Paşinyanın komanda yoldaşı: “Rusiya ilə münasibətlərin gərginləşməsinin səbəbi həmişə Ermənistanın suverenliyidir”

2026/04/1776318368.jpg
Oxunub: 445     09:46     16 Aprel 2026    
“Rusiya ilə münasibətlərin gərginləşməsinin səbəbi həmişə Ermənistanın suverenliyi olur. Ermənistan daha çox suverenlik və müstəqil qərarlar qəbul etmək istədikdə, bu cəhdlər təzyiqlə qarşılaşır, çünki bir çox ölkələr Ermənistanın suveren olmasını istəmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni iş adamı Xaçatur Sukiasyan bildirib.

O, erməni iş adamlarının son vaxtlar Rusiyada problemlərlə üzləşməsi ilə bağlı suala cavab olaraq əvvəlcə belə problemlərin olmadığını deyib, sonra isə qeyd edib ki, bu kimi hallar son 30 il ərzində həmişə olub və “bunlar müxtəlif ölkələr, xüsusilə də böyük dövlətlər tərəfindən istifadə olunan siyasi alətlərdir”.

Daha sonra Sukiasyan bildirib ki, dünyada mövcud vəziyyət qərarları diktə edir və bu vəziyyəti nəzərə alaraq daha düzgün qərarlar qəbul olunacaq.

Rusiya ilə Ermənistanın iqtisadi bağlılığından danışan Sukiasyan qeyd edib ki, Ermənistan Rusiyadan qazı Avropa ölkələrindən daha ucuz qiymətə almır. Onun sözlərinə görə, bunu son 20 il üzrə orta qiymətlər də təsdiqləyir. “Məsələn, Almaniya 2021-2022-ci illərə qədər Rusiya qazını 150-220 dollar və ya avro civarında alıb, daha sonra isə 300 səviyyəsinə yüksəlib. Təbii ki, gərginlik dövründə qiymətlər artır, lakin orta qiymət mövcuddur”, - deyə o bildirib. Ermənistan üçün isə, onun sözlərinə görə, “Qazprom Ermənistan” şirkətinin də Rusiyaya məxsus olması nəzərə alınaraq qazın qiyməti 380-400 dollar civarına çatır.

Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim məsələsinə toxunan erməni deputat Rusiya prezidenti Vladimir Putinin Avropa strukturları ilə uzun müddət danışıqlar aparılması, lakin razılıq əldə olunmaması ilə bağlı fikirlərini xatırladıb.

“Bu o deməkdir ki, həmin təcrübə gələcəkdə müəyyən qaydalar çərçivəsində qlobal platformalarda bərpa oluna bilər və mən bunu arzulayıram. Bundan sonra həmin proses yenidən başlaya bilər, çünki bu, bir vaxtlar başlanmış, daha sonra gərginlik səbəbilə dayandırılmış prosesdir”, - deyə o bildirib.

Sukiasyanın fikrincə, mövcud enerji böhranı Rusiya üçün yeni imkanlar yaradır. Ermənistan üçün isə, onun sözlərinə görə, hər hansı seçim yoxdur və bu kimi məsələlər, o cümlədən qaz qiymətləri sadəcə alət rolunu oynayır.

O əlavə edib ki, Avrasiya İqtisadi Birliyi yaxşı platformadır, lakin Ermənistan iqtisadiyyatının modernləşdirilməsi və müasir texnologiyaların tətbiqi nəticəsində ölkə məhsullarının böyük hissəsi Avropanın müxtəlif bazarlarında da satıla bilər.

Rusiyada bəzi erməni iş adamlarının məhsullarını sata bilməməsi ilə bağlı məsələyə qayıdan Sukiasyan bildirib: “Əgər hansısa iş adamı Ermənistandan uyğun olmayan məhsul ixrac edibsə, bu, həm ölkənin imici, həm də həmin şirkət üçün böyük zərərdir. Bu qərar, əlbəttə ki, Rusiya Federasiyasında siyasi xarakter daşıyır, lakin nəticə etibarilə bizimkilər də məhsulları laboratoriyada yoxlatdıra bilər ki, uyğunluq olub-olmadığı müəyyən edilsin”

Sukiasyan Avropa bazarının Ermənistan məhsullarına ehtiyacının olmadığı fikri ilə razılaşmayıb. “Siz bilmirsiniz ki, hətta Ermənistan gülləri Nyu-Yorka qədər göndərilir”, - deyə o bildirib.

Erməni deputat əlavə edib: “Başlamalı olan proses odur ki, daha sərt tələblərin olduğu bazarlara daxil olaq. Orada münasibətlər şəxsi razılaşmalarla deyil, yalnız institusional keyfiyyət və müvafiq sertifikatlar və lisenziyalar əsasında qurulur. Hətta itkilər hesabına, gəlirlər bir qədər az olsa belə, biz dövlət olaraq mütləq bu sahəyə daxil olmalıyıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sukiasyan   Ermənistan  


Bizi "telegram"da izləyin