“Mühasirəyə Alınmış Qala” Strategiyası: İranın Uzunmüddətli Müqavimət Planı Sona Çatır?

2026/05/1778236706.jpg
Oxunub: 703     14:56     08 May 2026    
“Axsios”un məlumatına görə, ABŞ İrana 14 maddədən ibarət “Qarşılıqlı Anlaşma Memorandumu” layihəsi təqdim edib və 48 saat ərzində cavab gözləyir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqayi bu məlumatı təsdiqləyərək bildirib ki, sənəd “araşdırılır”.

Beynəlxalq nüfuzlu media orqanları və ekspertlər hadisələrin sonrakı inkişafı ilə bağlı ehtimallar irəli sürdükləri vaxt məlum olub ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iranlılara müraciətlə çıxış edib və onları maksimum qənaət rejiminə keçməyə çağırıb.

Qalibaf bildirib ki, düşmən “dəniz blokadası, iqtisadi təzyiqlər və media-təbliğat vasitəsilə İranı daxildən boğmağa çalışır”. Bu sınaqdan çıxmaq üçün o, İran diasporuna müraciət edərək maliyyə vəsaitlərini İran hökumətinin sərəncamına verməyə çağırıb.

Parlament sədri İranın “Bəsic” hərbiləşdirilmiş qurumuna da müraciət edib və şəhərlərin hər məhəlləsində, kənd yaşayış məntəqələrinin hamısında gecə-gündüz növbətçilik təşkil etməyi, əhali ilə yerli hakimiyyət orqanları arasında əlaqəni təmin etməyi tələb edib.

Məhəmməd Baqir Qalibafın müraciəti göstərir ki, İran artıq imkanlarının tükənmə həddinə çatıb, lakin ABŞ-nin təqdim etdiyi “Memorandum” layihəsini qəbul etmək niyyətində deyil. Əgər İran rəhbərliyi Amerika şərtləri ilə atəşkəsin yekun şəkildə təsdiqlənməsinə meylli olsaydı, parlament sədri maksimum qənaətə, birliyə, ictimai təbəqələr arasında qarşılıqlı yardıma çağırış etməz, İran diasporundan maliyyə və digər yardımlar istəməzdi.

Qalibafın müraciətindən belə nəticə çıxarmaq olar ki, İran “mühasirəyə alınmış qala” prinsipi ilə uzunmüddətli müqavimətə hazırlaşır və hesab edir ki, ABŞ hərbi əməliyyatları “yenidən başlamayacaq”. Bu ehtimal real görünür. Müharibəni davam etdirmək üçün prezident Tramp Konqresin razılığını almalıdır və bu da demokratlarla respublikaçılar arasında kəskin müzakirələr deməkdir.

Məsələ ondadır ki, dəniz blokadası şəraitində İran nə qədər və necə müqavimət göstərə biləcək. “Bəsic”ə verilən təlimat faktiki olaraq daxili iğtişaşların qarşısını almağa hesablanıb. İran Fars körfəzi ölkələri ilə münasibətləri daha da gərginləşdirib.

Bunun əvəzində məlumatlara görə, Pakistan sərhəddə bir neçə əlavə keçid məntəqəsi açıb ki, İran minimum zəruri yükləri ala bilsin. Əgər İranın blokadası davam edərsə, Rusiya tədarük həyata keçirəcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin