Ermənistan KİV-i: Sülhdən daha böyük mərclər var: İran sərhədində “Amerika izi” Ermənistan üçün nə ifadə edəcək?

2026/04/1775489688.jpg
Oxunub: 520     15:52     16 Aprel 2026    
“ABŞ İranla qarşıdurmaya daha dərindən daxil olduqca, Ermənistan atəş xəttində qalmaq təhlükəsi ilə üzləşir. Yüksək vəzifəli şəxslərin səfərləri, nəqliyyat dəhlizləri, hərbi təchizatlar və Nikol Paşinyanın açıq dəstəyi etibarlı müttəfiqlik görüntüsü yaradır. Bəs bu dostluq həqiqətən təhlükəsizdirmi?”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sülhdən daha böyük mərclər var: İran sərhədində “Amerika izi” Ermənistan üçün nə ifadə edəcək?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, 2026-cı ilin aprel ayı Yaxın Şərqdən narahatedici xəbərlər gətirib.

“ABŞ vitse-prezidenti C.D. Vensin və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın İslamabadda saatlarla davam edən danışıqları nəticə vermədi. Vaşinqton və Tehran razılığa gələ bilmədi və genişmiqyaslı hərbi əməliyyatlar təhlükəsi yenidən realdır. Bu fonda regional təhlükəsizlik məsələsi Cənubi Qafqaz kontekstində getdikcə daha çox gündəmə gəlir: kiçik Ermənistan supergüclərin böyük oyununda sövdələşmə predmetinə çevriləcəkmi?

İranın şimal sərhədlərində forpost

Tehran üçün ABŞ-ın Cənubi Qafqazdakı mövcudluğu onun sərhədlərinə qarşı çox real geosiyasi təzyiq deməkdir. Vaşinqtonun yeni strategiyasının mərkəzi elementi “Trump Way for International Peace and Prosperity” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsi, Zəngəzurdan, Ermənistan üzərindən keçən nəqliyyat dəhlizidir. Rəsmi olaraq bu, Azərbaycanı Naxçıvanla birləşdirən sülh iqtisadi layihəsidir. Tehran buna başqa cür yanaşır”, - deyə müəllif vurğulayıb.

Nəşr qeyd edib ki, TRIPP digər razılaşmalarla birlikdə gəlir: nüvə energetikası sahəsinə 9 milyard dollarlıq Amerika sərmayəsi, “Firebird” startapı tərəfindən idarə olunan “Nvidia” ilə birgə 500 milyon dollarlıq məlumat mərkəzi. Amerika çipləri, Amerika reaktorları, Amerika dəhlizi.

“Ermənistan təkcə tərəfdaş deyil, həm də mərhələli şəkildə formalaşdırılmış dayaq məntəqəsinə çevrilir. İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti birbaşa bəyan edib ki, TRIPP İran sərhədi boyunca ABŞ və ya NATO hərbi mövcudluğuna yol açacaq. “Təcrübə göstərir ki, amerikalılar əvvəlcə həssas bölgələrə guya iqtisadi layihələrlə daxil olurlar, lakin tədricən onların mövcudluğu hərbi və kəşfiyyat məqsədləri üçün genişlənir”, - deyə o xəbərdarlıq edib. İran Xarici İşlər Nazirliyi onun şimal sərhədlərində hər hansı geosiyasi dəyişikliyi qətiyyətlə rədd edib.

Hərbi logistika müharibənin əlaməti kimi

Tehranın sözləri hərəkətlərlə təsdiqlənir. 2026-cı ilin fevral ayının əvvəlində monitorinq xidmətləri bölgədə ABŞ hərbi nəqliyyat fəallığının artdığını qeydə alıb. ABŞ Hərbi Hava Qüvvələri Ermənistan və Azərbaycana təxminən 35 yük reysi həyata keçirib, onlardan ən çoxu, 20-si Ermənistana olub. Uçuşların böyük hissəsi Avropadakı ən böyük Amerika bazası olan Almaniyanın “Ramştayn” bazasından həyata keçirilib. Hərbi analitiklər qeyd edirlər ki, bu, yalnız logistika deyil, həm də körpü yaratmaq vəzifəsidir. Ölkə münaqişənin birbaşa xəttindən uzaq olsa da, mümkün əməliyyatların təminatı baxımından mühüm olan operativ arxa zona çevrilir.

