Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Yerinə yetirilməyən vədlər: yoxsulluq və işsizlik üzrə proqram hədəfləri də iflasa uğrayıb” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, hesabatın 23-cü səhifəsində işsizliklə bağlı yazılıb: “İşsizlik səviyyəsi 2025-ci ilin 3-cü rübünün məlumatlarına görə 11,8% təşkil edib, bu da 2024-cü ilin eyni rübündəki 13,3% və 2017-ci ildəki 16,4% göstəriciləri ilə müqayisə olunur”.
“Lakin burada tam mənzərə təqdim olunmur. Söhbət rüblük göstəricidən gedir. 2025-ci ilin illik məlumatları hələ dərc edilməyib. Son əlçatan illik göstərici isə 2024-cü ilə aiddir və həmin il işsizlik səviyyəsi 13,4% təşkil edib, bu da 2023-cü ilin göstəricisindən 1,0 faiz bəndi çoxdur, yəni işsizlik azalmaq əvəzinə artıb. Belə çıxır ki, qeydə alınan iqtisadi artıma baxmayaraq, 2024-cü ildə işsizlik səviyyəsi yüksəlib.
Hökumət proqramında müəyyən edilmiş hədəfə əsasən, səhifə 22-də qeyd olunduğu kimi, işsizlik səviyyəsi 2026-cı ilə qədər 10%-dən aşağı olmalıdır. Lakin mövcud tendensiyalar artıq göstərir ki, bu hədəfə çatmaq mümkün olmayacaq. İki il ərzində işsizlik səviyyəsini 3,4 faiz bəndi azaltmaq praktiki olaraq qeyri-mümkündür, çünki hətta yüksək iqtisadi artım illərində belə bu tempdə azalma qeydə alınmayıb. Məsələn, 2022-2023-cü illər dövründə yüksək iqtisadi artım şəraitində işsizlik səviyyəsində ən böyük azalma 3,1 faiz bəndi olub.
Yoxsulluqla bağlı mənzərə də az problemli deyil. Hesabatın 63-cü səhifəsində aşağıdakı qeyd yer alıb: “Yoxsulluq səviyyəsi azalmaqda davam edib, 2017-ci ildəki 25,7%-dən 2024-cü ildə 21,7%-ə enib, ifrat yoxsulluq isə 1,4%-dən 0,6%-ə düşüb”. Lakin burada ən vacib məqam. hökumətin 2021-2026-cı illər üzrə proqram hədəfləri ilə müqayisə kənarda saxlanılıb. Halbuki həmin proqramda 2026-cı ilə qədər yoxsulluq səviyyəsinin iki dəfə azaldılması, səhifə 21-də qeyd olunduğu kimi, ifrat yoxsulluğun isə tamamilə aradan qaldırılması, səhifə 67-də göstərildiyi kimi, nəzərdə tutulurdu”, - deyə müəllif bildirib.
Nəşr vurğulayıb ki, rəqəmsal göstəriciləri yanaşı qoyduqda mənzərə daha da aydın görünür.
“Yoxsulluq səviyyəsinin iki dəfə azaldılması o deməkdir ki, bu göstərici 2020-ci ildəki 27%-dən 13,5%-ə enməlidir. Lakin 2024-cü ildə qeydə alınmış 21,7%-lik yoxsulluq səviyyəsini və ümumilikdə son dörd ilin dinamikasını nəzərə alsaq, hətta son dərəcə nikbin qiymətləndirmələr fonunda belə kəskin dönüş gözləmək ciddi görünmür.
İfrat yoxsulluqla bağlı vəziyyət isə daha çox narahatlıq doğurur. Son dörd il ərzində bu göstərici cəmi 0,1 faiz bəndi azalıb, 2020-ci ildəki 0,7%-dən 2024-cü ildə 0,6%-ə enib. Halbuki hökumət öz proqramında vəd etmişdi ki, 2026-cı ildə ifrat yoxsulluq tamamilə aradan qalxacaq”, - deyə nəşr yazıb.
Müəllifin sözlərinə görə, bu halda hökumət hesabatında yer alan ifadəni öz statistikasını görməzdən gəlmək cəhdi kimi qiymətləndirmək olar.
“Yekun olaraq bir daha vurğulayaq ki, işsizlik səviyyəsini hökumətin elan etdiyi hədəfə çatdırmaq mümkün olmayıb, yoxsulluq iki dəfə azalmayıb, ifrat yoxsulluq aradan qalxmayıb. Hesabat nə qədər müsbət məqamları önə çıxarmağa çalışsa da, ümumi mənzərə dəyişmir: kağız üzərində qalan vədlər var və rəsmi hesabatlara inadla “tabe olmayan” bir reallıq var. Mövcud hakimiyyət dövründə bu artıq çoxdan tanış ssenariyə çevrilib. Eyni mənzərəni digər sahələrdə də görürük, yüksək iqtisadi artım faizləri ümumi rifahın sübutu kimi təqdim olunurdu, halbuki adi vətəndaş öz həyatında həmin “artımı” hiss etmirdi. Yaxud sosial proqramların genişləndirilməsi yoxsulluğun aradan qaldırılması kimi təqdim edilirdi, amma əslində onlar çox vaxt səbəbləri aradan qaldırmadan sadəcə nəticələri yumşaldırdı”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az