Vətən Müharibəsi iştirakçısı: “İlk döyüş mövqeyim Horadiz kəndi yaxınlığındakı "Lələtəpə" istiqamətində olub”

2026/02/78787-1772044984.jpg
Oxunub: 412     12:42     16 May 2026    
Vətəni Vətən edən onun qəhrəman oğullarıdır. O oğullar ki, Vətənin ən ağır günündə sinələrini torpağa sipər edirlər. Vətən torpağı üçün həm Birinci, həm də İkinci Qarabağ müharibələrində xalqımızın mərd, igid oğulları Vətənə hər zaman sipər olublar. Onların qəhrəmanlıqları, şücaətləri düşmənə göz dağı olub. Düşmən nə qədər özünü güclü göstərməyə çalışsa da, Azərbaycan əsgərinin qarşısında aciz qalıb.

Müharibə, döyüş, o qanlı günlər artıq arxada qalıb. İşğal da arxada qalıb. Bizə o ağrılı-acılı anları, günləri, ayları, illəri, onillikləri arxada qoyduran məğrur döyüşçülərimiz olub. Onları tanıtmaq, göstərdikləri qəhrəmanlıqları yaşatmaq, gələcək nəsillərə ötürmək ən ümdə məsələlərdəndir. Müharibə bitib, haqq və ədalət bərpa olunub, ancaq müharibənin vurduğu maddi və mənəvi yaraların acısı hələ də qalır. Bu acılar, bu ağrılar asanlıqla aradan qalxmayacaq. Buna zaman lazımdır.

“N” hərbi hissəsində əsgər və zabitlərlə söhbətimizdə şəxsi heyətin döyüş hazırlığından danışıldı. Zabitlərin məqsədi və məramı tabeliklərində olan əsgərlərin döyüş vərdişlərini daha da təkmilləşdirməkdir. Onlar da taktiki, atəş, sıra və digər hazırlıqlara daha dərindən yiyələnməklə, hərbi sirlərə maraq göstərməklə döyüş təcrübələrini daha da artırmış olurlar. Həmsöhbət olduğum baş leytenant Baloğlan Səmirov gənc zabitlərdəndir. O, indiki Heydər Əliyev adına Hərbi İnstitutu "Artilleriya" ixtisası üzrə bitirib. Zabit kimi hərbi xidmətə artilleriya hərbi hissəsində başlayıb. Çox keçmədi ki, İkinci Qarabağ müharibəsi başladı. Bölmənin baş zabiti kimi ilk gündən döyüş bacarığı ilə özünü təsdiqlədi. Söhbət zamanı Baloğlan Səmirov dedi:

- Hərbi xidmətə başladığım hərbi hissə düşmənlə təmas xəttinə yaxın məsafədə yerləşirdi. Planlaşdırdığımız çıxış məntəqələri var idi. Biz ora tez-tez ərazi kəşfinə gedirdik. Cəbhə bölgəsində vəziyyətin günbəgün ağırlaşdığını görürdük. Torpaqlarımızın iyirmi faizi düşmən işğalı altında idi. İstəyirdim ki, torpaqlarımızı yağı tapdağından azad edək. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri vəziyyəti daha da gərginləşdirdi. Bundan sonra biz düşmən dərinliyində yerləşən mühüm hədəfləri müəyyən etdik. Həmin hədəflər bunlar idi: hərbi obyektlər, əsas və ehtiyat atəş mövqeləri, ön xəttə gedən avtomobil yolları, düşmənin əsgər və texnikalarının cəmləşdiyi məntəqələr, həmçinin komanda-müşahidə məntəqələrinin koordinatları. Bizə düşmənin bu mühüm hədəflərini sıradan çıxarmaq üçün bircə komanda kifayət idi. Çox keçmədi ki, 2020-ci ilin 27 sentyabrında arzuladığımız komandanı aldıq. İlk döyüş mövqeyim Horadiz kəndi yaxınlığındakı "Lələtəpə" istiqamətində olub. Əsgərlərlə birlikdə qarşımıza qoyulan döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirdik. Verilən hədəfləri dəqiq atəşlərlə məhv etdik. Düşmən çoxlu itki verdi. Onun döyüş qabiliyyəti xeyli aşağı düşdü və piyada bölmələrimizin irəliləməsi üçün əlverişli şərait yarandı. Beləliklə, atəş mövqelərimizi tez-tez azad edilmiş ərazilərə doğru irəli çəkdik.

Ucaboy, şux qamətli zabitin döyüş təəssüratlarını dinlədikcə xoş ovqata köklənirəm. Düşmən də döyüş zamanı bütün gücünü səfərbər etmişdi. Artilleriya bölmələri, bildiyimiz kimi, piyada bölmələrindən arxada döyüş aparsa da, düşmənə sarsıdıcı zərbələr endirməklə ümumi uğurun əldə olunmasında mühüm rol oynayır. Baloğlan Səmirovun komandiri olduğu top heyətləri qarşıya qoyulan döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib. Bunun başlıca səbəbi döyüş öncəsi heyətin və heyət üzvlərinin öz vəzifələrini mükəmməl bilməsi və dəqiq icra etməsi olub.

Baş leytenant Baloğlan Səmirov dedi ki, atəş mövqeyinə çıxanda və ona ilk "Atəş!" komandası verilənə qədər döyüşün başlanacağına inanmamışdı. Amma komandanı vaxt itirmədən yerinə yetirib. Arzusu və istəyi də bu olub ki, işğal altında olan bütün ərazilərimiz azad olunana qədər döyüş dayanmasın. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bütün qoşun növləri üzərlərinə düşən döyüş tapşırıqlarını yüksək əhvali-ruhiyyə ilə yerinə yetirirdilər. Çünki onlar neçə illər idi ki, Ali Baş Komandandan bu əmri gözləyirdilər. İşğal altında olan doğma şəhər və kəndlərə qayıtmaq istəyirdilər. 2020-ci ilin 27 sentyabrı doğma yerlərə qovuşmaq üçün bir fürsət idi.

Bu döyüşlərdə də iştirak edən baş leytenant Baloğlan Səmirovun komandiri olduğu bölmə düşmənə vurduğu sarsıdıcı zərbələrlə seçilirdi. Toplardan atılan hər mərmi məhv ediləcək hədəfə dəqiq köklənirdi. Bunun nəticəsində düşmən getdikcə zəifləyir, bölmələrimizin daha da irəliləməsi üçün mühüm şərait yaradılırdı. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azad edilməsində Baloğlanın rəhbərlik etdiyi top heyətləri xüsusilə fərqləniblər.

Baş leytenant Baloğlan Nəriman oğlu Səmirov döyüşlərdəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni və "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Sinəsində orden və medallar daşıyan gənc zabit tabeliyində olan şəxsi heyətin döyüş hazırlığını artırmaqda davam edir. O deyir ki, bu gün müharibə olmasa da, əsgərin vəzifəsi daim döyüşə hazır olmaqdır. Bu səbəbdən də üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək tabeliyində olan şəxsi heyətə artilleriyanın sirlərini aşılamaqda davam edir.

Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgər   Ordu   Vətən  


Bizi "telegram"da izləyin