“Yaxın Şərqdə münaqişə bizim üçün çıxılmaz problemə çevrilib” - Leyen

2023/10/1697779260.jpg
Oxunub: 304     16:10     04 May 2026    
Son dörd il ərzində biz nə qədər həssas və həddindən artıq asılı olduğumuzu anladıq və bu, acı bir reallıqdır.”

Ordu.az xəbər verir ki, bunu 2026-cı il mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin plenar iclasında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

O qeyd edib ki, ilk böyük asılılıq fosil yanacaqların idxalı ilə bağlıdır. Fon der Leyen əlavə edib ki, energetika həmişə Avropa İttifaqının daxili bazarında maneə olub, lakin hazırda Yaxın Şərqdəki münaqişə şəraitində bu, daha həssas nöqtəyə çevrilib və çıxılmaz vəziyyət yaranıb.

Leyenin sözlərinə görə, enerji daşıyıcılarının qlobal qiymətlərindən həddindən artıq asılılıq Avropa İttifaqının rəqabət qabiliyyətinə ciddi zərər vurur.

“Lakin bizim öz imkanlarımız var: külək və günəşdən hidroenergetika və nüvə enerjisinə qədər bərpa olunan enerji mənbələri. Biz enerji müstəqilliyimizi əhəmiyyətli dərəcədə gücləndirməli, onu daha etibarlı, daha ucuz və daha proqnozlaşdırıla bilən etməliyik”, - deyə o bildirib.

Leyenin sözlərinə görə, ikinci asılılıq təhlükəsizliklə bağlıdır. O vurğulayıb ki, son dörd ilin təcrübəsi öz hüquqlarını qorumağın vacibliyini göstərib.

“Məhz buna görə biz 2030-cu ilə qədər təhlükəsizlik sahəsində boşluqları aradan qaldırmaq üçün təxminən 800 milyard avro ayırmışıq. Çox vacibdir ki, biz daha müstəqil olaq və etibarlı çəkindirmə mexanizmi yarada bilək. Bu, hamımızın burada Ukrayna ilə birlikdə daha güclü, daha dayanıqlı və etibarlı təhlükəsizlik yaratmaq üçün toplandığımız məsələdir”, - deyə fon der Leyen qeyd edib.

O əlavə edib ki, Avropanın müstəqilliyi təcrid olunmaq demək deyil. “Əksinə, bu, eyni dəyərləri paylaşan tərəfdaşlarla əlaqələrin gücləndirilməsi deməkdir, çünki bizə sabit və etibarlı təchizat zəncirləri lazımdır. Buna görə də son illərdə Latın Amerikası, Hindistan və Avstraliya ilə azad ticarət sazişləri şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirmişik. Yaxın zamanda Meksika ilə də razılaşma imzalayacağıq. Biz dünyada ən böyük azad ticarət şəbəkəsinə malikik və bundan istifadə edərək müstəqilliyimizi və etibarlı təchizat zəncirlərimizi təmin etməliyik”, - deyə fon der Leyen bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leyen   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin