“Uludoğan Savunma” “NanoAlp”ın yeni versiyası ilə mexaniki məhdudiyyətləri aşdı - VİDEO
Oxunub: 397
16:54
04 May 2026
Son günlərdə “Uludoğan Savunma Sanayi Teknoloji A.Ş.” nano sinfinə məxsus pilotsuz uçuş aparatı helikopteri “NanoAlp”ın 3.5 versiyasını Malayziyada keçirilən DSA 2026 sərgisində ilk dəfə nümayiş etdirib.
Ordu.az xəbər verir ki, sərgi çərçivəsində “DefenseHere”a danışan “Uludoğan Savunma”nın idarə heyətinin sədri Seyfəddin Cevdet Uludoğan hazırladıqları “NanoAlp” haqqında mühüm açıqlamalar verib.
Uludoğan bildirib ki, “NanoAlp” ailəsinin mövcud versiyalarında gecə və gündüz kameraları, maneə aşkarlama sensorları, optik axın və GPS dəstəkli uçuş kimi çoxsaylı qabaqcıl xüsusiyyətlər mövcuddur. O əlavə edib ki, yeni versiyada mühüm mühəndislik dəyişiklikləri həyata keçirilib.
Yeni versiyanın ən diqqət çəkən yeniliyi klassik helikopterlərdə istifadə olunan “swashplate” mexanizminin aradan qaldırılmasıdır. Uludoğan qeyd edib ki, bu sistem xüsusilə kiçik ölçülü hava vasitələrində ciddi mexaniki çətinliklər yaradır.
Yeni üsulda pərlərin hərəkətləri mühərrik sürücüləri vasitəsilə PWM siqnalları ilə ani olaraq idarə olunur və bu sayədə “swashplate” funksiyası elektron şəkildə təqlid edilir. Bu yanaşma mexaniki mürəkkəbliyi azaltmaq, istehsal prosesini sürətləndirmək və faydalı yük imkanlarını artırmaq kimi üstünlüklər yaradır.
Uludoğan qeyd edib ki, bu yanaşma dünya üzrə kommersiya istifadəsi baxımından ilkdir və “Uludoğan Savunma” nano sinfinə məxsus pilotsuz uçuş aparatı helikopterlər sahəsində bir ilkə imza atıb.
“NanoAlp” 3.5 kommersiyalaşma mərhələsindədir
Uludoğan bildirib ki, “NanoAlp”ın 3.5 versiyası artıq kommersiyalaşma mərhələsinə daxil olub və məhsul ilk dəfə Malayziyada təqdim edilib. O əlavə edib ki, bu versiya xüsusilə meşəlik ərazilərdə daha yüksək manevr qabiliyyəti və güclü uçuş performansı təqdim edir.
“Müştəriyə xüsusi həllər uğurun açarıdır”
Uludoğan şirkətin uğurunun arxasında müştəri yönümlü yanaşmanın dayandığını vurğulayaraq müxtəlif ehtiyaclara uyğun çevik məhsul ailəsinə sahib olduqlarını bildirib.
O qeyd edib ki, həm yüksək texnologiya şirkəti, həm də türk şirkəti olaraq çevik fəaliyyət göstərirlər və sahədən gələn ehtiyaclara uyğun yeni məhsullar hazırlamağa davam edəcəklər.
Uludoğan bildirib: “Sahədə ortaya çıxan problemlərə xüsusi həllər təqdim edərək böyüməyə davam edəcəyik”.