Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
“Joğovurd” qəzeti Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci ildə icrasının gedişi və nəticələri barədə hesabatı araşdırmağı davam etdirib və məlum olub ki, ABŞ ilə münasibətlərdə keyfiyyət artımı, Rusiya ilə isə həcmli və intensiv əlaqələr mövcuddur.
“2025-ci ilin rəsmi hesabatının məlumatları ikili mənzərə ortaya qoyur. Ermənistanın ABŞ ilə münasibətləri açıq şəkildə yeni siyasi keyfiyyət qazanıb, Rusiya ilə əlaqələr isə geriləmə şəraitində belə həm təmasların intensivliyi, həm də iqtisadi həcm baxımından müqayisəolunmaz dərəcədə dərin olaraq qalır. Yəni söhbət siyasi yenidənformalaşmadan gedirsə, irəliləyiş Amerika istiqamətindədir, əgər meyar praktiki əlaqələrin həcmidirsə, Rusiya istiqaməti hələ də üstünlük təşkil edir.
Rəsmi sənəddə Rusiya ilə bağlı qeyd olunur ki, “2025-ci il ərzində Rusiya ilə ali və yüksək səviyyələrdə dialoq davam etdirilib”. Həmin hissədə xüsusi vurğulanır ki, “Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında 4 görüş və 5 telefon danışığı baş tutub”. Bu isə göstərir ki, Moskva ilə əlaqə təkcə qorunmayıb, həm də intensiv siyasi təmaslar səviyyəsində qalıb”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, Rusiya istiqamətində ən diqqətçəkən göstərici isə ticarət dövriyyəsidir.
“Sənəddə bildirilir: “2025-ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən 7,7 milyard ABŞ dolları təşkil edib və 2024-cü illə müqayisədə təxminən 38,3% azalıb”. Azalma böyük olsa da, hətta bu şəraitdə belə rəqəm elə həcmdə qalır ki, Amerika istiqaməti buna hələ yaxınlaşmır.
ABŞ ilə bağlı mənzərə fərqlidir. Sənəddə aydın şəkildə yazılıb: “2025-ci il ərzində Ermənistan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb”. Bu keyfiyyət dəyişikliyinin əsas epizodu ondan ibarət olub ki, “yanvarın 14-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan-ABŞ strateji tərəfdaşlıq xartiyasını imzalayıblar”.
ABŞ istiqamətində başqa inkişaflar da qeydə alınıb. Xüsusilə qeyd olunur ki, “fevralın 3-5-i Ermənistanın Baş naziri Vaşinqtonda Beynəlxalq dini azadlıq sammitində və Milli dua səhər yeməyində iştirak edib, ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə görüşüb”. Bundan başqa, sənəd göstərir ki, Amerika dəstəyi yalnız siyasi səviyyədə qalmayıb. Məsələn, qeyd edilir: “ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun dəstəyi ilə Bryus adına məktəb Ermənistanda TRIPP (Zəngəzur dəhlizi-red.) proqramının icrası məqsədilə 145 milyon dramlıq paket barədə işə başlayıb”. Həmçinin bildirilir ki, “Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri baş tutub”, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində isə “123 sazişi” üzrə danışıqların başlanmasının ardınca Ermənistan və ABŞ-nin səlahiyyətli qurumlarının nümayəndələri arasında ilk danışıqlar mərhələsi keçirilib”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, lakin iqtisadi rəqəmlər ABŞ istiqamətində təvazökardır.
“Rəsmi məlumata görə, “2025-ci ildə Ermənistan ilə ABŞ arasında ticarət dövriyyəsi təxminən 348 milyon ABŞ dolları təşkil edib və 2024-cü illə müqayisədə 15,2% azalıb”. Bu göstərici Rusiya ilə ticarət dövriyyəsindən təxminən 22 dəfə azdır.
Beləliklə, faktlar ən azı iki fərqli nəticə çıxarmağa məcbur edir. ABŞ ilə münasibətlər bu gün daha sürətlə artan, siyasi baxımdan daha isti və perspektivli istiqamətdir, çünki onlar strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb və yeni institusional format qazanıb. Lakin praktiki səmərəlilik meyarları baxımından, xüsusilə ticarət, yüksək səviyyəli daimi əlaqələr və ümumi iştirakçılıq nöqteyi-nəzərindən Rusiya hələ də Ermənistanın daha sıx tərəfdaşı olaraq qalır.
Qısaca desək, əgər sual qoyulsa ki, 2025-ci ildə hansı istiqamət daha “isti” olub, cavab daha çox ABŞ-dir, çünki münasibətlər rəsmi olaraq yeni səviyyəyə qaldırılıb. Əgər sual qoyulsa ki, hansı istiqamət daha “sıx” və praktiki olaraq daha təsirlidir, cavab hələlik 4 görüş, 5 telefon danışığı və 7,7 milyard dollarlıq ticarət dövriyyəsi ilə Rusiyadır. Yəni Ermənistan 2025-ci ildə Vaşinqtonla siyasi yüksəliş əldə edib, lakin Moskva ilə daha ağırçəkili və maddi əlaqəni hələ də qoruyur”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az