2026-cı ilin fevral ayının sonundan ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlar aparır. Cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə Amerika şirkətlərinin məlumat mərkəzlərinə hücum edib, Bəhreyndə yerləşən “Amazon” obyekti qismən məhv edilib. İslam İnqilabı Keşikçiləri Korpusu öz “qanuni hərbi hədəflər” siyahısına “Microsoft”, “Google”, “Apple”, “Meta”, “Oracle” və “Nvidia” daxil olmaqla 18 Amerika texnologiya şirkətini, məhz indi infrastrukturu sistemli şəkildə Ermənistanda peyda olan şirkətləri daxil edib”, - deyə müəllif yazıb.

Məqalədə bildirilib ki, bu isə erməni siyasətçilərinin yüksək səslə verməyə üstünlük vermədiyi bir sual yaradır: əgər İran Amerika məlumat mərkəzlərini qanuni hərbi hədəf hesab edirsə, sərhədindən cəmi bir neçə kilometr məsafədə yerləşən “Nvidia” çipləri ilə təchiz olunmuş Ermənistan-ABŞ mərkəzinə necə baxacaq?

“Tehran indi BƏƏ və Bəhreyn hədəflərinə zərbələr endirir. Lakin İrəvan daha yaxındır. Erməni əhali də eyni sualı verir. “Gallup International” tərəfindən 2026-cı ilin aprelində keçirilmiş sorğuya əsasən, ermənilərin təxminən 38 faizi ölkənin İran və ABŞ arasında müharibəyə cəlb olunması riskini yüksək qiymətləndirir. Parlament üzvü Artur Xaçatryan açıq şəkildə soruşub: “Təsəvvür edin ki, sabah İrandan 50.000, 100.000 qaçqın Ermənistana gəlsin. Hökumətin planı varmı?”. Cavab olmayıb.

Qaçqın dalğası və müharibə kölgəsi

Adi vətəndaşlar üçün əsas təhlükə siyasi oyunlarda deyil, onların həyatına birbaşa təhlükə yaradan risklərdədir. İran rəsmi şəkildə xəbərdarlıq edib ki, sərhədində Amerika qoşunlarının mövcudluğuna dözməyəcək və Tehranın cavab vermək imkanları var. Eskalasiya halında zərbələr İranın “ikili təyinatlı” hesab etdiyi istənilən infrastrukturu, istər məlumat mərkəzi olsun, istərsə də TRIPP logistika mərkəzləri olsun, hədəfə ala bilər.

Daha qorxulusu humanitar çöküş ehtimalıdır. Analitiklər hesab edirlər ki, əgər qarşıdurma genişmiqyaslı müharibəyə çevrilərsə, Ermənistan İrandan gələn 150.000-300.000 qaçqın axını ilə üzləşə bilər. Hətta nikbin proqnozlara görə respublika 50.000-60.000 nəfəri çətinliklə yerləşdirə biləcək ki, bu da təhlükəsizlik və sosial sabitlik üçün böyük çağırışlar yaradacaq.

“Səssiz idarəçi” və dəstəyin qiyməti

Eyni zamanda Amerika establişmentinin Ermənistanın baş naziri Nikol Paşinyana münasibəti kristal qədər aydındır. 2026-cı ilin fevralında İrəvana səfəri zamanı vitse-prezident C.D. Vens sadəcə danışıqlar aparmayıb, görünməmiş addım ataraq qarşıdan gələn seçkilərdə Paşinyanı açıq şəkildə dəstəkləyib”, - deyə müəllif qeyd edib.

Nəşr bildirib ki, o, Paşinyanı uzunmüddətli tərəfdaşlıqlar qurmaq qabiliyyətinə malik şəxs kimi təsvir edib.

“Vaşinqton baxımından Paşinyan İran sərhədində Amerika infrastruktur və logistika layihələrinin maneəsiz icrasını təmin edən rahat və proqnozlaşdırılan tərəfdaşdır. “Əgər mənim dəstəyim nəyəsə dəyərsə, o, buna şübhəsiz sahibdir”, - deyə ABŞ vitse-prezidenti birgə mətbuat konfransında bildirib. Bu “dəstəyin” məhz Ermənistan üçün nə qədər faydalı olduğu isə ayrıca sualdır. Cavab isə rəsmi İrəvanın istədiyi qədər çəhrayı deyil.

