“Past”: Brüsseldən Moskvaya: xarici balansın pozulmasının qiyməti

2026/04/1776328632.jpg
Oxunub: 484     16:36     16 Aprel 2026    
Aprelin 14-də Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə may ayında Ermənistanda keçiriləcək sammitin təşkilati və siyasi məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Brüsseldən Moskvaya: xarici balansın pozulmasının qiyməti” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu görüş İrəvanın Avropa istiqamətində əməkdaşlığı dərinləşdirməyə davam etdiyini göstərən növbəti siqnaldır.

“Eyni zamanda Ermənistan Rusiya ilə münasibətlərdə mürəkkəb mərhələdədir. Moskvanın Avropa istiqamətində kəskin yaxınlaşmanın müttəfiqlik münasibətlərinin məntiqinə yenidən baxılmasına səbəb ola biləcəyi barədə aydın siqnallarına baxmayaraq, Ermənistan hakimiyyəti planlaşdırılan proqramlardan imtina etmir. Mayın 4-5-də İrəvanda keçiriləcək Avropa sammiti yalnız mühüm diplomatik hadisə deyil, həm də Ermənistan-Rusiya münasibətlərində növbəti gərginlik nöqtəsinə çevrilə bilər. İştirakçılar arasında Rusiya ilə mövcud qarşıdurmada siyasi dəstək prosesinə açıq şəkildə cəlb olunan ölkələrin rəhbərləri də olacaq ki, bu da vəziyyətə əlavə həssaslıq verir.

Eyni zamanda rəsmi İrəvan Rusiya ilə münasibətlərin sabit və tərəfdaşlıq səviyyəsində qorunduğunu bildirməyə davam edir. Lakin iqtisadi və inzibati sahədə müşahidə olunan proseslər əks meyllərdən xəbər verir. “Cermuk” məhsulları ilə bağlı cinayət işinin yenidən açılması, Ermənistan ixracına nəzarətin sərtləşdirilməsi, həmçinin Rusiya bazarında fəaliyyət göstərən şirkətlərin qarşısında yaranan bürokratik maneələr artıq işgüzar dairələrdə ciddi narahatlıq doğurur”, - deyə nəşr qeyd edib.

Müəllifin sözlərinə görə, bu proseslər hələlik əsasən iri biznesə təsir edir, lakin davam edəcəyi təqdirdə təsir geniş istehlak bazarına da yayıla bilər.

“Ermənistan iqtisadiyyatı üçün Rusiya istiqaməti hələ də əsas olaraq qalır və həmin münasibətlərdə istənilən kəskin dəyişiklik dərhal idxala, ixraca və əmək qüvvəsinin hərəkətinə təsir göstərir.

Aydındır ki, xarici siyasi balansın pozulması yalnız diplomatik deyil, həm də iqtisadi risklər yaradır. Siyasi qərarlar risk hesablamaları və kompensasiya mexanizmləri ilə müşayiət olunmadıqda, onların nəticələrini ilk növbədə cəmiyyət daşıyır.

Rusiya ilə münasibətlərin pisləşəcəyi halda ən böyük zərəri sadə xalq görəcək, iqtisadiyyat isə kollaps vəziyyətinə düşəcək. Xatırladaq ki, artıq Rusiya Federasiyasında bir neçə erməni şirkətinə qarşı sanksiyalar tətbiq edilib, bir şirkətin məhsul tədarükü qadağan olunub, “Cermuk” işi üzrə isə cinayət işi açılıb. Ekspertlər hesab edirlər ki, bütün bunlar yalnız bu şirkətlərlə məhdudlaşmayacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Moskva   Ermənistan  


Bizi "telegram"da izləyin