Ordu.az xəbər verir ki, təchizatçıları ilə birlikdə gələcəyin texnologiyalarını bu gündən formalaşdırmaq məqsədilə yerli və milli müdafiə ekosistemini böyüdən ASELSAN SAHA 2026 çərçivəsində milliləşdirmə yolunda uğurla irəliləyən şirkətləri mükafatlandırıb.
Bu çərçivədə sərgidə “1000 Məhsulla Milliləşdirmə Səyahəti” mükafat təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Müdafiə Sənayesi Başqanlığının sədr müavini professor İhsan Kaya, ASELSAN-ın baş direktoru Ahmet Akyol və TEI şirkətinin baş direktoru professor Mahmut Akşit iştirak edib.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavini: “Milliləşdirmə bir vizyonun məhsuludur”
Professor Kaya tədbirdə etdiyi çıxışda bildirib: “Baş direktor Ahmet bəy demişdi ki, “lazım gəldikdə tək olduğumuzu biləcək şəkildə bütün işlərimizi buna uyğun hazırlayırıq”. Bu baxımdan məhsulların milliləşdirilməsi həmin vizyonun məhsuludur. Yerlilik səviyyəsi 20 faizlərdən başlayıb, bu gün isə 80 faizi keçib. Amma bu kifayət etməyəcək, daha yüksək göstəriciyə ehtiyacımız var. Bütün kritik məhsulların bizə məxsus olması böyük əhəmiyyət daşıyır”.
Akyol: “Milliləşdirmə böyük sinerji yaradıb”
ASELSAN-ın baş direktoru Ahmet Akyol isə çıxışında bildirib:
“Müdafiə sənayesində gəldiyimiz nöqtənin nə qədər gözəl olduğunu bu maraq təsdiqləyir. Bütün işlərimizin arxasında mühüm bir ekosistem var. ASELSAN-ın bütün dizayn və məhsullarının arxasında Türkiyənin 46 vilayətindən gələn məhsullar dayanır. Bu ekosistem nəhəng məhsullarla ölkəmizə və iqtisadiyyata töhfə verən sinerjiyə çevrilir. Bunlardan biri də milliləşdirmədir.
Hər keçən il sistemlərimizdəki millilik səviyyəsini artırırıq. Milliləşdirmə bizi hər cür məhdudiyyətə qarşı müstəqil edir. Bunun xərc azaldan tərəfi də var. Burada böyüyən şirkətlər ixracla daha da güclənəndə iqtisadiyyata böyük töhfə verir. Bu günə qədər milliləşdirmə ilə qənaət etdiyimiz məbləğ milyard dolları keçib. Xaricdən alsaydıq, bu bizə 25 faiz daha baha başa gələcəkdi. Milliləşdirmə ilə daha müstəqil və güclü ekosistem qurduq”.
Mərasimdə ən çox milliləşdirmə həyata keçirən, ən çox ixraca imza atan və ən çox əlavə dəyər yaradan şirkətlərə mükafatlar təqdim olunub.
İlk məhsulu və mininci məhsulu həyata keçirən şirkətlərlə yanaşı, bu yolda mühüm uğurlara imza atan şirkətlər altı kateqoriya üzrə mükafatlandırılıb.
Milliləşdirmə üzrə mükafat alan şirkətlər
Bu çərçivədə “Milliləşdirmədə İlk Məhsul” kateqoriyasında “Harp Savunma”, “Ən çox qazanc təmin edən məhsul” kateqoriyasında “Logos Kimya”, “Ən çox qazanc təmin edən məhsul” kateqoriyasında “Karakamlar”, “Ən çox məhsul hazırlayan şirkət” kateqoriyasında “Akım Metal”, “Ən çox məhsul hazırlayan şirkət” kateqoriyasında RFTR, “Ən sürətli məhsul hazırlayan şirkət” kateqoriyasında “Microina” və “Armsto”, “Ən yüksək satınalma potensialına malik məhsul” kateqoriyasında “Ekinoks-AG” və SDM, “Ən yüksək məbləğdə ixrac edən şirkət” kateqoriyasında “Tekom Savunma” və “İnventra”, “Məhsul hazırlayan startap şirkət” kateqoriyasında isə OB Sensör və “Bozsav Savunma” mükafatlandırılıb.
Milliləşdirmədə mininci məhsul mükafatı isə “Ulsis” şirkətinə verilib.
Sevinc Əliyeva
Ordu.az