ABŞ Hörmüz boğazında gəmilərin hərəkətini təmin etmək üçün əməliyyata esmineslər və təyyarələr cəlb edəcək

2026/05/1777643830.jpg
Oxunub: 671     06:14     04 May 2026    
ABŞ Hörmüz boğazında bloklanmış ticarət gəmilərinin hərəkətini təmin etmək üçün idarəolunan raketlərlə təchiz edilmiş esmineslərdən, quruda və aviadaşıyıcılarda yerləşdirilmiş 100-dən çox təyyarədən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Bu müdafiə xarakterli missiyaya verdiyimiz dəstək regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır, eyni zamanda biz dəniz blokadasını da dəstəkləyirik”, - deyə CENTCOM-un komandanı, admiral Bred Kuper bazar ertəsi bildirib.

Komandanlıqda qeyd edilib ki, ABŞ prezidentinin təşəbbüsü ilə həyata keçirilən bu missiya Hörmüz boğazından maneəsiz keçməyə çalışan ticarət gəmilərinə dəstək verəcək. Qeyd olunur ki, bu boğazdan dünya neft tədarükünün təxminən dörddə biri, eləcə də böyük həcmdə yanacaq və gübrə daşınır.

“Azadlıq” missiyasının hərbi dəstəyini idarəolunan raketlərlə təchiz edilmiş esmineslər, quruda və aviadaşıyıcılarda yerləşdirilmiş 100-dən çox təyyarə, çoxfunksiyalı pilotsuz platformalar və 15 min hərbi qulluqçu təmin edəcək”, - deyə CENTCOM bildirib.

ABŞ prezidenti Donald Tramp bazar günü bəyan edib ki, ABŞ bazar ertəsindən etibarən Hörmüz boğazında bloklanmış və oradan çıxmağa çalışan gəmilərə yardım göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin