“Al Arabiya”: İran nüvə proqramını ABŞ ilə danışıqların gündəliyinə daxil etməyə razılaşıb

2026/04/1777437793.jpg
Oxunub: 549     21:16     03 May 2026    
İran əvvəlki şərtlərinin bir hissəsindən geri çəkilib və nüvə proqramını ABŞ ilə danışıqların gündəliyinə daxil etməyə razılaşıb.

Ordu.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə bazar günü mənbələr məlumat yayıb.

Məlumata görə, yüksək vəzifəli iranlı məmur şənbə günü “Reuters” agentliyinə bildirib ki, Tehranın təklifi ilk növbədə Hörmüz boğazında gəmiçiliyin bərpasına və ABŞ tərəfindən dəniz blokadasının dayandırılmasına yönəlmişdi, nüvə danışıqları isə sonrakı mərhələyə saxlanılırdı.

Lakin “Al Arabiya”nın mənbələri qeyd ediblər ki, İran indi nüvə proqramını müzakirə etməyə razılaşıb və uranın zənginləşdirilməsini 3,5 faizlə məhdudlaşdırmağı, eləcə də mövcud zənginləşdirilmiş uran ehtiyatlarını tədricən azaltmağı təklif edib.

Yenilənmiş təklifə, həmçinin ABŞ blokadasının aradan qaldırılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə yenidən açılması da daxildir.

Mənbələrin sözlərinə görə, Tehran ABŞ qoşunlarının bölgədən çıxarılması tələbindən də imtina edib.

Bildirilir ki, İran indi bunun əvəzinə ABŞ-nin öz sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun dayandırılmasına və gələcək hücumlardan beynəlxalq təminatların verilməsinə çalışır.

ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İranın ilkin təklifinin dəqiq məzmunu ilə hələ tanış olmayıb, lakin çətin ki, onu qəbul etsin.

Onun sözlərinə görə, Tehran hələ “kifayət qədər yüksək bədəl ödəməyib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin