Ukrayna STASH HHM sistemini ilk dəfə istifadə edib

2026/05/1777901024.jpg
Oxunub: 345     17:23     04 May 2026    
Ukrayna Hərbi Hava Qüvvələri ölkənin qərb bölgələrinə yönəlmiş “Şahed” tipli kamikadze pilotsuz uçuş aparatları ilə həyata keçirilən intensiv hücumu dəf edərkən STASH hava hücumundan müdafiə sistemini ilk dəfə nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yayılan görüntülərə əsasən, yeni sistemin daha əvvəl məlum olan qısa mənzilli “Tempest” hava hücumundan müdafiə sisteminin bir versiyası olduğu və platforma kimi “buggy” tipli vasitə əvəzinə qoşqudan istifadə edildiyi ehtimal olunur.

“Tempest” sistemi və texniki xüsusiyyətləri

“Tempest” hava hücumundan müdafiə sistemi ilk dəfə 2025-ci ilin oktyabrında ABŞ-nin “V2X” şirkəti tərəfindən təqdim edilib. Sistem “Can-Am Maverick X3” tipli “buggy” şassisinə bənzər platforma üzərində qurulub.

Açıqlamalara görə sistem yüksək hərəkət qabiliyyəti və aşağı görünürlük tələb olunan əməliyyatlar üçün nəzərdə tutulub. Sistem aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarını, helikopterləri və təyyarələri hədəfə almaq üçün hazırlanıb. Lakin texniki xüsusiyyətləri tam açıqlanmayıb.

Sistem iki ədəd AGM-114 “Hellfire” raketi ilə hədəfləri məhv edir. Bu raketlərin böyük ehtimalla radar başlıqlı AGM-114L “Hellfire Longbow” variantı olduğu qeyd olunur. Platformaya quraşdırılmış radar stansiyası hədəflərin aşkarlanması və raketlərə yönləndirmə məlumatlarının ötürülməsi funksiyasını yerinə yetirir.

2026-cı ilin yanvarında Ukrayna Silahlı Qüvvələrinin “Tempest” sistemini təhvil aldığı barədə məlumatlar yayılmışdı. Sistem gecə həyata keçirilən hava hücumunun dəf edilməsi zamanı istifadə edilib, lakin onun Ukraynaya verilməsi rəsmi şəkildə açıqlanmamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   STASH   HHM  


Bizi "telegram"da izləyin