İsveçrə İrandakı müharibə səbəbindən qaz və elektrik çatışmazlığı təhlükəsi barədə xəbərdarlıq edib

2026/05/1778227220.jpg
Oxunub: 373     11:49     08 May 2026    
İsveçrə hakimiyyəti ölkənin gələn qış qaz və elektrik enerjisi çatışmazlığı ilə üzləşə biləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin cümə axşamı yayımladığı mətbuat açıqlamasında bildirilib.

“Avropada qaz ehtiyatlarının nisbətən aşağı səviyyədə olması və İrandakı müharibənin qaz qiymətlərinə təsiri səbəbindən qaz ehtiyatlarının qışın başlanğıcına qədər hansı səviyyədə doldurulacağı ilə bağlı qeyri-müəyyənlik mövcuddur”, - deyə hökumət bildirib.

Açıqlamada qeyd olunub ki, Hörmüz boğazının bağlanması uzanarsa, tədarük çatışmazlığı yarana bilər.

Bildirilib ki, Gösgən Atom Elektrik Stansiyasının fəaliyyətinin dayanması səbəbindən İsveçrə elektrik enerjisinin xalis idxalına arxalanmağa məcbur olub. Həmin stansiya adətən qış aylarında ölkənin ümumi istehlakının təxminən 13 faizini təmin edir.

Bunun nəticəsində İsveçrə istehlak etdiyi elektrik enerjisinin təxminən beşdəbirini idxal etməli olub.

Hidroenerji istehsalının da əvvəlki iki illə müqayisədə xeyli aşağı olduğu vurğulanıb.

Hökumət qeyd edib ki, İsveçrənin əsas elektrik enerjisi təchizatçısı Fransadır və bu ölkə əvvəllər münasib qiymətlərlə elektrik enerjisi tədarük edirdi.

“Lakin mart ayından etibarən İrandakı müharibə və Hörmüz boğazının bağlanması Avropa bazarlarında qaz və nəticə etibarilə elektrik enerjisi qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub”, - deyə açıqlamada bildirilib.

Hökumət, həmçinin texniki xidmət və elektrik ötürücü şəbəkənin yenilənməsi işlərinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Belə ki, 12 min ötürücü xəttin təxminən 60 faizi 50-80 il əvvəl inşa olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   İran  


Bizi "telegram"da izləyin