Ordu.az xəbər verir ki, bu barədə Ermənsitan parlamentinin iclasında müxalif “Hayastan” blokunun deputatı Lilit Qalstyan Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci ildə icrası və nəticələri barədə hesabatın müzakirəsi zamanı Baş nazir Nikol Paşinyana müraciət edərək bildirib.
“Son illərdə sizin diplomatik uğursuzluqlarınız, şəxsi qorxularınız və yanlış təsəvvürləriniz Ermənistanın məğlubiyyətini geri dönməz edib. Bunlar ölkənin tənəzzülünü dərinləşdirib. Siz hakimiyyətə ümummilli eyforiya şəraitində gəlmisiniz, bu gün isə nifrət və intiqam səpirsiniz: siyasi məhbuslar, təqib olunan kilsə, beynəlxalq alçaldılma, məyus cəmiyyət və jurnalistlərin qorxudulması. Hüdudsuz populizmi və yalanları da xatırlamaq olar ki, bunda sizin bənzəriniz yoxdur. Bu yaxınlarda bəyan etdiniz ki, əgər konstitusion çoxluğunuz olmasa, fəlakətli müharibə qaçılmazdır”, - deyə Qalstyan bildirib.
Erməni deputatın sözlərinə görə, Paşinyanın dövlət barədə təsəvvürləri qanunsuz və sağlam olmayan xarakter daşıyır.
Qalstyan daxili siyasi vəziyyətə də toxunaraq vurğulayıb ki, ölkədə siyasi təqiblər tüğyan edir və dövlət institutlarının dəyərsizləşdirilməsi baş verir.
“Təslim olmaq və təhvil vermək: sizin təhlükəsizlik konsepsiyanız budur. Bunun adı var: mərhələli kapitulyasiya. Sizin yeganə təhlükəsizlik yastığınız və təminatınız isə çevrilmiş vəziyyətə bərkidilmiş Ermənistanın dəmir modelidir”, - deyə erməni müxalif siyasətçi bildirib.
Alpər Mövludoğlu
Ordu.az