“Hakimiyyət yalnız öz elektoratına fokuslanıb, onlar prosesi ciddiyyətsizləşdirirlər” - Köçəryan

2026/03/1774549432.jpg
Oxunub: 368     12:07     17 Aprel 2026    
“Hakimiyyətin təbliğat kampaniyasını izləyirəm və orada məzmunlu müzakirə yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan növbəti podkastında bildirib.

“Mən hakimiyyətin seçki kampaniyasını izləyirəm, siz haradasa məzmunlu müzakirə eşitmisinizmi? Yoxdur. Baş nazir strimerə çevrilib, mikrofonu götürüb küçələrə düşüb, maşında siqnal verib salamlayır, məişət səviyyəsində kampaniya aparırlar.

Ciddi müzakirələrdən sadəcə qaçırlar, hətta debat olan verilişlərdə belə həmin debat dava-dalaşa çevrilir. Öz kütlələrinə təsir etməyin yeganə yolu prosesi ciddiyyətsizləşdirməkdir. “Tsilo, xəritə”, küçədə nəsə paylamaq, bir az təlxək obrazına girmək, yarıciddi, yarızarafat və fikrimcə, bunu ona görə edirlər ki, prosesi maksimum dərəcədə ciddiyyətsizləşdirmək üçün ki, bu müddətdə məzmunlu müzakirələr mümkün olmasın.

Bir şeyi də görürəm. Onlar yalnız özlərinə sadiq kütləyə fokuslanıblar. Erməni xalqını nəyəsə inandırmağa çalışmırlar. Yalnız elə bir kütləyə fokuslanıblar ki, fikirlərinə görə hələ də onlara təsir imkanları var. Biz hələ kampaniyamıza başlamamışıq, amma etdiyimiz iş erməni xalqının müxtəlif təbəqələrini inandırmağa çalışmaqdır ki, biz haqlıyıq, bu və ya digər addımlar səhv atılır, siyasəti düzəltmək lazımdır. Bizim etdiklərimiz dar elektorata yönəlməyib.

O isə erməni xalqını inandırmağa çalışmır, öz fikrincə hökumətə və baş nazirə hələ də sadiq qalan kütləni inandırmağa çalışır. Fərq bundadır”, - deyə o bildirib.

Köçəryan qeyd edib ki, bəlkə sırf seçki baxımından onlar düzgün davranırlar, lakin hakimiyyətin bütün xalqla danışmaq öhdəliyi var.

“Fərq məhz müxalifətlə hakimiyyət arasında burada olmalıdır. Hakimiyyət məsuliyyət daşıyır, rıçaqlara malikdir. Hakimiyyət bizi məhvə də apara bilər, rifaha da apara bilər, amma hakimiyyətin kommunikasiyası bütün xalqla olmalıdır. O isə bu kommunikasiyanı daraldıb.

Bu, Ermənistan üçün problemdir. Bəlkə texnoloji baxımdan düzgün edir, amma bu halda o, mahiyyətcə lider deyil. O, ölkə haqqında düşünmür, bu halda yalnız kreslosunu hər vasitə ilə qorumağı düşünür. İki-üç il əvvəl də demişdim ki, bizdə məsuliyyətsiz hakimiyyət və məsuliyyətli müxalifət var. Biz dövlətçi insanlar kimi davranırıq, erməni xalqını inandırmağa çalışırıq, onlar isə psixologiyalarına və davranışlarına görə müxalifət olaraq qalıblar. Hakimiyyət kreslosunda oturub özünü müxalifət kimi aparırsan və bəzən bu klounadaya çevrilir. Bu davranışla dövlət sistemini işlədə bilməzsən. Minlərlə insan hər gün dövlət qulluqçusu kimi çalışır, sən isə bütün sistemi ciddiyyətsizləşdirirsən, çünki bu gün onların rəhbərisən. Bu çox ciddi problemdir. Mənim təəssüratım budur ki, bəlkə hələ tam izah olunmayıb, tam dərk edilməyib, amma bugünkü problemlərimizin bir hissəsi məhz buradan qaynaqlanır”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin