ABŞ-nin fasiləsi, İsrailin narahatlığı: İran dosyesi necə bağlanacaq?

2026/05/1777884665.jpg
Oxunub: 612     12:49     04 May 2026    
2026-cı il mayın 1-də ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Mayk Consona və vitse-prezident Cey Di Vensin yoxluğu səbəbindən Senatın sədri vəzifəsini icra edən Çak Qrassliyə yazılı müraciət göndərərək İran əleyhinə “fevralın 28-də başlanmış hərbi əməliyyatların başa çatdığını” bildirib.

Həmin gün Konqresin razılığı olmadan hərbi əməliyyat aparmaq üçün nəzərdə tutulan 60 günlük müddət də başa çatıb. Müharibəni davam etdirmək üçün Donald Tramp Konqresin Nümayəndələr Palatasının və Senatın razılığını almalı idi.

Çox güman ki, İran əleyhinə hərbi əməliyyatların dayandırılması barədə qərar ABŞ prezidenti tərəfindən bundan sonra qəbul olunub ki, bir gün əvvəl müharibə naziri Heqset konqresmenlər tərəfindən demək olar ki, altı saatlıq “sorğu-sualdan” keçirilib və “ən pessimist əhval-ruhiyyə ilə” çıxış edib.

Ən təvazökar hesablamalara görə, ABŞ artıq 50 milyard dollar xərcləyib və qanunvericilər Pentaqon rəhbərindən real hesabat tələb ediblər. Amerika mətbuatına görə, Ağ Ev üçün Konqresdən əlavə maliyyə istəmək “çox çətindir”, çünki bir neçə həftə davam edən hərbi əməliyyatların nəticələri ciddi şübhə doğurur.

Mətbuatda hətta belə bir məlumat da yayılıb ki, “Pentaqon İrana vurulan zərərləri şişirdib, kəşfiyyat xidmətləri prezidentə bildirib ki, Tehran raketlərin və buraxılış qurğularının yarıdan çoxunu qoruyub saxlayıb və hələ də ciddi təhlükə olaraq qalır”.

Belə şəraitdə hərbi əməliyyatların dayandırılması qərarı yalnız məntiqli deyil, həm də zəruri və tələb olunan addımdır. Hadisələrin bu cür inkişafını ekspertlərin əhəmiyyətli hissəsi iki həftədən çox əvvəl proqnozlaşdırmışdı. Onlar həmçinin ehtimal edirdilər ki, “çətin iş İsrailin üzərinə qalacaq”.

İsrailin “Yediot Ahronot” nəşri ölkənin Hərbi Hava Qüvvələrinin komandanı Tomer Barinin vida mətbuat konfransından belə bir ümumiləşdirməni təqdim edib: “Əgər İranın nüvə proqramı məsələsi həll olunmursa, bu müharibə tam uğursuzluq hesab edilməlidir”.

ABŞ prezidenti Konqresə hərbi əməliyyatların başa çatması barədə müraciət etməzdən əvvəl bildirib ki, İranın təqdim etdiyi son təklifdən “məyus olub”. Tehran isə öz növbəsində bəyan edib ki, ABŞ “təhdidlərə son qoyarsa, dəniz blokadasını dayandırarsa və maksimalist mövqedən imtina etsə”, danışıqlara hazırdır.

Trampın müharibəni dayandırmaq qərarı nə deməkdir? Bu, ABŞ-nin dəniz blokadasını ləğv etməsi anlamına gəlirmi? Vaşinqton İranla danışıqların yeni mərhələsinə başlamağa hazırdırmı? Əgər bu ehtimal realdırsa, İsrailin “əsas narahatlığı” olan İranın nüvə proqramı məsələsi necə həll olunacaq?

Bir gün əvvəl məlumat yayılıb ki, İsrail ümumi həcmi 6,5 min ton olan silah və hərbi texnika idxal edib. İsrail İran əleyhinə hücumları yenidən başlayacaqmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin