Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan və Mirzoyan Antalyaya getməyəcək” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bu, 2022-ci ildən, Ermənistan-Türkiyə normallaşma prosesinin başlanmasından etibarən ilk dəfədir ki, İrəvan belə aşağı səviyyədə iştirak edir.
“Antalyaya məhz Vahan Kostanyanın gedəcəyi forumun rəsmi saytında dərc olunan siyahıdan aydın olur. O, bu il Ermənistanın yeganə nümayəndəsi olacaq.
Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Nikol Paşinyan da aprelin 17-19-da Antalyada keçiriləcək diplomatiya forumunda iştirak etməyəcək. Görünür, Paşinyanın Antalyaya getməmək qərarı əsaslandırılıb. Türkiyə tərəfi indiyədək mayın əvvəlində İrəvanda keçiriləcək Avropa İttifaqının siyasi birliyi sammitində Ərdoğanın iştirak edib-etməyəcəyini açıqlamayıb. Həmin tədbirdə Avropa İttifaqı liderlərinin böyük hissəsi iştirak edəcək. Böyük ehtimalla, Ərdoğan İrəvana gəlməyəcək, çünki daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də İrəvana səfər ehtimalını rədd etmişdi.
Bu, əlbəttə ki, diplomatik baxımdan Nikol Paşinyanın mövqelərinə kifayət qədər ciddi zərbədir və o da Antalyaya getməməklə öz gücünü göstərməyə çalışır. Əvəzində xarici işlər naziri Ararat Mirzoyan Antalyaya gedə bilərdi, lakin görünür onun da deyəcəyi söz yoxdur və Ermənistan bu il belə aşağı səviyyədə iştirak edir”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, növbəti illərdə nə baş verəcəyi artıq Ermənistan-Türkiyə münasibətlərinin sonrakı gedişindən asılıdır.
“Hər halda Ermənistan tərəfi bəyan edib ki, münasibətlərin normallaşdırılması istiqamətində hər şeyi edib və indi top Türkiyənin meydanındadır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az