Orbanın kölgəsi: siyasi xəbərdarlıq

Bununla belə, tarix bizə öyrədir: Vaşinqtonun dəstəyi siyasi süqutdan sığorta deyil. Macarıstan son nümunədir. Uzun illər Viktor Orban Amerika sağçılarının favoriti hesab olunurdu, Donald Tramp və C.D. Vensdən açıq dəstək alırdı. Macarıstanda seçkilərə cəmi beş gün qalmış Vens Budapeşti fəaliyyət göstərən baş nazirə səs verməyə çağırmışdı. Lakin bu, Orbanı xilas etmədi. O, 2026-cı il aprelin 12-də baş tutan seçkilərdə məğlub olaraq hakimiyyəti müxalifətə təhvil verdi. Müttəfiqinin məğlubiyyətindən sonra Vens özü etiraf etdi ki, bu, ABŞ üçün “çox pis” idi, lakin faktiki olaraq təsir imkanlarının itirildiyini qəbul etdi.

Paşinyan macar həmkarının taleyini təkrarlamaq riski ilə üzləşir. Güclü Amerika dəstəyi və ictimai rəğbət alaraq o, xarici mühitin girovuna çevrilir. Əgər geosiyasi küləklər dəyişsə və ya TRIPP problemlərlə üzləşsə, bu dəstək gəldiyi qədər sürətlə yox ola bilər. O halda Ermənistanın baş naziri Vaşinqtonla bu qədər sıx əlaqələrin qiymətini hələ dərk etməmiş məyus seçici kütləsi ilə tək qalacaq.

Hədiyyələr illüziyası

Paşinyanın siyasətinin tənqidçiləri getdikcə daha çox soruşurlar: Ermənistan bu qədər güzəştlər və risklər müqabilində nə qazanır? Venslə imzalanan razılaşmalar paketinə 11 milyon dollar dəyərində pilotsuz uçuş aparatlarının satışı və mülki nüvə əməkdaşlığı sazişi daxildir. Lakin bu “hədiyyələr” onunla müqayisədə solğun görünür ki, Ermənistan faktiki olaraq strateji dəhliz üzərində ABŞ nəzarətinə razılaşır və artan hərbi mövcudluğa dözür”, - deyə nəşr vurğulayıb.

Məqalədə bildirilib ki, ABŞ İranın şimal sərhədləri və Rusiyanı dolanan tranzit yollar üzərində rıçaqlar əldə edir, Ermənistan isə başqasının müharibəsinə cəlb olunmaq və ticarət mərkəzinə çevrilmək riski daşıyır.

“Pərdəarxasında nə baş verir?

ABŞ İranla müharibənin ən qızğın vaxtında belə TRIPP-i irəli aparır, bu isə Vaşinqtonun prioritetləri haqqında çox şey deyir. Dəhliz ona görə lazım deyil ki, Ermənistan üçün yaxşıdır. O ona görə lazımdır ki, İranın Cənubi Qafqaza çıxışını bağlayır və növbəti 99 il üçün strateji əhəmiyyətli bölgə üzərində Amerika tranzit nəzarətini təmin edir.

Bu razılaşmada Ermənistan yardım alan tərəfdaş deyil, inkişaf etdirilən ərazidir. Amerika çipləri ilə məlumat mərkəzləri, Amerika texnologiyaları ilə nüvə reaktorları, Amerika nəzarətində olan dəmir yolu... Bütün bunlar bir neçə il ərzində qırılması praktiki olaraq mümkün olmayan infrastruktur asılılığı yaradır.

Paşinyan düşünə bilər ki, güclərin maraqlarını tarazlaşdıraraq və sərmayələr alaraq ağıllı oyun oynayır. Lakin tarix göstərir ki, Vaşinqton lideri açıq şəkildə “öz qanadı altına” alanda bu, həmişə liderin özü üçün yaxşı xəbər olmur. Orban bunu artıq anlayıb.

Amerika dəstəyi gec-tez qaytarılmalı olan kreditdir. Əgər bu kreditin faizləri qaçqın dalğaları və raket zərbələri təhlükəsi ilə ödənəcəksə, onda Ermənistan xalqı yəqin ki, baş nazirindən soruşmalıdır: Vaşinqtonun artıq ona ehtiyacı qalmadıqdan dərhal sonra karyerası çökən Orbanın taleyini bölüşməyə hazırdırmı?”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin