Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa İttifaqı sammiti dönüş nöqtəsi riski kimi: Xarici oyunların Ermənistan üçün qiyməti” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, mayın 4-5-də gözlənilən səfərlər, bu çərçivədə Rusiya ilə açıq qarşıdurmada olan və Ukraynanı dəstəkləyən ölkələrin liderlərinin Ermənistana gəlməsi onsuz da mürəkkəb olan regional vəziyyətə yeni gərginlik qatır.
“Bu kontekstdə daha tez-tez səslənən qiymətləndirmə ondan ibarətdir ki, belə inkişaflar İrəvan ilə Moskva arasında münasibətlərin kəskinləşməsini sürətləndirə, hətta tam qırılma həddinə çatdıra bilər.
Belə bir ssenari baş verərsə, nəticələr yalnız siyasi sahə ilə məhdudlaşmayacaq. Enerji daşıyıcılarının qiymətlərinin mümkün dəyişməsindən tutmuş ixrac bazarlarının məhdudlaşmasına və əmək miqrasiyası şərtlərinin çətinləşməsinə qədər iqtisadi və sosial təsirlər gündəlik həyatda hiss oluna bilər. İllər ərzində formalaşmış əlaqələrin pozulması yeni problemlər yaradacaq və onların həlli uzun zaman və böyük resurslar tələb edəcək.
Ekspert dairələrində belə bir fikir də geniş yayılıb ki, parlament seçkiləri ərəfəsində bu miqyasda tədbirin təşkili konkret daxili siyasi hesablamalara əsaslanır. Rəsmi izahatlardan asılı olmayaraq, aydındır ki, yüksək səviyyəli beynəlxalq tədbir ictimai əhval-ruhiyyəyə təsir göstərmək məqsədilə istifadə oluna bilər. Bu fonda ölkə daxilində baş verən proseslər daha qabarıq görünür və müxtəlif qiymətləndirmələrə görə, artıq demokratik normaların sərhədlərini aşır və ciddi narahatlıqlar doğurur”, - deyə nəşr bildirib.
Hüquqşünas və beynəlxalq insan hüquqları müdafiəçisi Robert Amsterdam bu proseslərə toxunaraq bildirib: “Hüquq ekspertləri xəbərdarlıq edir ki, iyunun 7-də keçiriləcək seçkilərdən əvvəl Avropa İttifaqı demokratiya və insan hüquqlarının pozulmasına baxmayaraq Ermənistandakı “diktatora” dəstək verir. Brüssel hökumətin tənqidçiləri ilə bağlı “dezinformasiya”ya qarşı mübarizə üçün 300 milyon avro ayırır. Brüssel rəsmiləri Avropa İttifaqı hüququnun on iki pozuntusuna görə tənqid olunub. Yeni qalmaqallı hesabatın məlumatına görə, Ermənistan seçkilərinə Avropa İttifaqının müdaxiləsi məhz Avropa İttifaqının özünün seçki proseslərinə müdaxilə ilə bağlı qaydalarını və qanunlarını pozub. “Amsterdam & Partners” hüquq şirkətinin “Interference by design” (Layihə üzrə müdaxilə) adlı yeni hesabatı xəbərdarlıq edir ki, “Avropa İttifaqı Ermənistan hökumətinin demokratik geriləməsi ilə bağlı səssiz qalmaqdan aktiv, qeyri-neytral və struktur baxımından birtərəfli iştirak mərhələsinə keçib və bu, Ermənistanın seçkiöncəsi mühitində özünü göstərir”. Hesabatda qeyd olunur ki, Avropa İttifaqı “qanuni əməkdaşlıqdan dolayı seçki müdaxiləsinə və beynəlxalq və Avropa İttifaqı hüququnun pozulmasına keçərək həddi aşıb”. Sənədə görə, seçkilər ərəfəsində Avropa İttifaqının fəaliyyəti, o cümlədən 300 milyon avrodan artıq maliyyə dəstəyi, “Hibrid sürətli reaksiya komandası”nın göndərilməsi, “dezinformasiyaya qarşı mübarizə” tədbirləri və səsvermədən bir ay əvvəl İrəvanda 44 Avropa liderinin sammitinin keçirilməsi Ermənistanın seçki prosesinin sabotajına bərabərdir”.
Müəllif qeyd edib ki, yaranmış vəziyyətdə xarici siyasətdə balansın qorunması daha da vacib olur.
“Tarix dəfələrlə göstərib ki, birtərəfli yönəlmələr kiçik dövlətlər üçün çox vaxt ağır nəticələr doğurur. İrəvanda keçiriləcək sammit qısamüddətli siyasi nəticələr verə bilər, lakin onun uzunmüddətli təsiri bundan sonrakı addımların nə dərəcədə hesablanmış və balanslı olacağından asılı olacaq.
Aydındır ki, istənilən xarici münasibətlərin pisləşməsi ilk növbədə cəmiyyətə təsir edir. İqtisadi çətinliklər, sosial problemlərin dərinləşməsi və gələcəyin qeyri-müəyyənliyi adi vətəndaşın ödədiyi qiymətə çevrilir. Bu kontekstdə hər bir qərar maksimum məsuliyyət və hesablama tələb edir, çünki yanlış hesablamaların nəticələri illərlə hiss oluna bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az