Vətən sevgisi ilə yoğrulan ömürlər – Milli Qəhrəmanlar salnaməsi

2026/05/66666-1778057067.jpg
Oxunub: 422     12:21     16 May 2026    
Torpağı - Vətəni sevmək, ona sahib çıxmaq insanın ən yüksək keyfiyyətlərindən biridir. Vətənpərvərlik doğma yurduna, torpağına sevgi, sədaqət, azadlıq və müstəqillik uğrunda canından keçməyi özünə şərəf saymaqdır. Hər bir övlad üçün Vətən onun ulu babalarının torpağı, əcdadının cəsarəti və gələcək nəsillərin etibar edəcəyi dəyərli bir mirasdır.

Azərbaycanın hərb tarixi Vətənin qəhrəman oğullarının imzası ilə yazılıb. Bu imza onların igidliyini, mərdliyini, qətiyyətini və şücaətini göstərən bir qəhrəmanlıq simvoludur. Vətəni sevən, onu qoruyan, hər zaman Vətən yolunda ölümün gözünə dik baxan oğullar xalqımızın azadlıq uğrunda apardığı mübarizədə həmişə ön sıralarda olublar. Vətən, torpaq uğrunda daim mübarizə aparan şücaətli oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Firudin İsa oğlu Şamoyevdir.

Firudin Şamoyev 1962-ci il fevralın 7-də Qazax rayonunda anadan olub. Orta məktəbi elə həmin rayonda bitirib. O, gənc yaşlarında Vətənə bağlı yüksək keyfiyyətlərə malik vətəndaş kimi yetişir. 1981-1983-cü illərdə müddətli həqiqi hərbi xidmətini şərəflə başa vurduqdan sonra doğma Vətənə - Qazax rayonuna qayıdır. Orada Təmir Tikinti İdarəsində çilingər peşəsində çalışır.

1991-ci ildə Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə xalqımızın istiqlal arzularını daha da alovlandırdı. Vətənimizin igid, vətənpərvər oğulları torpaqlarımızın müdafiəsi uğrunda könüllü olaraq cəbhəyə yollandılar. Bu çağırışa Firudin Şamoyev də səs verdi, könüllülərdən ibarət dəstəyə yazıldı və hərbi xidmətə başladı. O, "N" hərbi hissəsində minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunur və düşmənin qarşısını almaq üçün döyüşlərə qatılır. Firudin Şamoyev həm komandir, həm də cəsarətli döyüşçü kimi yoldaşlarının dərin hörmətini qazanır.

Firudin 1991-1992-ci illərdə Qazax rayonunun müdafiəsində qəhrəman döyüşçü kimi özünü göstərə bildi. Qazax rayonunun bir sıra kəndlərinin qorunmasında və azad edilməsində şücaətlə döyüşdü. O, Bağanis-Ayrım, Məzəm və Quşçu-Ayrım kəndləri ətrafında gedən döyüşlərdə düşmənin atəş nöqtələrinin məhv edilməsində xüsusi igidlik göstərdi. Vətən torpağını qorumaq üçün döyüş meydanında düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə, özünəməxsus rəşadət göstərdi. Onun iştirak etdiyi döyüşlər Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin ən çətin anlarında baş verdi.

Firudin Şamoyev 1992-ci ilin 13 aprelində Qazax rayonunun Quşçu-Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək Vətən yolunda şəhidlik zirvəsinə yüksəldi. O, bütün xalq üçün əbədi qəhrəmanlıq nümunəsi oldu. Vətənpərvər qəhrəmanın üç övladı Vətənə əmanət qalıb.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Firudin İsa oğlu Şamoyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bu ali ad onun Vətən qarşısındakı şücaətini, sədaqətini və cəsarətini rəsmi şəkildə tanıdıb. Cəsur döyüşçü Firudin Şamoyev Qazax rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Rayondakı 4 saylı orta məktəb onun adını daşıyır.

Azərbaycanın Milli Qəhrəmanı Firudin Şamoyev Vətəni uğrunda canını fəda edən əsl Vətən oğludur. Onun həyat yolu göstərir ki, vətənpərvərlik, Vətənə bağlılıq, onu sevmək sözdə deyil, göstərdiyi igidliklə sübut olunan ali bir dəyərdir. Firudin Şamoyevin qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Onun adı xalqımızın yaddaşında əbədi yaşayır və əziz xatirəsi həmişə yad edilir.

Şəhidlik... Bu söz yaddaşımızda adi bir ölüm kimi qalmayıb, həm ən uca məqam, həm də əbədiyyət, Vətənə sonsuz məhəbbət anlamını daşıyır. Şəhidlik zirvəsinə ucalanlar gözündə qorxu olmayan igidlərimizdir. Firudin Şamoyev də belələrindən idi...

