Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin internetin işinin məhdudlaşdırılması ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, terror aktlarının qarşısının alınması zamanı məhdudiyyətlər barədə geniş məlumat verilməsi operativ işə zərər vura bilər.
“Cinayətkarlar da hər şeyi eşidir, hər şeyi görür. Onlara hansısa məlumat çatsa, onlar öz davranışlarını və cinayət planlarını uyğunlaşdıracaqlar”, - deyə Rusiyanın dövlət başçısı hökumət üzvləri ilə müşavirə zamanı bildirib.
Bununla yanaşı, Vladimir Putin dəqiqləşdirib ki, heç olmasa operativ xidmətlərin işinin nəticələrinə əsasən vətəndaşlara baş verənlərlə bağlı məlumat verilməlidir. Prezidentin fikrincə, optimal həll yolu tapmaq üçün hüquq-mühafizə orqanları ilə “mülki hakimiyyət strukturları” arasında koordinasiya qurulmalıdır.
“Ümid edirik ki, məhz hüquq-mühafizə orqanları öz işlərində zəruri çeviklik, yüksək peşəkarlıq nümayiş etdirəcək və ölkə vətəndaşlarının həyati maraqlarını nəzərə alacaqlar”, - deyə Putin sözlərini yekunlaşdırıb.
Rusiyanın regionlarında genişmiqyaslı internet kəsintiləri “pilotsuz uçuş aparatı təhlükəsi” rejimi tətbiq edilən zaman baş verir. Bəzi vilayət rəhbərləri sakinlərə mümkün nasazlıqlar barədə əvvəlcədən məlumat verirlər. İnternetin kəsildiyi vaxt Rəqəmsal İnkişaf Nazirliyinin “ağ siyahısı”na daxil olan xidmətlər əlçatan olaraq qalır. Hazırda həmin siyahıya 500-dən çox platforma, o cümlədən bank tətbiqləri, marketpleyslər və bəzi KİV-lər daxildir.
Sevinc Əliyeva
Ordu.az