Ordu.az xəbər verir ki, tamamilə milli imkanlarla hazırlanan SR40 və SR80 Türkiyənin texnoloji tam müstəqillik vizyonunu müşayiət edəcək.
Türkiyənin robot texnologiyaları sahəsindəki yolu 1993-cü ildə Hakan Altınayın ölkənin ilk sənaye robotu olan HSR-4-ü istehsal etməsi ilə başlayıb.
30 ildən artıq müddətdən sonra bu vizyon bu gün “Altınay Robot Qrupu”nun gücü və GRASS (Qabaqcıl Robot və Ağıllı Sənaye Sistemləri) çətiri altında qlobal texnologiya təşəbbüsünə çevrilib.
Türkiyə Sənaye və Texnologiya Nazirliyinin “Hamle Programı” dəstəyi ilə mühərrikindən proqram təminatına, idarəetmə sistemindən mexaniki dizaynına qədər tam müstəqil ekosistem kimi hazırlanan milli robotlar SR40 və SR80 SAHA 2026-da sənaye və texnologiya nazirinin iştirak etdiyi təqdimatla dünyaya təqdim olunub.
Nazir Kacır: “Milli Texnologiya Hərəkatının özünəinamı”
Təqdimatda çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib:
“Bu robotlar türk mühəndisliyinin özünəinamını, əməyini və tam müstəqillik iradəsini təmsil edir. “Milli Texnologiya Hərəkatı” vizyonumuz çərçivəsində artıq öz mühərrikini, idarəetmə sistemini və proqram təminatını istehsal edərək dünyaya texnologiya ixrac edən Türkiyə mövcuddur. Nazirlik olaraq “Hamle Programı” ilə dəstəklədiyimiz bu infrastrukturların yerli sənayemizin qlobal rəqabət qabiliyyətini daha yüksək səviyyəyə çıxarmasını böyük qürurla izləyirik. Bu vizyona dəstək verən və texnologiyanı yaradan bütün mühəndislərimizi ürəkdən təbrik edirəm”.
“30 illik təcrübə, tam müstəqil gələcək”
“Altınay Teknoloji Qrupu”nun İdarə Heyətinin sədri Hakan Altınay təqdimatda etdiyi çıxışda 30 illik mühəndislik və texnologiya təcrübəsinə diqqət çəkib:
“1993-cü ildə Türkiyənin ilk sənaye robotu HSR-4 ilə ilk qığılcımı yaratdığımız zaman bir xəyalımız var idi: Türkiyənin öz robotlarını istehsal edə bilməsi. Bu gün “Altınay Robot Qrupu” olaraq çatdığımız şaquli inteqrasiya səviyyəsi ilə bir robotu təşkil edən bütün kritik alt sistemləri, mühərrikindən idarəetmə sisteminə və proqram təminatına qədər öz bünyəmizdə dizayn edib istehsal edirik. GRASS şirkətimizin robotları SR40 və SR80 türk mühəndisliyinin qlobal bazarda ən yüksək liqada rəqabət aparmaq gücünün və milli istehsal iradəmizin ən böyük göstəricisidir. Ölkəmizin istehsal xətlərindəki xarici asılılığı aradan qaldırır, sənayeçilərimizə beynəlxalq standartlarda güclü və tamamilə yerli həll tərəfdaşlığı təqdim edirik”.
“Altınay Robot Qrupu”nun baş direktoru Ömər Eren isə bildirib:
“GRASS ilə birlikdə geniş sənaye robot ailəsini və kritik alt komponentləri sahəyə çıxarırıq. Bu layihəni dəyərli edən yalnız ortaya çıxan məhsullar deyil, həm də onların ölkəmizin mühəndislik gücü ilə hazırlanmış yüksək əlavə dəyərə malik texnologiyalar olmasıdır. 2030 vizyonumuz çərçivəsində tam şaquli inteqrasiyaya malik bu ekosistemlə beynəlxalq səviyyədə rəqabət aparan texnologiya markası olmağı hədəfləyirik. Təqdimatını etdiyimiz SR40 və SR80 modelləri ilə sənayenin ehtiyac duyduğu yüksək məhsuldarlığı və yerli dəstək təminatını təqdim edəcəyik. Dizayndan test mərhələsinə qədər gecə-gündüz çalışaraq bu ölkənin potensialını göstərən əməkdaşlarıma ürəkdən təşəkkür edirəm”.
Texniki üstünlük və millimetrik dəqiqlik
Sənaye ehtiyacları istiqamətində hazırlanan və SAHA 2026 sərgisində SR40 (40 kq daşıma qabiliyyətli) və SR80 (80 kq daşıma qabiliyyətli) modelləri ilə GRASS sənaye robot ailəsinin bütün modelləri sənayeyə bir çox sahə üçün həll təqdim edir.
Geniş iş sahəsi, yüksək təkrarlana bilən dəqiqlik, optimallaşdırılmış hərəkət idarəetmə arxitekturası ilə qlobal standartları tam şəkildə qarşılayır.
Bu robotlar qlobal rəqibləri qarşısında güclü və rasional alternativ mövqeyində dayanır.
Avtomobildən qidaya, metal emalından ağır sənayeyə qədər bütün istehsal sahələri üçün hazırlanan bu robotlar bir çox tətbiqdə yüksək uğur göstərə biləcək güclü oyunçu olmağı hədəfləyir.
GRASS haqqında
“Altınay Robot Teknolojileri”nin Türkiyə Sənaye və Texnologiya Nazirliyinin “Hamle Programı” çərçivəsində 2021-ci ildə əsasını qoyduğu strateji təşəbbüs nəticəsində hazırlanan GRASS layihəsi sənaye robot qolları və komponentlərinin yerli şəkildə dizayn və istehsalını hədəfləyir.
Elmi-tədqiqat və inkişaf prosesinin tamamlanmasından sonra müstəqil struktura çevrilən GRASS robot qolu ilə yanaşı servo mühərrik, reduktor və mühərrik idarəetmə sistemi kimi kritik alt komponentləri yerli imkanlarla istehsal etmək üçün fəaliyyətini davam etdirir.
Ümumilikdə 20 min kvadratmetr qapalı sahəyə malik müasir müəssisə yatırımı planlaşdıran GRASS Türkiyənin robot texnologiyalarında xarici asılılığını azaltmaq istiqamətində mühüm addım hesab olunur.
Sevinc Əliyeva
Ordu.az