Ermənistan KİV-i: Rusiyada İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə necə reaksiya verilir?

2026/05/1777658169.jpg
Oxunub: 432     21:54     01 May 2026    
Mayın əvvəlində İrəvan Qərb liderlərinin ziyarət məkanına çevriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri “Rusiyada İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə necə reaksiya verilir?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, əvvəlcə burada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək, daha sonra isə Ermənistan-Avropa İttifaqı ilk sammiti baş tutacaq.

“Bununla yanaşı, Fransa Prezidenti Emmanuel Makron dövlət səfəri ilə respublikaya gələcək. Ekspertlər bildirirlər ki, Brüssel və Paris qarşıdan gələn parlament seçkilərində Ermənistanda hakim partiyanın qələbəsi üçün hər şeyi edir. Bu barədə Rusiyanın “İzvestiya” nəşri yazır.

İrəvanda həmin görüşdən əlavə, mayın 4-5-də Ermənistan-Avropa İttifaqı ilk ikitərəfli sammiti də keçiriləcək. Bildirilir ki, gündəlikdə “Ukrayna və İranda hərbi münaqişələr, qlobal nəqliyyat dəhlizlərinin yaradılması və Cənubi Qafqazda rifah məsələləri” olacaq. Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştiraklarını təsdiqləyiblər.

Gözləmək olar ki, tədbirin nəticələrinə görə Avropa liderləri Cənubi Qafqaz ölkəsinə maliyyə yardımının yeni paketlərinin ayrılması və müəyyən əlavə investisiya layihələri barədə elan verəcəklər. Şübhəsiz ki, viza liberallaşdırılması sahəsində uğurlar və Ermənistanın ümumi Avropa inteqrasiyası perspektivləri barədə bəyanatlar da səslənəcək”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, bütün bu fəallığın əsas və ən açıq məqsədi Ermənistanda hakim partiyanı dəstəkləməkdir.

“Məsələ ondadır ki, iyunun 7-də ölkədə növbəti beş il üçün hakimiyyətin konfiqurasiyasını müəyyən edəcək mühüm parlament seçkiləri keçiriləcək. Hələlik aydın qalib yoxdur, sorğular göstərir ki, liderlik uğrunda mübarizə əsasən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası ilə Rusiya ilə daha sıx əlaqələrin tərəfdarı olan “Güclü Ermənistan” arasında gedir.

Bununla yanaşı, xarici siyasət sahəsində problemlər kifayət qədərdir. Paşinyan öz uğurlarından biri kimi sülhün bərqərar olmasını göstərsə də, Azərbaycan və Türkiyə ilə münasibətlər hələ də tam tənzimlənməyib.

Bundan əlavə, Ermənistan rəhbərinin Moskvaya son səfəri qalmaqallı alınıb, burada Paşinyan Rusiya rəhbərliyi ilə kəskin ictimai polemikaya girib. Belə şəraitdə Ermənistan hakimiyyəti, görünür, avropalılarla bir sıra danışıqlar vasitəsilə respublikanın xarici siyasətdə müəyyən uğurlarının olduğunu göstərməyə çalışacaq”, - deyə nəşr vurğulayıb.

Müəllif qeyd edib ki, Qərb liderlərinin Cənubi Qafqazda açıq maraqları var.

“Birincisi, Ermənistan regionda Rusiyanın müttəfiqi hesab olunur, ölkə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buna uyğun olaraq, Brüssel İrəvan ilə Moskva arasında məsafənin artmasında maraqlıdır.

İkincisi, Qərb ölkələri İran və Rusiya arasında əlaqələri zəiflətmək istəyirlər. Ötən il Avrasiya İqtisadi Birliyi ilə İran İslam Respublikası arasında azad ticarət zonası yaradılması barədə qərar qüvvəyə minib, üstəlik, Tehranın bu birliklə quru əlaqəsi yalnız Ermənistan ərazisindən mümkündür. Belə şəraitdə İrəvanın Qərbə doğru yönəlməsi bu razılaşmanın həyata keçirilməsini zəiflədə bilər.

Bundan əlavə, Avropa İttifaqı hazırda ABŞ administrasiyası ilə mürəkkəb münasibətlər yaşayır. Vaşinqton ötən il Ermənistan və Azərbaycana sülh müqaviləsinin mətnini ilkin razılaşdırmaqda kömək etməklə region gündəminə fəal daxil olmuşdu. Həmin vaxt üç tərəf “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) yaradılması barədə də razılaşmışdı ki, bu yol Bakı ilə Naxçıvan və Türkiyəni birləşdirəcək. Aydındır ki, avropalılar belə mühüm proseslərdən kənarda qalmaq istəmirlər.

Nəhayət, daha bir mühüm məsələ yeni logistika dəhlizlərinin yaradılması ilə bağlıdır. Xüsusilə Çin “Bir kəmər, bir yol” layihəsini inkişaf etdirir və onun bir hissəsi Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçməlidir. Daha sonra Türkiyə ərazisi vasitəsilə Çindən mallar Avropa İttifaqına çatdırılacaq. Əgər Brüssel bu marşrut üzərində təsirini gücləndirə bilsə, Pekinlə dialoqda daha əlverişli mövqelər əldə edəcək. Rusiyada Vladimir Zelenskinin mümkün səfəri də diqqətdən kənarda qalmayıb”, - deyə məqalədə bildirilib.

Müəllfin yazdığına görə, “Vzqlyad” nəşrinə müsahibəsində politoloq Nikolay Silayev bildirib ki, Zelenskinin dəvət edilməsi İrəvanın Moskva ilə münasibətləri zəiflətmək kursunu təsdiqləyir.

“Avropa İttifaqı-Ermənistan sammiti böyük ölçüdə seçkiqabağı xarakter daşıyır. Avropa İttifaqı Nikol Paşinyana dəstəyini nümayiş etdirməyə çalışır, buna görə də qarşıdakı tədbirdə Brüssel, yəqin ki, İrəvana hansısa ciddi vədlər verəcək”, - deyə Silayev bildirib.

O qeyd edib ki, bu kontekstdə Ermənistanın Vladimir Zelenskini dəvət etməsi Avropa İttifaqı ilə yaxınlaşma xəttinin məntiqi davamı kimi görünür.

“Bu şəxsə göstərilən diqqət Paşinyanın Avropadan yardım qarşılığında özünəməxsus siyasi jestinə çevrilib. Bu, artıq açıq və məhdudiyyətsiz şəkildə Rusiya ilə münasibətlərin pozulmasına yönəlmiş addımdır”, - deyə Silayev vurğulayıb.

O deyib ki, eyni zamanda, Avropa İttifaqı ilə Gürcüstan arasındakı münasibətlərdə də ziddiyyət diqqətəlayiqdir, burada Ukrayna mövzusu seçki gündəmində fəal istifadə olunurdu.

“Lakin orada ölkəyə birbaşa olaraq Moskva ilə qarşıdurmaya girmək təklif edilirdi, halbuki Ermənistan qarşıdurmadan yayınmaq imkanına malikdir”, - deyə Silayev qeyd edib.

O, sözlərini belə yekunlaşdırıb: “Əlbəttə, Ermənistanda baş verənlərə münasibət Paşinyan tərəfdarları və müxalifətin mövqelərinin fərqli olması səbəbindən vahid olmayacaq. Əsas sual isə odur ki, Zelenskinin dəvətinə tərəddüd edən seçicilər necə reaksiya verəcək və baş nazir baş verənləri əhalinin həmin hissəsi üçün nə dərəcədə cəlbedici təqdim edə biləcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin