Böyük Britaniyanın Kral Donanması NATO daxilində “mini NATO” yaradır

2026/05/Ekran-1777889621.jpg
Oxunub: 557     14:12     04 May 2026    
Böyük Britaniyanın “Şimal Donanmaları” təşəbbüsü bir neçə kiçik NATO donanmasının gücünü birləşdirərək Arktikada Rusiyaya qarşı effektiv şəkildə qarşı durmağı hədəfləyir.

XVI əsrdə Papa V Pius tərəfindən Aralıq dənizində Osmanlı genişlənməsinə qarşı yaradılan “Müqəddəs Liqa” koalisiyası 200-dən çox qalera və altı qaleyasdan ibarət donanmanın formalaşdırılması ilə nəticələndi. Əsasən İspaniya İmperiyası, Venesiya Respublikası, Papa Dövləti, Malta Cəngavərləri, Toskana Böyük Hersoqluğu, Savoy Hersoqluğu və digər İtaliya dövlətlərinin qüvvələrindən ibarət olan bu donanma 1571-ci ilin oktyabrında baş verən Lepanto döyüşündə həlledici qələbə qazandı. Bu döyüş həmin dövrün ən böyük dəniz döyüşü hesab olunur və Osmanlıların Aralıq dənizində hökmranlığına son qoydu.

“Müqəddəs Liqa” Avropa tarixində ilk böyük çoxtərəfli ittifaqlardan biri idi və bir neçə kiçik gücün maliyyə, qoşun və dəniz imkanlarını birləşdirərək daha böyük rəqibə qarşı qələbə qazana biləcəyini göstərən davamlı dərs oldu. XXI əsrdə bu, əsasən NATO-nun məqsədi olmuşdur və bu təşkilat da gücünü məhz birliyində görür.

Böyük Britaniyanın Kral Donanması indi Avropadakı tərəfdaşları ilə birlikdə NATO daxilində dəniz ittifaqı yaratmağa çalışır ki, şimaldakı “açıq dəniz sərhədi” boyunca Rusiyanın aqressiyası və genişlənməsinin qarşısını alsın.

“Reallıq ondan ibarətdir ki, biz bu tərəfdaşlığı indi daha da dərinləşdirməli və inkişaf etdirməliyik”, - deyə Kral Donanmasının baş komandanı ser Qvin Cenkins bu ayın əvvəlində Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunda keçirilən tədbirdə bildirib.

Böyük Britaniyanın “Şimal Donanmaları” təşəbbüsü haqqında

“Təxminən dörd əsr yarım əvvəl Aralıq dənizində Osmanlıları məhdudlaşdırmağa çalışan Müqəddəs Liqa”dan fərqli olaraq, “Şimal Donanmaları” təşəbbüsü əsasən Arktikada mövcudluğunu genişləndirən Rusiyanın yaratdığı təhlükələr də daxil olmaqla Yüksək Şimalda ortaya çıxan risklərə cavab verməyə yönəlib.

Yeni təşəbbüs sıfırdan başlamayacaq. NATO üzvlərini də əhatə etməklə yanaşı, Böyük Britaniyanın rəhbərlik etdiyi və Şimali Avropa ölkələrindən ibarət, sürətlə yerləşdirilə bilən koalisiya olan Birgə Ekspedisiya Qüvvəsi (JEF) üzərində qurulacaq. Bu qüvvə Yüksək Şimal, Şimali Atlantika və Baltik regionunda böhranlara cavab verə bilir.

Hazırda JEF-in üzvlərinə Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveç daxildir. Finlandiyanın 2023-cü ildə, İsveçin isə 2024-cü ildə alyansa qoşulmasından sonra bu ölkələrin hamısı artıq NATO üzvüdür.

Yüksək hazırlıq səviyyəsinə malik çəkindirmə qüvvəsi kimi fəaliyyət göstərməklə yanaşı, NATO, BMT və Avropa İttifaqını tamamlayan JEF təbii fəlakət və digər böhranlardan sonra humanitar yardım da göstərə bilər.

Cenkins bildirib ki, JEF-in genişləndirilməsi NATO-nun maraqlarına uyğundur və böhran vəziyyətində daha sürətli reaksiya imkanı yaradacaq.

