Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Məlumatda bildirilir: “Bahar Fırtınası 2026”nın məqsədi şərti müharibə şəraitində müdafiə əməliyyatlarının planlaşdırılması və icrasının işlənməsidir. Təlimlər Estoniya diviziyasının müttəfiqlərlə qarşılıqlı fəaliyyəti çərçivəsində keçirilir”.
Eyni zamanda Estoniya və müttəfiq ölkələrin bölmələri arasında əməkdaşlıq da təkmilləşdiriləcək, prosesə digər qoşun növləri və komandanlıqlar da cəlb olunacaq. Təlimlərin əsas iştirakçı bölmələri 2-ci piyada briqadası və “Kaitseliit” quru müdafiə qüvvələrinin Cənub dairəsi olacaq.
Təlimlər iyunun 1-dək müxtəlif intensivlikdə bir neçə mərhələdə davam edəcək. Mayın 4-dən 9-dək ilkin mərhələ kimi diviziya komanda məntəqələrinin təlimləri keçiriləcək. Daha sonra mayın 10-dan 22-dək bütün Estoniya ərazisində bölmələrin birgə məşqləri baş tutacaq, ardınca isə təlim döyüşləri keçiriləcək (əsasən Estoniyanın cənub-şərqində və Latviyanın şimal-şərqində). Yekun mərhələdə, mayın 23-dən iyunun 1-dək Müdafiə Qüvvələrinin mərkəzi poliqonunda döyüş atışlı təlimlər keçiriləcək.
Təlimlərin pik mərhələlərində Estoniya, ABŞ, İspaniya, Kanada, Litva, Latviya, Niderland, Polşa, Portuqaliya, Fransa, İsveç, Rumıniya, Almaniya, Finlandiya, Danimarka, Çexiya, Ukrayna və Böyük Britaniyadan ümumilikdə 12 min hərbçi iştirak edəcək.
“Bahar Fırtınası 2026” əsasən Estoniyanın cənub-şərqində, Rusiyanın sərhədləri yaxınlığında, həmçinin Latviyanın şimal-şərqində keçiriləcək. Latviyada keçiriləcək təlim döyüşlərində Estoniya, Latviya, Fransa və Böyük Britaniyadan bölmələr iştirak edəcək.
Sürətli yenidən yerləşdirmə və göndərən və qəbul edən tərəflərin fəaliyyətlərinin, həmçinin əlavə qüvvələrin inteqrasiyasının işlənməsi üçün Böyük Britaniyanın 4-cü briqadasının Estoniyaya gətirilməsi planlaşdırılır.
Təlimlər çərçivəsində Müdafiə Qüvvələri müdafiə sənayesi müəssisələri ilə birlikdə bir sıra yeni həlləri sınaqdan keçirəcək və real şəraitdə yeni məhsulları yoxlayacaq. Bu sınaqların məqsədi mümkün qədər real şəraitdə Müdafiə Qüvvələrinin ehtiyaclarına uyğun effektiv həllərin tapılmasıdır.
Prosesə hücum və qırıcı aviasiya, həmçinin pilotsuz uçuş aparatları da aktiv şəkildə cəlb olunacaq.
“Bahar Fırtınası” təlimi ilk dəfə 2003-cü ildə keçirilib və bu artıq 20-ci dəfədir.
Sevinc Əliyeva
Ordu.az