Ordu.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Yaponiya baş naziri Takaiçi Sanae və Avstraliya baş naziri Anthoni Albanese Kanberrada görüş keçiriblər.
Görüşdən sonra tərəflər enerji və kritik minerallar, həmçinin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün 4 saziş imzalayıblar.
Sazişlər çərçivəsində tərəflərin geosiyasi gərginliklər, iqtisadi təzyiqlər və bazarlardakı pozuntular daxil olmaqla “təcili iqtisadi vəziyyətlərdə” məlumat mübadiləsi aparacağı və təhlükəsizliklərinə təhdid yaranacağı halda “qarşı tədbirləri qiymətləndirəcəyi” bildirilib.
İki lider Çin və Şimali Koreya başda olmaqla Hind-Sakit okean regionundakı prosesləri və Yaxın Şərqdəki müharibənin enerji bazarlarına təsirini müzakirə ediblər.
Baş nazir Albanese bildirib: “Dostluğumuz heç vaxt bu qədər güclü olmayıb. Qeyri-müəyyənliyin artdığı bu dövrdə güclü tərəfdaşlıqlar daha böyük əhəmiyyət kəsb edir”.
O əlavə edib ki, imzalanan yeni sazişlər Avstraliyanın enerji və iqtisadi təhlükəsizliyinə töhfə verəcək.
Baş nazir Takaiçi isə bildirib ki, Yaponiya və Avstraliya sıx əlaqəni davam etdirəcək və Yaxın Şərqdən qaynaqlanan enerji böhranına “təcili yanaşma” ilə cavab verəcək.
O vurğulayıb ki, Hörmüz boğazının faktiki bağlanmasının Hind-Sakit okean regionuna ciddi təsiri var və bu məsələdə iki ölkə arasında məsləhətləşmələr davam etdirilməlidir.
Sevinc Əliyeva
Ordu.az