Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri “Avropa İrəvanda Paşinyanın keçirəcəyi sammitdə iştirak məsələsini müzakirə edir” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bütün göstəricilər onu göstərir ki, Avropa ölkələrinin liderləri Ermənistanın baş naziri Nikol Paşinyanın kifayət qədər aşağı reytinqindən xəbərdardırlar.
“Paşinyana dəstək məsələsi, onun aşağı reytinqi nəzərə alınaraq, təkcə Avropa müxalifəti arasında deyil, həm də onun keçmiş tərəfdarları arasında müzakirə mövzusuna çevrilib. Macarıstanın keçmiş baş naziri Viktor Orbanla bağlı vəziyyətdən sonra Avropa liderləri Trampın taleyini təkrarlamaq istəmirlər”, - deyə müəllif qeyd edib.
Nəşr xatırladıb ki, aprelin əvvəlində Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan müxalif qüvvələrə birgə məktubla Avropa Siyasi Birliyinin rəhbərliyinə və üzv dövlətlərə müraciət etməyi təklif etmişdi.
“Məktubda may ayında İrəvanda keçirilməsi gözlənilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin iki ay təxirə salınması və gözlənilən parlament seçkilərindən sonra keçirilməsi xahiş olunurdu.
“Xüsusilə hələ tamamlanmamış məsələləri yerinə yetirməyə hazır olması nəzərə alınarsa, Paşinyan Avropa üçün rahat tərəfdaş olaraq qalır. Buraya konstitusiya dəyişiklikləri və Azərbaycanın xeyrinə Ermənistanın strateji əhəmiyyətli hissələrində yeni ərazi güzəştləri də daxildir. Müvəqqəti olaraq təxirə salınmış bu addımlar onun seçkidən sonrakı gündəliyinin əsasını təşkil edir. Yenidən seçilmək prosesin sonu deyil, onun davamı üçün ilkin şərtdir.
Səsvermədən bir neçə gün əvvəl İrəvanda iri siyasi tədbirin keçirilməsi onsuz da zədələnmiş prosesin legitimləşdirilməsi təhlükəsini yaradır. Təxirə salınma Ermənistanın suverenliyinə hörmət nümayişi olardı”, - deyə o, öz “Facebook” səhifəsində yazıb.
Əlavə edək ki, Parisdə keçirilən erməni diasporunun qurultayı və katolikosun bəyanatından sonra Paşinyana dəstək göstərilməsi Avropa liderlərinin və onların ölkələrində, xüsusilə Fransada və Belçikada yaşayan erməni diasporu ilə isti münasibətlərinə zərər vura bilər.
Demokratik dəyərlərin sərhədlərini aşan sonsuz həbslər artıq bu gün Avropanın özü üçün narahatlıq səbəbinə çevrilib. Qeyd edək ki, bu yaxınlarda məktəbli David Minasyan həbs edilmişdi, bu gün isə “Güclü Ermənistan” partiyasının ondan çox üzvü saxlanılıb, din xadimlərinə qarşı məhdudiyyətlər hələ də qüvvədədir, müxalifətə qarşı təzyiqlər və siyasi həbslər isə demokratik olmağın bütün sərhədlərini aşır”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, Bundestaqın “AfD” üzvü (ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası), doktor Rayner Rotfus “Telegram” kanalında yazır: “2026-cı il mayın 4-5-də Aİ rəhbərliyi parlament seçkilərindən qısa müddət əvvəl İrəvana səfər edəcək. Faktiki olaraq Ermənistan üzərində təzyiq artır ki, öz geosiyasi istiqamətini Avropa İttifaqına tərəf yenidən yönəltsin. Eyni zamanda ölkə Avrasiya İqtisadi Birliyinə üzvlükdən (2015-ci ildən) böyük fayda götürüb: 1000 m³ qaz üçün təxminən 177,5 dollar (təxminən 1,55 sent/kVt/saat) qiymət rəqabət qabiliyyəti yaradır, halbuki Avropa 600 dollardan çox ödəyir. Bundan əlavə, 2004-cü ildə Aİ-nin şərqə genişlənməsi ilə bağlı araşdırmalar göstərir ki, sənayenin payı 15-25% azalıb və bu, gənc mütəxəssislərin miqrasiyası ilə müşayiət olunub. Aİ-nin indiki sammiti seçkinin nəticəsinə təsir göstərmək üçünmü nəzərdə tutulub?”.
Müəllifin yazdığına görə, Bundestaqın “AfD” üzvü doktor Rayner Rotfus xəbərdarlıq edir: “Bu səhnələşdirmə Ermənistanı Aİ-nin geosiyasi kursuna əməl etməyə məcbur etmək cəhdidir. Həlledici seçkilərdən dərhal əvvəl güc nümayiş etdirən hər kəs tərəfdaşlıqla deyil, müdaxilə ilə məşğuldur. Avropa İttifaqı belə manevrlərdən çəkinməlidir. Ermənistan geosiyasi oyunların piyadasına çevrilməməlidir. Qafqazda sülh və sabitliyi təmin edəcək siyasət lazımdır”.
Nəşr qeyd edib ki, Aİ liderlərinin mayın əvvəlində İrəvanda keçiriləcək sammiti münasibətlərin qırılmasının səbəblərindən birinə çevrilə bilər.
“Əsrlik yaxın dostlarla münasibətlərin pisləşməsi halında ən böyük zərəri sadə xalq görəcək, ölkə iqtisadiyyatı isə sadəcə kollaps vəziyyətinə düşəcək. Aydındır ki, xarici siyasət balansının pozulması yalnız diplomatik deyil, iqtisadi risklər də yaradır. Siyasi qərarlar risk hesablamaları ilə müşayiət olunmadıqda, onların nəticələrini ilk növbədə cəmiyyət daşıyır”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az