“Biz bilirik ki, itirəcək vaxtımız yoxdur. Məhz buna görə də ilin sonuna qədər hamımızın rəsmi bəyannamə imzalamasını istəyirəm ki, bu da uzun illər davam edəcək vacib tərəfdaşlığın əsasını qoyacaq. Məqsədim birlikdə təlim keçən, məşq edən və hazırlaşan dəniz qüvvəsi yaratmaqdır. Zərurət yaranarsa, dərhal döyüşə girə biləcək, real imkanlara, real müharibə planlarına və real inteqrasiyaya malik qüvvə…”, - deyə o bildirib.

Məqsəd JEF üzvlərindən ibarət, mümkün olaraq Kanadanın da daxil edilə biləcəyi bir qüvvə yaratmaqdır. Bu koalisiya ekipaj və dənizçilərin birləşdirilməsi də daxil olmaqla resursları paylaşacaq və “müttəfiq donanmalar ailəsi” formalaşdıracaq.

Britaniya artıq təkbaşına dənizlərə hökm edə bilmir

Hazırda Böyük Britaniyanın Kral Donanmasının aktiv döyüş gəmilərinin sayı admirallarının sayından azdır, lakin onun dəniz gücü hələ də mövcuddur. Bu güc iki aviadaşıyıcı ilə təmsil olunur.

“Şimal Donanmaları” nəzəri olaraq məhz bu iki aviadaşıyıcı ətrafında formalaşdırıla bilər və bu, lazım gəldikdə aviadaşıyıcı zərbə qrupunun hazır vəziyyətdə olmasını təmin edər. Bu ehtiyac tezliklə yarana bilər, çünki Rusiya Yüksək Şimaldan kənarda da aktivliyini artırır.

“Son iki ildə Rusiya qüvvələrinin sularımıza daxil olması demək olar ki, üçdə bir artıb. Təkcə 2025-ci ildə Kral Donanması Rusiyanın hərbi dəniz qüvvələrinin yerüstü gəmilərinə qarşı ölkədaxili müdafiəni təmin etmək üçün onlarla dəfə reaksiya verməli olub. Buna görə də Kral Donanması hər gün, hər ay və hər il hazır olmalıdır”, - deyə Cenkins bildirib.

Buna baxmayaraq, Kral Donanmasının Hind-Sakit okean regionuna hər iki yerləşdirilməsi zamanı da görüldü ki, ona tərəfdaşlarının dəstəyi lazım idi. Həmçinin Böyük Britaniya 2023-cü ilin sonlarında İran tərəfindən dəstəklənən husilərin kommersiya gəmilərinə qarşı raket və pilotsuz uçuş aparatı hücumlarına başladığı vaxt ABŞ-nin Yaxın Şərqdəki əməliyyatlarını dəstəkləmək üçün aviadaşıyıcı göndərə bilmədi. Hətta USS “Gerald R. Ford” (CVN-78) gəmisinin rekord müddətli yerləşdirmədən sonra nəhayət geri qayıtmağa hazırlaşdığı bildirilsə də, “Epic Fury” əməliyyatı zamanı da Kral Donanmasının aviadaşıyıcıları ABŞ-yə kömək edə bilmədi.

NATO daxilində digər “mini ittifaqlar” da mövcuddur

JEF/“Şimal Donanmaları” koalisiyası NATO daxilində yeganə belə mini ittifaq olmayacaq. Bu təşəbbüs Danimarka, Finlandiya, Norveç və İsveç donanmalarını daha koordinasiyalı və vahid dəniz qüvvəsinə çevirməyi hədəfləyən Şimal Dəniz İnteqrasiyası təşəbbüsü ilə də üst-üstə düşə bilər.

Artıq EUROMARFOR (Avropa Dəniz Qüvvəsi) adlı aktiv, daimi olmayan dəniz qüvvəsi mövcuddur. Fransa, İtaliya, Portuqaliya və İspaniyadan ibarət olan bu qüvvə böhranların idarə edilməsi üçün aktivləşdirilə bilər. 1995-ci ildə yaradılan bu sürətli reaksiya qüvvəsi əmr verildikdən sonra 5 gün ərzində fəaliyyətə başlamağı öhdəsinə götürür.

Bundan əlavə, NATO-nun Daimi Dəniz Qrupları (SNMCMG) da mövcuddur. Bu qurum davamlı dəniz mövcudluğunu təmin edir və digər qruplarla birlikdə fəaliyyət göstərir. Bunlara İngilis Kanalı və Şimali Avropanı əhatə edən SNMCMG1, eləcə də Aralıq dənizinə yönəlmiş SNMCMG2 daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   NATO   Kral-Donanması  


Bizi "telegram"da izləyin