimatına görə, Nikol Paşinyan elə bir növ razılaşmaların içərisinə daxil olub ki, artıq oradan çıxmaq imkanını itirib. “Bunun yeganə həlli Paşinyanın getməsidir və məncə, biz bu imkanı çox tezliklə əldə edəcəyik”, - deyə Oskanyan bildirib.

O, Nikol Paşinyanın əgər seçilməsə müharibə olacaq barədə bəyanatını yalan adlandırıb. “Mən hesab edirəm ki, belə bir məsələni ortaya qoymaq artıq cinayət məsuliyyəti ilə əlaqəli ola bilər. Çünki sən öz xalqını belə bir təhdid qarşısında qoyursan, heç bir ciddi əsas olmadan.

Qalib qüvvələrin proqramlarında elə bir şey yoxdur ki, kiminsə ağlında onların qələbəsinin müharibəyə və ya buna bənzər nəticələrə gətirib çıxara biləcəyi barədə şübhə yaratsın. Bu, tamamilə yalandır. Amma digər tərəfdən tam həqiqətdir ki, əgər Paşinyan seçilsə, Ermənistanın iqtisadi vəziyyəti daha da ağır olacaq. Bunun sübutu da var: Rusiya Prezidentinin son bəyanatı. Rusiya çox sərt məsələ qoyub və Paşinyanın seçilməsi halında bizim çox ciddi iqtisadi, təhlükəsizlik və enerji problemlərimiz olacaq ki, bu da xalqımızın gündəlik həyatına mənfi təsir göstərəcək”, - deyə Oskanyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oskanyan  


Bizi "telegram"da izləyin