Ordu.az xəbər verir ki, Afina Apellyasiya Məhkəməsi hadisədə iki yunan pilotun və 9 fransız texniki xidmət əməkdaşının həyatını itirməsi ilə bağlı təyyarənin istehsalçısı “Lockheed Martin” şirkətini günahkar hesab edib.
Məhkəmə şirkətin təyyarənin dizaynında kifayət qədər təhlükəsizlik tədbirləri görmədiyini müəyyən edərək pilotların ailələrinə təzminat ödənilməsinə qərar verib.
Qəza 2015-ci il yanvarın 26-da baş verib. İspaniyanın Albasete şəhəri yaxınlığındakı “Los Llanos” bazasında baş verən hadisədə NATO təlimində iştirak edən Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16D tipli təyyarə havaya qalxdıqdan 7,8 saniyə sonra idarəetməni itirərək qəzaya uğrayıb.
Qəza nəticəsində 35 yaşlı pilot kapitan Panagiotis Laskaris və 31 yaşlı pilot leytenant Athanasios Zagas həyatını itirib. Təyyarənin düşdüyü ərazidə Fransa Hərbi Hava Qüvvələrinə məxsus 9 texniki heyət üzvü də həlak olub. 33 nəfər isə yaralanıb.
Araşdırma hesabatına görə qəza qalxışdan təxminən 20 dəqiqə əvvəl idarəetmə panelində həssas tənzimləmə sisteminin təsadüfən dəyişdirilməsi nəticəsində təyyarənin aerodinamik tarazlığının pozulması ilə bağlı olub. Pilotlar qalxışdan əvvəl hər hansı xəbərdarlıq almamışdı.
Məhkəmə qərarı: “Dizayn xətası var”
Afina Apellyasiya Məhkəməsində baxılan işdə üç hakimdən ibarət heyət “Lockheed Martin”in kifayət qədər təhlükəsizlik tədbirləri görmədiyini təsdiqləyib. Məhkəmə qeyd edib ki, eyni dövrdə istehsal olunan F-18, F-15 və “Mirage 2000” kimi təyyarələrdə trim xəbərdarlıq sistemləri artıq mövcud idi.
Pilot ailələrini təmsil edən vəkillər Elias Pavlakis və George Mosçosun xeyrinə qərar verən məhkəmə “Lockheed Martin”in qəzadan sonra vizual xəbərdarlıq sistemi əlavə etməsini “dizayn qüsurunun dolayı etirafı” kimi qiymətləndirib.
Yunan mediasında “ədalət yerini tapdı” kimi təqdim olunan qərarda şirkətin mövcud texnologiyalarla daha təhlükəsiz dizayn hazırlaya biləcəyi vurğulanıb. Məhkəmə əhəmiyyətli məbləğdə təzminat ödənilməsinə qərar verib.
Qəzadan sonra Yunanıstanın F-16 təyyarələri “Viper” modernizasiya proqramı çərçivəsində trim xəbərdarlıq sistemləri ilə təchiz olunub. Lakin ailələr 10 ildən artıq davam edən hüquqi mübarizədə nəhayət məhkəmədə qalib gəliblər. “Lockheed Martin” tərəfinin qərardan apellyasiya şikayəti verib-verməyəcəyi hələ məlum deyil.
Sevinc Əliyeva
Ordu.az