Ordu.az xəbər verir ki, bunu Florensiyada çıxışı zamanı Avropa Şurasının rəhbəri Antoniu Koşta bildirib.
“Biz ABŞ ilə münasibətlərdə sahib olduğumuz şeyi qorumağa çalışmalıyıq və sakitliyi saxlamağa, fəaliyyətimizi davam etdirməyə çalışırıq”, - deyə Koştanın sözlərini “Financial Times” qəzeti sitat gətirib.
Koşta əlavə edib ki, Aİ-nin prioriteti “ticarəti sabitləşdirmək, NATO daxilində vəziyyəti sabitləşdirmək və hamını prosesə cəlb olunmuş vəziyyətdə saxlamaqdır”.
“Bizim yanaşmamız budur”, - deyə o vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına yönəlmiş tənqidi fikirləri ilə bağlı danışan Koşta Aİ-nin bu açıqlamalara cavab vermək istəməməsini zarafatla birliyin yaşı ilə əlaqələndirib.
“Biz 1950-ci illərdə yaradılmışıq. Sosial şəbəkələrdə o qədər də yaxşı deyilik. Hər tvitə cavab verməməyi üstün tuturuq”, - deyə siyasətçi bildirib.
Tramp mayın 1-də Aİ-dən idxal olunan avtomobil və yük maşınlarına 25 faiz gömrük rüsumu tətbiq etmək niyyətində olduğunu açıqlamışdı. O bunu Avropa İttifaqının ABŞ ilə ticarət razılaşmalarını yerinə yetirməməsi ilə əsaslandırmışdı.
Cümə axşamı isə ABŞ lideri Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə danışdığını və Brüsselə ticarət sazişi üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün iyulun 4-dək vaxt verməyə razılaşdığını bildirib.
Sevinc Əliyeva
Ordu.az