Eyni zamanda İsrail elan olunmuş atəşkəsə baxmayaraq, Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulduğunu göstərir. Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və vəziyyətin daha da gərginləşməsi riski davam edir.
Ordu.az bazar ertəsi gecəsi Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
ABŞ 2026-cı il mayın 4-dən etibarən Hörmüz boğazında ticarət gəmiləri üçün naviqasiya azadlığını bərpa etmək məqsədilə “Azadlıq” layihəsinə dəstək göstərməyə başlayacaq və bu prosesdə 15 min hərbçi iştirak edəcək. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
ABŞ bazar ertəsindən etibarən Hörmüz boğazında bloklanmış və oradan çıxmağa çalışan gəmilərə yardım göstərəcək. Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
ABŞ Hörmüz boğazından gəmilərin çıxarılması əməliyyatı zamanı kənar müdaxilə ilə qarşılaşarsa, güc tətbiq edə bilər. Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələri artıq İran ilə əlaqəli 49 ticarət gəmisini saxlayıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı məlumat verib.
ABŞ prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında münaqişənin nizamlanması üzrə danışıqları müsbət qiymətləndirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından cənuba, Birləşmiş Ərəb Əmirliklərinin şimal sahilləri yaxınlığında yerləşən ticarət gəmilərinə uzaqlaşmaq göstərişi verib. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin rəhbəri Ebrahim Əzizi bəyan edib ki, ABŞ-nin Hörmüz boğazında yeni naviqasiya rejiminə hər hansı müdaxiləsi Tehran tərəfindən atəşkəsin birbaşa pozulması kimi qiymətləndiriləcək.
Sevinc Əliyeva
Ordu.az