Erməni siyasi texnoloq: “Azərbaycan və Türkiyə Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu dəhlizi asanlıqla əldə edə bilərlər”

2026/03/1774685985.jpg
Oxunub: 672     20:18     16 Aprel 2026    
Parlament tribunasından, dəhlizlərdən və mümkün bütün platformalardan Nikol Paşinyan və komandası bəyan edirlər ki, “əgər 7 iyun parlament seçkilərində “Vətəndaş Müqaviləsi” hakimiyyətə gəlməsə, müharibə olacaq”. Paşinyan hətta bu müharibənin nə vaxt başlaya biləcəyini də qeyd edib: “Seçkilərdən sonra, sentyabrda”.

Ordu.az xəbər verir ki, erməni siyasi texnoloq Armen Badalyan Paşinyanın açıqlamalarını şərh edib.

Onun sözlərinə görə, Paşinyan bu bəyanatları PR kampaniyası kimi təqdim edir, çünki “Vətəndaş Müqaviləsi”nin seçki strategiyasının əsas xətti “sülh”dür və təbii ki, bu mövzunu məhz Paşinyan və komandası gündəmə gətirir.

“Paşinyan deyir ki, sülh gətirib. Buna görə də indi çıxıb deyə bilməz ki, kimə istəyirsiniz səs verin, ölkədə hər halda sülh olacaq. Seçkilər ərəfəsində o, “qara” ilə “ağ” xəttini irəli sürməlidir, amma artıq “keçmişlər” kontekstində yox, sülh və müharibə kontekstində. O, özünü sülhlə, digərlərini isə müharibə ilə eyniləşdirir, bu onun strategiyasıdır”, - deyə Badalyan bildirib.

Onun fikrincə, bu tezis tərəddüd edən seçicilərin bir hissəsinə, yəni hələ kimə səs verəcəyinə qərar verməmiş seçicilərə təsir göstərə bilər.

“Paşinyan qəsdən müharibənin sentyabrda başlaya biləcəyini deyir. Unutmayaq ki, 2020-ci ilin 44 günlük müharibəsi də məhz sentyabrda başlamışdı. Bu amil müəyyən təsir göstərə bilər”, - deyə Badalyan qeyd edib.

Badalyanın sözlərinə görə, Paşinyanın qeyd etdiyi müharibənin baş verməməsinin səbəbi nə Vaşinqtonda imzalanmış sülh sazişi, nə də sərhəddə yerləşdirilmiş Aİ müşahidəçiləridir. Əsas səbəb odur ki, hazırda Ermənistanın qonşusu olan İran üçün Ermənistan əleyhinə müharibə sərfəli deyil.

“İran İslam İnqilabı Keşikçiləri Korpusu Ermənistanın cənubunda, İran ərazisində yerləşir və onlar üçün “Azərbaycanın Ermənistana hücum etməsi” qəbuledilməzdir. 2020-ci ildən sonra İran buna daha da əmin olub və bölgədə sülhün qorunması üçün əlindən gələni edir.

İranda sıravi səfirdən tutmuş ən yüksək vəzifəli şəxslərə qədər dəfələrlə bildirilib ki, Ermənistanın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir. Paşinyanın hakimiyyətdə qalmasından asılı olmayaraq, İran İsrail-ABŞ tandeminə müqavimət göstərdiyi müddətdə Ermənistanda sülh olacaq. Əgər İranın müqaviməti qırılsa, o zaman bizim üçün də ciddi suallar yaranacaq”, - deyə Badalyan vurğulayıb.

Erməni siyasi texnoloq qeyd edib ki, hazırda Rusiya üçün də Zəngəzur dəhlizinin Türk dünyasının nəzarətinə keçməsi sərfəli deyil.

“Əgər İran zəifləsə və Rusiya Ukrayna ilə məşğul olsa, Azərbaycan və Türkiyə Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu dəhlizi asanlıqla əldə edə bilərlər.

Sülh kağız üzərində olmur, kağız zəmanəti ilə təmin edilmir, güc və ordu ilə təmin olunur. Buna görə də müharibə təhlükəsi reallıqla bağlı deyil, yalnız qarşıdan gələn seçkilərlə əlaqəlidir”, - deyə Badalyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Ermənistan  


Bizi "telegram"da izləyin