Erməni partiya sədri: “AİB-dən çıxmaqdan danışırlar, bunun nə demək olduğunu heç təsəvvür edirlərmi?”

2026/04/1775715543.jpg
Oxunub: 340     12:11     16 Aprel 2026    
“Bir daha prinsipial yanaşmamızı vurğulamaq istəyirəm: Ermənistana uzunmüddətli sülh lazımdır ki, bu da boş sözlərdən və ya qarşı tərəfin iradəsindən asılı deyil”.

Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan deyib.

“Biz müharibə qapısını birdəfəlik bağlamalıyıq. Ermənistana dövlətin gücünə, mövcud təhlükəsizlik sisteminə və aydın qarşılıqlı öhdəliklərə əsaslanan təmin olunmuş sülh lazımdır. Elə bir sülh ki, Ermənistan zəif deyil, sərhədlərimiz qorunur və insanlar gələcəyə inamla baxır.

Zəiflik sülh gətirmir, əksinə yeni təhlükələr yaradır. Yalnız həmrəy, güclü dövlət uzunmüddətli sülhü təmin edə bilər. Məhz belə sülhü biz beynəlxalq real təminatlar əsasında quracağıq”, - deyə o qeyd edib.

O, “Həmçinin deyilir ki, bu seçkilərlə Ermənistanın xarici vektoru müəyyən olunacaq. Siz bununla razısınızmı?” sualına belə cavab verib:

“Bu seçkilər daxili Ermənistan seçkiləridir, onlar ilk növbədə Ermənistanın daxili həyatını müəyyən edəcək. Bununla yanaşı, fürsətdən istifadə edərək beynəlxalq tərəfdaşlarımıza müraciət edirəm. Mənim rəhbərlik etdiyim qüvvənin uğuru halında Ermənistan əməkdaşlığa açıq olacaq.

Biz dialoqa hazırıq. Biz səmimi tərəfdaşlığa hazırıq. Region baxımından biz qonşularla dialoqun davam etdirilməsi və bütün çətin məsələlərin sülh yolu ilə həll olunması mövqeyindən çıxış edirik. Lakin bir prinsip var ki, müzakirə mövzusu deyil: Ermənistanın taleyini Ermənistan xalqı müəyyən edir. Seçkilər geosiyasətin aləti deyil. Bizə cəmiyyətimizin daxilində kənardan vasitəçilər lazım deyil.

Biz erməni cəmiyyətini düşərgələrə bölən təhlükəli siyasəti rədd edirik. Rusiyameyllilər, qərbyönümlülər, bu cür bölgülər yalnız cəmiyyətimizin onurğa sütununu sındırır. Bizə vahid, güclü onurğa lazımdır, xüsusilə indi. Biz cəmiyyət daxilində bütün bölünmüş, parçalanmış qrupları birləşdirməli, insanlar arasında körpülər qurmalıyıq. Komandamızın əsas vəzifələrindən biri də məhz bu olacaq”.

O, Ermənistanın Rusiya ilə münasibətlərinə ayrıca toxunub.

“Biz çətin mərhələdən keçmişik və müvafiq nəticələr çıxarmışıq. Ermənistana Rusiya ilə güclü, səmimi və effektiv strateji münasibətlər lazımdır. Biz ittifaqımızı yenidən quracağıq, bu ittifaq real öhdəlikləri və qarşılıqlı məsuliyyəti ehtiva edəcək. Biz elə bir təhlükəsizlik sistemi quracağıq ki, Ermənistan zəif halqa deyil, dəyərli və zəruri tərəfdaş olsun. Bu həm Ermənistanın, həm də Rusiyanın maraqlarına uyğundur.

İndi Avrasiya İqtisadi Birliyinin tərkibindən çıxmaqdan danışırlar. Anlamaq istəyirəm, bunun nə demək olduğunu heç təsəvvür edirlərmi? Sadə insanlar bunu anlayır və çox narahatdırlar. İnsanlar 90-cı illərin əvvəllərini hələ unutmayıblar, o zaman iqtisadiyyat çökmüşdü və biz hər şeyi sıfırdan qurmağa başlamışdıq.

İnsanlar illərlə çalışıblar, biznes qurublar, nəhayət gəlir əldə etməyə başlayıblar, indi isə bütün bunlar sadəcə yox ola bilər. Məhsullarımızın böyük hissəsi Avrasiya İqtisadi İttifaqı bazarına ixrac olunur. Oradan çıxanda bəs harada satacaqlar, hara ixrac edəcəklər? Axı bu, sadəcə gözəl sözlər deməklə olmur. Avropa İttifaqı bizim yaxşı tərəfdaşımızdır və daha da yaxşı olacaq, lakin bizi üzvlüyə nə dəvət ediblər, nə də gözləyirlər. Bu, oyun deyil ki, xalqımızın rifahını, ölkəmizin gələcəyini risk altına atırlar”, - deyə Tsarukyan bildirib.

O, “Daxili həyat barədə danışdınız. Bu nə deməkdir, dəyişiklikləri necə təsəvvür edirsiniz? Bu, indiki daxili siyasətdən nə ilə fərqlənir?” sualına cavab verərək deyib:

“Əsas fərq məqsədlərdədir. Bu gün ölkəmizdə, cəmiyyətimizdə baş verənlərə baxanda belə təəssürat yaranır ki, sanki xüsusi olaraq insanlar bir-birinə düşmən olsun, qapalı, düşmən qruplara bölünsün, bir-birinə nifrət etsinlər. Halbuki biz hamımız müxtəlif məsələlərdə fərqli fikirlərə, fərqli yanaşmalara malik ola bilərik. Bu çox yaxşıdır, çünki məhz bu fikirləri bölüşməli, bir-birimizi dinləməliyik ki, düzgün yolu seçək.

Fərqli düşünən düşmən deyil. Amma onu düşmənə çevirirlər. Bizim məqsədimiz məhz bunu dəyişmək olmalıdır. Atmosferi dəyişməliyik ki, insanlar bir-birinə kömək etməyə çalışsın, bir-birinin qayğısına qalsın, ölkəmizin çətinliklərini birlikdə aşsın, ölkəmiz daxilən güclü olsun”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tsarukyan   Ermənistan  


Bizi "telegram"da izləyin