TUSAŞ CEO-su təsdiqlədi: KAAN-ın İspaniyaya satışı üçün danışıqlar başlayıb

2026/05/1778231314.jpg
Oxunub: 559     13:04     08 May 2026    
TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu İspaniya ilə KAAN üçün hökumətlərarası danışıqlar aparıldığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, KAAN NATO və Aİ ölkəsinə ixrac edilən ilk türk 5-ci nəsil qırıcı təyyarəsi ola bilər.

Türkiyənin beşinci nəsil döyüş təyyarəsi KAAN Avropa müdafiə gündəmində getdikcə daha çox önə çıxarkən, İspaniya ilə aparılan təmaslar ilk dəfə rəsmi mənbə tərəfindən təsdiqlənib. İstanbuldakı SAHA 2026 müdafiə sərgisində çıxış edən TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu İspaniyaya KAAN satışına yönəlik hökumətlərarası ilkin danışıqların davam etdiyini açıqlayıb.

“Infodefensa”nın xəbərində rəsmi təsdiqin məhz Demiroğlu da daxil olmaqla yüksək səviyyəli rəhbərlər tərəfindən verildiyi bildirilib.

Danışıqlar ilkin mərhələdədir

Mehmet Demiroğlu danışıqların hələ ilkin mərhələdə olduğunu qeyd edərkən, prosesin strateji səviyyədə davam etdiyini vurğulayıb. Demiroğlu bildirib: “İspaniya Hərbi Hava Qüvvələrindən üstün bir beşinci nəsil döyüş təyyarəsi tələbi aldıq”.

Prosesin həm texniki, həm də siyasi tərəflərinin olduğunu bildirən Demiroğlu belə deyib: “Layihə hələ başlanğıc mərhələsindədir, amma ortada aydın strategiya və niyyətin olduğu görünür. Danışıqların ilkin mərhələsindəyik”.

Demiroğlu danışıqların birbaşa hökumətlər arasında aparıldığını da vurğulayaraq deyib: “Hələlik bu mövzunu müzakirə etmək üçün çox tezdir, lakin biz onlarla texniki və siyasi səviyyədə masa arxasına oturacağıq. Bu, G2G məsələsi olduğu üçün mövzu barədə detallı məlumat verə bilmərəm”.

Hökumətlərarası danışıqların Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən əlaqələndirilməsi gözlənilir.

Türkiyə daha əvvəl İspaniyaya 2,6 milyard avro dəyərində 30 ədəd Hürjet satışı həyata keçirmişdi.

İspaniya alternativ axtarışındadır

İspaniyanın döyüş təyyarələrinin modernizasiya prosesi uzun müddətdir Avropa müdafiə dairələrinin gündəmindədir. Madrid hökuməti daha əvvəl yeni nəsil döyüş təyyarəsi ehtiyacı üçün 2023-cü il büdcəsində 6,25 milyard avro ayırmışdı. Bu, ilkin mərhələdə F-35 alışı hazırlığı kimi şərh olunmuşdu. Lakin proses irəlilədikcə Madrid hökumətinin F-35 qərarını təxirə saldığı və alternativ həlləri qiymətləndirməyə başladığı ortaya çıxıb. Bundan əlavə, 6-cı nəsil FCAS proqramındakı gecikmə də İspaniyada boşluq yaradıb. İspaniyanın 5-ci nəsil təyyarələrdə ABŞ-dən tam asılı olmaq istəmədiyi məlumdur.

İspaniyanın eyni zamanda “Halcon I” və “Halcon II” proqramları çərçivəsində 45 yeni “Eurofighter” döyüş təyyarəsini inventarına qatacaq olması gələcəkdə fərqli platformalarla qarışıq struktur formalaşdırmaq ehtimalını gücləndirib.

Digər tərəfdən, verilən məlumatlara görə, KAAN üçün planlaşdırılan tədarük modeli daha əvvəl Hürjet üçün formalaşdırılmış əməkdaşlıq strukturuna bənzər olmalıdır. Buna əsasən, İspan şirkətlərinin də layihəyə daxil olacağı ortaq istehsal və texnologiya paylaşımı modeli masadadır.

KAAN 2028-ci ildən etibarən inventara daxil olacaq

SAHA 2026 çərçivəsində TUSAŞ ilə SSB arasında imzalanmış təhvil müqaviləsinə əsasən, 2028-ci ildən başlayaraq 2030-cu ilin sonunadək 20 ədəd “Blok-10” KAAN təyyarəsinin Hərbi Hava Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur. Yerli mühərrikli TF35000 KAAN variantı isə “Blok-30” olacaq. 2028-ci ildən etibarən “Hürjet”lərin də İspaniyaya təhvilinə başlanacaq.

2030-cu ilədək 20 ədəd KAAN inventara daxil olacaq

Əgər Türkiyə və İspaniya arasındakı danışıqlar yekunlaşarsa, KAAN Endoneziyanın yaxın vaxtlarda verdiyi 48 ədədlik sifarişdən sonra NATO və Aİ ölkəsinə ixrac edilən ilk türk 5-ci nəsil qırıcı təyyarəsi olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   KAAN   Demiroğlu  


Bizi "telegram"da izləyin