Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Xəsarət alan yoxdur. Hadisə yerində xidmətlər işləyir”, - deyə o, “Telegram” kanalında yazıb.
Mash kanalının məlumatına görə, zərbə “Mosfilmovskaya üzərində ev” yaşayış kompleksinə endirilib. Pilotsuz uçuş aparatı gecə saat 01:00 radələrində binaya çırpılıb və nəticədə 36-cı mərtəbədə yerləşən mənzillərdən birində üç otağın divarları dağılıb. Binanın fasadının bir hissəsi yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Şüşə və divar qalıqları onlarla metr məsafəyə səpələnib. “Astra”nın hesablamalarına görə, zərər görmüş bina ilə Kremlin arasındakı məsafə təxminən 6 km-dir.
Daha sonra Sobyanin hava hücumundan müdafiə sistemləri tərəfindən Moskvaya doğru uçan daha iki pilotsuz uçuş aparatının vurulduğunu da bildirib. Onların harada vurulduğunu dəqiqləşdirməyib, yalnız qeyd edib ki, fövqəladə xidmətlər qalıqların düşdüyü yerlərdə işləyir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkə ərazisi üzərində hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 117 təyyarə tipli pilotsuz uçuş aparatını “aşkarlayıb və məhv edib”. Bu pilotsuz uçuş aparatları Moskva, Astraxan, Belqorod, Voronej, Volqoqrad, Kaluqa, Kursk və digər vilayətlərin səmasında müşahidə olunub.
Hava hücumları fonunda Rosaviatsiya Penza, Saratov, Ulyanovsk, Samara və Orenburq hava limanlarının fəaliyyətini məhdudlaşdırıb. Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanları isə uçuşları razılaşdırılmış rejimdə qəbul edib və həyata keçirib.
Bir gün əvvəl, 2026-cı il mayın 3-də Ukrayna pilotsuz uçuş aparatları yenidən Moskvaya hücum etmişdi. Sobyaninin sözlərinə görə, səkkiz pilotsuz uçuş aparatı vurulub.
İlk pilotsuz uçuş aparatı barədə məlumat gecə saat 01:00 radələrində, sonuncular barədə isə axşam saat 18:00 radələrində verilib. “Vnukovo” və “Şeremetyevo” hava limanları həmin gün də müvəqqəti olaraq uçuşları dayandırmışdı.
2026-cı il mayın 9-da keçiriləcək Qələbə paradı ərəfəsində Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə hücumlarını artırıb. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, 2007-ci ildən bəri ilk dəfə olaraq paradda hərbi texnika kolonu iştirak etməyəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, parad “operativ vəziyyət” və Kiyevdən gələn “terror təhlükəsi” səbəbindən “ixtisar olunmuş formatda” keçiriləcək.
Vladimir Putin ABŞ prezidenti Donald Trampla söhbətində mayın 9-u münasibətilə Ukrayna müharibəsində atəşkəs elan etməyi təklif edib. Ukrayna prezidenti Vladimir Zelenski isə cavabında bildirib ki, Kiyev qısa müddətli deyil, davamlı və sabit atəşkəs istəyir.
Sevinc Əliyeva
Ordu.az