Rusiya dövlət təbliğat orqanı bu siyasi ümumiləşməni Türkiyənin İstanbul şəhərində keçirilən Rusiya-Ukrayna nizamlanması üzrə danışıqlar fonunda edib. Mayın 15-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş baş tutmayıb. Ankarada səfərdə olan Vladimir Zelenski bəyan edib ki, Müdafiə naziri Umerovun rəhbərlik etdiyi nümayəndə heyətini yalnız və yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətə görə göndərib.
Rusiyanın nümayəndə heyətinin rəhbəri Medinski isə bildirib ki, 2022-ci ildə formalaşmış baza əsasında danışıqlara hazırdırlar. Amma aydındır ki, tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir və ev sahibi tərəf sadəcə “durumu xilas etməyə” çalışır. Türkiyə mediası xəbər verir ki, İstanbulun Dolmabaxça Prezident Sarayında ABŞ-Türkiyə-Ukrayna üçtərəfli görüşü keçirilib.
Danışıqlara Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan sədrlik edib. ABŞ-ni Dövlət katibi Marko Rubio, Ukraynanı isə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Müdafiə naziri Rustem Umerov və Xarici İşlər naziri Andrey Sıgiban təmsil edib. ABŞ nümayəndə heyətinə, həmçinin Ukrayna üzrə xüsusi nümayəndə Kelloq da daxil olub.
“Anadolu”ya məlumat verən Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə görə, günün ikinci yarısında Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli görüşü planlaşdırılıb və keçirilib. Yalnız həmin görüşdən sonra bəlli olacaqdı ki, Rusiya-Ukrayna danışıqları doğrudan da başlayır, yoxsa nümayəndə heyətləri Moskvaya və Kiyevə, ABŞ Dövlət katibi Rubio isə əliboş Vaşinqtona qayıdır?
Dolmabaxçada Türkiyənin xarici işlər nazirinin təşəbbüsü ilə keçirilən danışıqlar faktiki olaraq göstərir ki, ABŞ və Rusiya prezidentləri arasında heç bir prinsipial razılaşma, daha da önəmlisi – gizli anlaşma yoxdur. Vladimir Putin isə, əslində, Donald Trampın Yaxın Şərqə planlaşdırdığı “triumfunu” pozmuş oldu. Halbuki həmin “triumf” mayın 15-də Rusiya-Ukrayna müharibəsində 30 günlük atəşkəs elan edilməklə tam ola bilərdi və bu atəşkəsin zəmanətçiləri dörd prezident – Tramp, Putin, Zelenski və Ərdoğan olacaqdı.
Rusiya-Ukrayna müharibəsindən bir neçə ay əvvəl Vladimir Putin ABŞ və Avropanın aparıcı dövlətlərinə “Yalta-2” formatında görüş keçirməyi və Avropa təhlükəsizlik sisteminin yenidən qurulmasını təklif etmişdi. Putin bu məsələ gündəmə gələnə qədər müharibəni davam etdirəcək. Və bu baxımdan, “RIA-Novosti”nin müəllifi faktiki olaraq demək istəyir ki, İkinci Dünya Müharibəsi ya başa çatmayıb, ya da SSRİ-nin dağılması ilə yenidən başlayıb.
Buna uyğun olaraq, beynəlxalq münasibətləri tənzimləyən mexanizmlər – BMT Nizamnaməsi və çoxtərəfli müqavilələr – real rejimdə artıq işlək deyil. ABŞ prezidentinin mayın 8-ni faşizm üzərində qələbə günü kimi elan etməsi – ABŞ və onun Avropalı müttəfiqlərinin – kimin “dünyanın sahibi” olduğunu açıq şəkildə bəyan etməsidir. Əgər Vladimir Putin mayın 15-də İstanbula səfər etməyə və ABŞ prezidenti ilə birlikdə Ukrayna müharibəsinə son qoymağa razılıq versəydi, ola bilsin “texniki nailiyyət”lər əldə edərdi. Amma bu, nə Rusiyanın, nə də şəxsən Putinin qələbəsi olardı, bu, sadəcə qalib ABŞ-dən verilmiş “pay” olardı.
Əslində, mayın 15-i Donald Trampın geosiyasi məğlubiyyətidir. Və bu “hesabı kim bağlayacaq”? Kim belə nəhəng məsuliyyəti üzərinə götürəcək? Çünki əgər Vladimir Putinə qarşı “nəzarətsiz qüvvənin cilovlanması” həyata keçirilməzsə, Üçüncü Dünya Müharibəsi başlayacaqmı, ya yox – fərq etməz. Hər iki halda “yeni dünya nizamının qaydalarını” müəyyən edən tərəf məhz o olacaq – yəni Rusiya. Və Putinin “triumfu”nun bədəlini həm Çin, həm də Fars körfəzi ərəb monarxiyaları ödəyəcək. Bəs Vaşinqton bu diplomatik “sarsıdıcı sillədən” ayılacaqmı?
Asif Cəfərov
Ordu.az