Erməni siyasi xadim: “Putin və Paşinyan məsuliyyəti qarşılıqlı şəkildə bir-birinin üzərinə atdılar”

2026/04/1775553719.jpg
Oxunub: 443     17:50     16 Aprel 2026    
“Nikol Paşinyan və Vladimir Putinin aprelin 1-də Kremldə keçirilən görüşü daha çox Paşinyan üçün seçkiqabağı əhəmiyyət daşıyan vacib görüş idi”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan ötən həftə Moskvada keçirilən Putin-Paşinyan danışıqlarının məzmunu və ictimai təsiri barədə danışarkən deyib.

Putin və Paşinyanın açıq çıxışı zamanı Qarabağ məsələsinin gündəmə gətirilməsinə gəlincə, erməni siyasi xadim bunu belə izah edir ki, Kreml üçün Rusiyanın Ermənistanda “Qarabağ”ı (ləğv edilmiş qondarma qurum-red.) məhv edən əsas böyük güc” kimi qəbul olunması heç də arzuolunan deyil.

“Məhz buna görə də Putin və Paşinyan “Qarabağın məhv edilməsi” (qondarma qurumun ləğv edilməsi-red.) ilə bağlı məsuliyyəti qarşılıqlı şəkildə bir-birinin üzərinə atdılar”, - deyə o qeyd edib.

Melikyan diqqəti Putinin və Paşinyanın görüşünün açıq hissəsinin, eləcə də qapalı qapılar arxasında daha səmimi keçən müzakirələrin Ermənistan cəmiyyətinə necə təsir göstərdiyinə və Rusiyanın ekspert dairələrində hansı şərhlərə səbəb olduğuna yönəldib.

“Düşünürəm ki, ümumilikdə Rusiya cəmiyyəti üçün, Rusiyadakı erməni diasporu istisna olmaqla, bu görüş ciddi əhəmiyyət kəsb etməyib. Bu, daha çox Ermənistan daxilində maraq doğuran bir görüş idi və təsiri də ondan ibarət oldu ki, Ermənistanda rusiyameylli qüvvələr ruhlandı, Paşinyanı dəstəkləyən qüvvələr də ruhlandı. Bu baxımdan, sanki hər kəs Moskvadan və Putinin dili ilə eşitmək istədiyini aldı. Biz əvvəlki hadisələrin kontekstini də nəzərə almalıyıq. 2020-ci ildən etibarən Rusiyanın Ermənistandakı nüfuzu ciddi şəkildə azalıb və adi vətəndaş səviyyəsində Rusiyaya münasibət kifayət qədər mənfi çalar alıb. Bu isə Moskvada məlum olmaya bilməz”, - deyə Melikyan bildirib.

Onun sözlərinə görə, digər tərəfdən Rusiya hakimiyyəti istər müsbət, istər mənfi olsun, özünə qarşı münasibəti öz maraqları çərçivəsində istifadə etməyə alışıb.

“Bu baxımdan Paşinyanın hakimiyyəti heç vaxt, nə ikitərəfli münasibətlərdə, nə də beynəlxalq platformalarda Rusiya üçün real problem yaratmayıb.

İstifadə olunan ritorika, bəzən ittihamlar, bəzən narazılıqlar heç bir halda münasibətlərin praktiki tərəfinə təsir göstərməyib. Əgər Rusiya bilir ki, son 5-6 ildə Ermənistanda ona münasibət pisləşib, bu o deməkdir ki, Rusiya tərəfindən dəstəklənən şəxslərə münasibət də pisləşəcək. Əksinə, Rusiyanın Paşinyana qarşı narazı olduğu və onu hamının gözü qarşısında aşağıladığı görüntüsü Paşinyanın Ermənistandakı tərəfdarlarının, ən azı praktiki dəstəkçilərinin sayını artıra bilər, sadəcə ona görə ki, onu Putin aşağılayır”, - deyə Melikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Melikyan   Ermənistan  


Bizi "telegram"da izləyin