Kifayət Əliyeva, "Azərbaycan Ordusu"

Şəhidlər xiyabanından keçir yolum - kədər, qürur, şərəf və ləyaqət hissi qəlbimə hakim kəsilir. Qarışıq hisslər içərisində addımlayıram. Nə qədər yarıda qalmış həyatlar, puç olmuş arzular, solmuş ömürlər, gəncliyin dadını bilməyən ürəklər yatır burada. Onları birləşdirən eyni, qisməti yaşadan Vətən sevgisi, torpaq həsrəti, azadlıq eşqidir. Əsrlərlə düşmən işğalına məruz qalan başıbəlalı yurdumuzun qoynunda minlərlə Vətən oğlu uyuyur. Torpaqlarımızın işğalı ilə barışmayan, Azərbaycanımızın bütövlüyü uğrunda canlarından keçən Vətən fədailərinin səssiz son mənzilləridir bura. Mənim qəhrəmanım da bu fədailər sırasındadır: Eldar Harun oğlu Məmmədov. Məzar daşında doğulduğu və şəhid olduğu tarixlər qeyd olunub - 1968-1993. 25 ilə sığan qəhrəmanlıq hekayəsi, dastanlara bərabər bir igid ömrü. Sizi 25 yaşında "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş, cəsur Azərbaycan oğullarından biri ilə tanış edəcəyəm.

Eldar Məmmədov 1968-ci il yanvarın 10-da Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə 189 saylı məktəbin 8-ci sinfini bitirdikdən sonra hərb sənətinə olan həvəsi onu C.Naxçıvanski adına hərbi məktəbə gətirir. Məktəbi bitirməklə kifayətlənməyən Eldar hərb elminin dərinliklərini öyrənmək üçün 1985-ci ildə Riqa şəhərində fəaliyyət göstərən Qırmızı bayraq ordenli Ali Hərbi-Siyasi Məktəbə daxil olur, 1989-cu ildə təhsilini burada başa vurur. Ali məktəbi bitirdikdən sonra SSRİ-nin Silahlı Qüvvələrində “leytenant” rütbəsində xidmətə başlayır. Vətənin dar günündə - erməni işğalçıları torpaqlarımıza hücum edəndə Eldar komandanlığa müraciət edib xidmətini Azərbaycanda davam etdirmək istədiyini bildirir. Müsbət cavab aldıqdan sonra Vətənə qayıdıb yeni yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Peşəkarlıq və bacarıq nümayiş etdirdiyinə görə ona “baş leytenant” rütbəsi verilir.

Düşmən öz fitnəkarlığından əl çəkmir, ölkəmizə ərazi iddialarını davam etdirir, neçə ailəni gözüyaşlı qoyur, neçə ocağı söndürür, neçə igidin canına qıyır, vəhşicəsinə qətliamlar törədirdi. Elin qeyrətli oğulları kimi, Eldar Məmmədov da düşmənlə mübarizəyə qatılır. 1993-cü ildən Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu tərkibində Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edir, qeyri-adi şücaətlər göstərir. Nifrətlə yanıb-tutuşan Eldar Mehmanə kəndinin müdafiəsi zamanı düşmən cəbhəsinə ağır zərbələr endirir. 1993-cü il fevralın 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsi zamanı mərdliklə vuruşan Eldar yoldaşları ilə birlikdə düşməni çox sayda itkilərə məruz qoyur. Bundan azğınlaşan erməni quldurları yüksəkliyi ələ keçirmək üçün dəfələrlə hücuma keçirlər. Yüksək döyüş bacarığı, səriştə nümayiş etdirən Eldar döyüş yoldaşları ilə hücumların qarşısını ala bilir. Ancaq çox keçmir ki, öz mənfur niyyətinə çatmaq üçün ermənilər qüvvə toplayıb yenidən hücuma başlayırlar. Bu döyüş ölüm-qalım savaşına dönür. Erməni quldurlarının əsas qüvvələrimizin arxasına keçməsinə imkan verməmək üçün istiqaməti üzərinə çəkən, bütün həmlələrə sinə gərən döyüşçülərimizin sıralarında şəhid olanlar və yaralananlar çox olur. Bu döyüşdə Eldar Məmmədov yaralansa da, son nəfəsinədək vuruşur. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir, lakin özü də bu döyüşdə qəhrəmancasına şəhid olur. Bu onun son döyüşü idi.

Eldar Harun oğlu Məmmədov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Eldar Məmmədovun şücaəti yüksək qiymətləndirilib, 11 dekabr 1994-cü il tarixli Fərmanla ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Adını əbədiləşdirmək üçün 1993-cü ildə Səbail rayonu 189-190 saylı orta məktəbə Eldar Məmmədovun adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 1995-ci il tarixli qərarına əsasən, "N" sərhəd zastavası Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun adını daşıyır.

Bu, Vətən eşqini qəlbində yaşadan, onun istisində qızınan bir igidin həyat hekayəsi idi. Yaşasaydı, əminəm ki, onun qəhrəmanlıq dastanı neçə şücaətlərlə bəzədilmiş olacaqdı. Bəlkə özü kimi neçə qəhrəman övlad yetişdirəcəkdi, neçə-neçə nailiyyətlərə imza atacaqdı.

İgid qardaşım, sizin haqqınızda hələ çox yazılacaq, çox danışılacaq. Bu Vətən, bu od-ocaq sizinlə fəxr edir, bu gününə, işıqlı sabahına, azadlığına, Vətənin bütövlüyünə görə sizə borcluyuq və ruhunuz qarşısında baş əyirik! Uğrunda canınızdan keçdiyiniz torpaqda rahat uyuyun - övladlarının həsrətini çəkən, yolunu gözləyən Qarabağımız artıq 5 ildən çoxdur ki, azaddır. Səmasında üçrəngli bayrağı dalğalanan igidlər diyarımız gələn qonaqlarından alnıaçıq, üzüağ gözaydınlığı qəbul edir artıq!

Sevinc Quliyeva, Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən   Ordu   Azərbaycan  


Bizi "telegram"da izləyin