Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim David Hayrapetyan sosoal şəbəkə hesabında yazıb.
“Diqqətlə baxanda görürük ki, 2020-ci ildən sonra Ermənistanın dövlət borcunun artımı əsasən xarici yox, daxili borc hesabına baş verib. Yəni “kənar” (kollektiv Qərb, Rusiya, Çin və başqaları) bizə borc pul verməyi dayandırmışdı.
Əgər 2020-2025 dövrünə baxsaq, dövlət borcu dollarla təxminən 8.0 milyarddan 14.5 milyard dollara qədər artıb, yəni təxminən 6.6 milyard dollar artım olub. Bu artımın təxminən 5.6 milyard dolları daxili borcun, cəmi təxminən 1.0 milyard dolları isə xarici borcun payına düşüb. Yəni artımın əsas yükü daxildən götürülmüş borcun hesabına olub”, - deyə o qeyd edib.
Hayrapetyanın sözlərinə görə, daha da diqqət çəkən odur ki, eyni mənzərəni dramla baxanda daha aydın görmək olur.
“2020-2025-ci illərdə ümumi dövlət borcu təxminən 1.38 trilyon dram artıb, amma bu müddətdə daxili borc təxminən 1.86 trilyon dram artıb, halbuki xarici borc hətta təxminən 483 milyard dram azalıb. Yəni dövlət borcunun xalis artımı faktiki olaraq daxili borc hesabına formalaşıb (hesablamalar Ermənistan Maliyyə Nazirliyinin rəsmi məlumatları əsasında aparılıb).
Bəs dövlət borcunun demək olar ki, iki dəfə artmasına səbəb olan bu qədər böyük vəsait ölkə daxilində haradan gəlib? Adi vətəndaş belə sual verə bilər. Bəli, növbəti vacib sual da budur: bu borcu dövlətə kim verib? Burada da mənzərə kifayət qədər aydındır”, - deyə erməni ictmai xadim vurğulayıb.
O qeyd edib ki, 2020-ci ilin sonundan 2025-ci ilin sonuna qədər dövlət istiqrazlarına bankların yatırımları təxminən 738 milyard dram, qeyri-bank investorların yatırımları isə təxminən 606 milyard dram artıb.
“Yəni dövlət getdikcə daha çox məhz daxili maliyyə sistemi hesabına maliyyələşdirilib (hesablamalar Mərkəzi Bankın “Investments in government bonds by residency” rəsmi məlumatları əsasında aparılıb).
Qeyri-bank investorlar arasında xüsusilə mühüm rol pensiya fondlarına məxsusdur. Mərkəzi Bankın 2024-cü il maliyyə sabitliyi hesabatına görə, ilin sonunda pensiya fondlarının xalis aktivlərinin 39.5%-i Ermənistanın dövlət istiqrazlarında yerləşdirilib.
Əslində, daxili dövlət borcunun artımının arxasında ilk növbədə banklar, qeyri-bank sektorunda isə əhəmiyyətli dərəcədə vətəndaşların yığım pensiya vəsaitləri dayanır. Qısa desək, son illərdə Ermənistan dövlət borcunu əsasən daxildən borc almaqla artırıb. Bu “daxil” isə ilk növbədə bank sistemi, daha sonra isə pensiya fondlarıdır.
Necə ki, yaxın vaxtlarda məmurlardan biri demişdi, öz xalqından götürülən borc borc sayılmır (yəni bunu qaytarmaya da bilərlər). Bu yanaşma həm də nağdsız ödənişlər haqqında qanuna və onun təşviqinə yeni baxış formalaşdırmağa imkan verir. Belə ki, vətəndaşlardan yığılan komissiyalar hesabına banklara böyük gəlir təmin olunub və həmin vəsaitlər də sonradan dövlətə yönəldilib”, - deyə Hayrapetyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az