Ordu.az xəbər verir ki, bunu Rusiyanın “Rg.ru” nəşri “Başıma and olsun: Ermənistanın Baş naziri siyasi rəqiblərini necə aradan qaldırmağa çalışır?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası bir sıra nüfuzlu siyasi qüvvələrin müqaviməti ilə üzləşəcək. İlk növbədə iş adamı Samvel Karapetyanın partiyası ilə. Mövcud hakimiyyət onun biznesinin böyük hissəsini əlindən alıb və onu həbs edib.
“Karapetyanın yanında erməni ruhani dairələri dayanır, Paşinyanın yanında isə Avropa İttifaqı var. Bu qurumun institutları, yumşaq desək, xristian kilsələrini sevmir və burada eynicinsli nikahlar yeni “dinə” çevrilib.
Keçmişdə siyasi baxışlarına görə həbs olunmuş Paşinyan yaxşı anlayır ki, əgər müxalifət hakimiyyətə gəlsə, onun kilsəyə qarşı təzyiqlərinə və Azərbaycana ərazi güzəştlərinə görə onunla nə edəcək. Hakim rejimin sərtliyi, hər bir siyasi qüvvəyə qarşı şübhə ilə yanaşması və rəqiblərinə mümkün dəstəyə həssaslığı da bununla izah olunur.
Çünki Baş nazirin siyasətini dəstəkləyənlər üçün ən yüngül cəza belə gələcəkdə ölkədən çıxarılmaq ola bilər.
İctimai rəy sorğuları seçicilər arasında laqeydliyin artdığını və onların artıq gözəl vədlərə inanmadığını göstərsə də, bu, vəziyyətin iyuna qədər dəyişməyəcəyinə zəmanət vermir”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, Ermənistanın Baş naziri qondarma “soyqırımı muzey-institutu”nun direktoru Edita Qzoyanı ABŞ-nin vitse-prezidenti Cey Di Vensə Qarabağla bağlı kitab hədiyyə etdiyinə görə işdən azad edib. İddia olunub ki, bu, hökumətin xarici siyasətinə ziddir.
“Bu kimi addımlar Azərbaycanla münaqişənin səbəblərini və onun İrəvan üçün uğursuz nəticəsini xatırladır. Xatırladaq ki, 2023-cü ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin ərazi bütövlüyünü bərpa etdiyini bəyan etmişdi.
Bu ilin mart ayında Rusiya Qarabağdan (könüllü-red.) köç etmiş şəxslər üçün Ermənistana humanitar yardım göndərməyi planlaşdırsa da, Ermənistan hökuməti bunu seçki dövründə xeyriyyə yardımlarını məhdudlaşdıran qanunvericiliyə istinad edərək qəbul etməyib.
“İrəvanın siyasi məzmun daşımayan humanitar yardımdan imtinası hakimiyyətin seçkiqabağı Rusiyanı tamamilə unutdurmaq istəyindən irəli gəlir. Bununla kimə zərər vururlar? Öz vətəndaşlarına”, - deyə Mariya Zaxarova bildirib.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan isə daha sərt mövqe nümayiş etdirib: “Onlar bizi inandırmağa çalışırlar ki, zəngin tariximiz yükdür, irəli getmək üçün dayaq deyil, vətənpərvərlik isə ermənilərin rifahına zərərlidir. Biz bu təhlükəli illüziyalara “yox” deyirik”.
Onun sözlərinə görə, Azərbaycanla sülh “başıma and olsun” modeli üzərində deyil, real təhlükəsizlik təminatları üzərində qurulmalıdır”, - deyə müəllif yazıb.
KİV qeyd edib ki, Paşinyanın seçkilər ərəfəsində artan tənqidlərə reaksiyası ənənəvidir, o, Rusiyadan gələn guya təhlükəni əsas gətirərək Avropa İttifaqından kömək istəyir.
“Brüssel isə buna dərhal reaksiya verib: Ermənistana parlament seçkilərində “hibrid müdaxilənin” qarşısını almaq üçün sürətli reaksiya qrupu göndəriləcək. Bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
“Çətin vəziyyətdə olan demokratiyalar Avropaya güvənə bilər”, - deyə Kallas bildirib.
Avropa bürokratiyası Paşinyanı anti-Rusiya siyasətinə bağlayaraq Moldovada olduğu kimi Ermənistanda da oxşar ssenarini həyata keçirməyə çalışa bilər.
Paşinyan ümid edir ki, Avropa İttifaqı onun partiyasının seçkilərdə uduzmasına imkan verməyəcək. Mənfi nəticə olacağı halda isə Brüssel seçkiləri tanımamaq üçün bəhanə tapa bilər.
Gələcəkdə Ermənistana tez-tez səfər edən avropalı və amerikalı rəsmilərin davranışları ilə bağlı da müxtəlif məlumatlar ortaya çıxa bilər və erməni konyakının dadılması ölkənin qonaqpərvərlik ənənəsinin ayrılmaz hissəsi olaraq qalır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az