Rusiya PUA zərbəsi səbəbindən ölkənin cənubunda uçuşları mayın 12-dək dayandırır

2026/05/1778238628.jpg
Oxunub: 319     15:08     08 May 2026    
Rusiya hakimiyyəti Rostov-Don şəhərindəki dispetçer mərkəzinə pilotsuz uçuş aparatının zərbəsi endirilməsi səbəbindən cənub bölgələrində hava hərəkətinə məhdudiyyətlər tətbiq edir.

Ordu.az xəbər verir ki, həmin mərkəz hər gün təxminən 2 min mülki reysi, o cümlədən minə yaxın tranzit uçuşunu koordinasiya edir.

Pilotlar üçün nəzərdə tutulan NOTAM bildirişinə əsasən, Rusiyanın cənubunda hava məkanı mülki təyyarələr üçün mayın 11-i saat 23:59-dək bağlı olacaq. Məhdudiyyətlər digər ölkələrə gedən və məhdudiyyət zonasından keçən tranzit reyslərə də şamil olunacaq.

“FlightRadar” məlumatlarına görə, hazırda Rusiya cənub bölgələri üzərindən uçuşlar faktiki olaraq dayandırılıb. Nəqliyyat Nazirliyi cümə günü Rusiyanın cənubuna yönələn uçuş proqramının “ixtisar ediləcəyini” xəbərdar edib.

“Kommersant” qəzetinin nazirliyin açıqlamasına istinadən verdiyi məlumata görə, hazırda mütəxəssislər Rostov-Don regional dispetçer mərkəzinə dəyən ziyanın həcmini və zədələnmiş avadanlığın fəaliyyətinin bərpası imkanlarını qiymətləndirirlər.

Nəqliyyat naziri Andrey Nikitin bağlanmış hava limanlarının sərnişinlərinin qatar və avtobuslarla daşınmasını tapşırıb.

Ümumilikdə 13 hava limanının fəaliyyəti dayandırılıb. Bunlar Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarıdır.

Rusiya Turoperatorlar Assosiasiyasının (ATOR) məlumatına görə, 80-dən çox reys təxirə salınıb və ya ləğv olunub, azı 14 min sərnişin isə uçuş gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Uçuş  


Bizi "telegram"da izləyin