Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Rəsmilərdən birinin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri ticarət gəmilərinə boğazda ən təhlükəsiz marşrutlar, o cümlədən İran hərbçiləri tərəfindən minalanmamış yollar barədə məlumat verəcək. O əlavə edib ki, əməliyyat ticarət gəmilərinin hərbi gəmilərlə məcburi müşayiətini nəzərdə tutmur.
Bununla yanaşı, mənbələr qeyd ediblər ki, zərurət yarandıqda İran hərbçilərinin hücumlarının qarşısını almaq üçün ABŞ gəmiləri “birbaşa yaxınlıqda” yerləşəcək.
Daha əvvəl CENTCOM bildirmişdi ki, ABŞ Hörmüz boğazından ticarət gəmilərinin maneəsiz keçidini təmin etmək üçün esmineslərdən, 100-dən çox təyyarədən və pilotsuz uçuş aparatlarından istifadə edəcək.
“Bu müdafiə xarakterli missiyaya verdiyimiz dəstək regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır, eyni zamanda biz dəniz blokadasını da dəstəkləyirik”, - deyə CENTCOM-un komandanı, admiral Bred Kuper bildirib.
Komandanlıq vurğulayıb ki, ABŞ prezidentinin təşəbbüsü ilə həyata keçirilən missiya Hörmüz boğazından keçməyə çalışan ticarət gəmilərinə dəstək verəcək. Qeyd olunur ki, bu boğazdan dünya neft tədarükünün təxminən dörddə biri, eləcə də böyük həcmdə yanacaq və gübrə daşınır.
“Azadlıq” missiyasının hərbi dəstəyini idarəolunan raketlərlə təchiz edilmiş esmineslər, 100-dən çox quruda və aviadaşıyıcılarda yerləşdirilmiş təyyarələr, çoxfunksiyalı insansız platformalar və 15 min hərbi qulluqçu təmin edəcək”, - deyə CENTCOM bildirib.
Sevinc Əliyeva
Ordu.az