Britaniya və Fransa Hörmüz boğazının açılması üçün praktiki hərbi variantların zəruri olduğunu bəyan edib

2026/03/1773466996.jpg
Oxunub: 332     17:53     23 Aprel 2026    
Böyük Britaniya və Fransa bu gün Londonda toplaşan hərbi planlaşdırıcılara bildiriblər ki, strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək üçün “praktiki hərbi variantlar” lazım olacaq.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Liderlərimizin əldə etdiyi diplomatik razılaşmanı praktiki hərbi addımlara çevirmək sizin vəzifənizdir. Bu, boğazda gəmiçilik azadlığının qorunmasına yönəlmiş koordinasiyalı birgə plan vasitəsilə həyata keçirilməlidir”, - deyə Böyük Britaniyanın müdafiə naziri Con Hili və onun fransalı həmkarı Katrin Votrenin birgə müraciətində bildirilib.

“Mövcud diplomatik dinamikanı əməli fəaliyyətə çevirmək aydın planlaşdırma, səmimi müzakirə və müttəfiq, tərəfdaş ölkələrin qətiyyətli öhdəliyini tələb edir. Artıq töhfə verməyə hazır olduqlarını bildirən dövlətlərə minnətdarıq”, - deyə iki ölkənin müdafiə qurumlarının bəyanatında qeyd olunub.

“Biz əminik ki, real irəliləyiş mümkündür. Biz boğazın yenidən açılmasına, qlobal iqtisadiyyatın sabitləşməsinə və xalqlarımızın qorunmasına kömək edə bilərik”, - deyə iki ölkənin müdafiə qurumlarının rəhbərləri bildiriblər.

Onlarla ölkənin hərbi strateqləri bu gün Londonun şimalında yerləşən Böyük Britaniyanın daimi birgə qərargahında toplaşıblar. İki günlük konfransın ikinci günündə onlar su yolunun fəaliyyətinin bərpasına yönəlmiş addımları müzakirə edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Fransa   Hörmüz  


Bizi "telegram"da izləyin